Zorlanan aktrisalar

zorlanan-aktrisalar
Oxunma sayı: 10943

Sahilə İbrahimova

İnternetdə cinsi - ayrı-seçkiliyə, zorakılığa aid açar sözlər yazıb axtarış aparsaq,  qarşımıza çıxan məlumatlar ən çox ABŞ-la bağlı olacaq. Orada hər üç qadından biri başa çatmış, ya çatmamış cinsi hücuma məruz qalıb, işdə ayrıseçkiliklə üzləşib və s. Adətən, bu tip məlumatlar üçüncü növ ölkələrdə yaşayan insanların əlində təsəlli bayrağına çevrilir, adamlar, “baxın, görün bəyəndiyiniz Amerika nə gündədi” şəklində kinayəli fikirlər səsləndirir, sanki mənəvi və fiziki göstəricilərinə görə bu planetdə yaşamağa daha çox haqları olduqlarını vurğulamağa çalışırlar. 

Məsələ isə bir az başqa cürdür. Amerika və Avropanın inkişaf etmiş ölkələri çoxdan mentalitet dustaqlığından qurtulub, utanc və qorxuya qalib gələrək ayıblarını ört-basdır etməkdənsə, onları aşkarlayıb mübarizə aparmaq yolunu seçiblər. İnternetdəki statiskanın çoxluğu bundandır. Amerika saysız-hesabsız sosial institutlarıyla dayanmadan cəmiyyətini sorğulayır, dəyərlərini şübhə altına alır, yenilərini, daha yaxşılarını yaratmaq uğrunda çalışır. Amerika dəyər yaradan, ixrac edən ölkədir. Başqa dövlət və regionlara bəzən uğursuz siyasi müdaxiləsi reputasiyasına zərər vursa da, dünya xəritəsində məhz ABŞ-ın təsiri və müdaxiləsi ilə inkişaf edən ölkələrin sayı az deyil. Bu mövzuda ayrıca yazmaq fikrindəyəm, indi isə Amerikanın cinsi hücumla mübarizəsindən bəhs etmək istərdim. 

Oktyabr ayında demək olar hər günümü məşhur Amerika prodüseri Vaynşteynin film çəkilişləri zamanı aktrisalara qarşı qeyri-korrekt cinsi münasibət göstərdiyini deyən məqalələrlə açırdım. Vaynşteyni tanımayanlar üçün qısa məlumat: Qardaşı ilə birgə Miramaks (1979) şirkətinin həmtəsisçisi olduqdan sonra 2005-ci ildə Vaynşteyn prodakşını yaradaraq onlarla uğurlu film istehsal edib. Bilməyənlərin təsəvvürü olsun deyə prodüserlik etdiyi bir neçə Oskar mükafatlı filmin adını çəkim: “Kriminal qiraət”, “Zəncirsiz”, “Danışan kral”. Deyirlər Oskar almaq üçün səhnəyə çıxanlar Vaynşteynə daha çox təşəkkür ediblər, nəinki Allaha. 

Bu ay Vaynşteynin adı rekord sayda çəkildi, yazıldı. “New Yorker” jurnalının jurnalisti onun bir qadın modellə dialoqunu səsli şəkildə elektron portalda paylaşdıqdan və barəsində açılmış cinayət işini ictimailəşdirdikdən sonra aləm bir-birinə dəydi. Altmışdan çox qadın bir-birinin ardınca Vaynşteyn tərəfindən cinsi aşağılamaya, hücuma məruz qaldığını, on üç qız isə zorlandığını dedi. Ardıyca mətbuat vasitəsilə Vaynşteynin iki qadın işçisi  danışmaq istədiyini, lakin əmək müqaviləsində iş yerində baş verənlərin məxfiliyi haqqında bəndi təsdiqləməklə susmağa məcbur qaldığını bildirdi. Onlar rəhbərlikdən müqaviləni yeniləməklə danışmağa icazə istədilər. Müqavilə təzələnmədiyi təqdirdə qadınlar cinayət məsuliyyətinə cəlb oluna bilərdilər. Xəbər çıxandan az sonra Vaynşteyn şirkətinin direktorlar şurası iki nəfər istisna olmaqla, istefa verdi, Vaynşteyn qovuldu. Şirkət yeni adla fəaliyyət göstərəcəyini elan etdi. Vaynşteynin Fransa, İngiltərə və Amerika kimi ölkələrdən, eləcə də müxtəlif universitetlərdən aldığı təltiflər, ordenlər, mükafatlar və Kino akademiyasındakı üzvlüyü ləğv edildi, sonda isə həyat yoldaşı ondan ayrılmaq üçün ərizə verdiyini dedi. 

Hollivudun kino kultunu yaradanlardan olan Vaynşteyn təkcə özünün deyil, uğur hekayələrini əzbər bildiyimiz aktrisaların da reputasiyasına zərbə vurdu. Adamlar sosial şəbəkələrdə uğurun prodüserin yatağından başladığına işarə edən zarafatlar paylaşdılar. 

Jurnalistlər Vaynşyetnin film çəkilişləri öncəsi və ya sonrası aktrisalara peşə etikasına sığmayan təkliflər etməsindən hər kəsin xəbəri olduğunu deyirlər.  Əslində, haqsız deyillər. Vaynşteyn barəsində eyni məzmunlu cinayət işi 2015-ci ildə də açılmışdı. Məsələ yenidən gündəmə gələndə polis “biz Vaynşteyni günahkar bilsəydik, o zaman məsuliyyətə cəlb edərdik. Etməmişiksə, indi də qərarımızı dəyişmək fikrimiz yoxdur” deyərək kino Allahlarından birini qorumaqda davam elədi. Belə olduqda qadınlar özləri onu yıxmağa qərar verdilər. Dövlətin qanunu işləmirsə, yaxud  vətəndaşı qane etmirsə, istənilən işi insanlıq məhkəməsinə vermək olar. Birləşmiş qadınların arasında Ancelina Coli, Qvinet Peltrou da var. Beləliklə, qadınlar Hollivudda hər kəsin dediyi kimi, çevriliş etməyi bacardılar. Oktyabr ayında Vaynşteyn adının ətrafında yaranmış mif, arxasında sürünən əzəmət şleyfi yoxa çıxdı. Bu ay Hollivud kiçik diktaturanın çöküşü barəsində film göstərdi. Nə yazıq ki, qadınlar birlik nümayiş etdirsələr də, bir neçə (Tom Hanks, Corc Kluni və s.) kişi aktyor istisna olmaqla, əksəriyyəti mövqesiz qalmağı seçdi. Jurnalist sorğusunda iyirmidən çox məşhur kişi aktyor olaya münasibət bildirməkdən imtina etdi. Hər halda onlar Vaynşteynin yenidən ayağa duracağına və yüksək qonorarla onun filmlərinə çəkiləcəklərinə ümid edib münasibəti korlamaq istəmirdilər. 

Bəziləri etirazlarını gec dilə gətirdikləri üçün aktrisaları qınadı. Bu isə yersiz irad kimi görünür. Yetərincə güclənməmiş, (nəsə edəcəklərinə inanmamış), nisbətən təcrübəsiz qadınlar səslərini çıxarmaqdan çəkiniblərsə, onları günahlandırmaq olmaz. Gec, ya tez səsini çıxarmağa güc tapan hər kəsə təşəkkür etmək  lazımdır. Həm də istər Ancelina Coli, istər Qvinet Peltrou cinsi təhqirə məruz qaldıqdan sonra Vaynşteynlə əməkdaşlıq etməyib, tanıdıqları aktrisaları məlumatlandıraraq ondan qorumağa çalışıblar.   

Qurbanlar birləşəndə istənilən qoluzorlu gücsüz qalır. Oktyabr boyu qadınlar mətbuatda o qədər güclü görünürdülər ki, qorxaqlığa qalib gələ bilməyən kişi aktyorların Vaynşteynə açıq bəraət qazandıracaq söz deməyə cürətləri çatmırdı.  Bəzi keçmiş nəsil kişi aktyorlar müdafiəyə bənzər ifadələr səsləndirən kimi ictimai qınağa məruz qalaraq sözlərini geri götürür, Twitter üzərindən üzrxahlıq edirdilər. 

Siyasi baxışlarına görə Vaynşteyn demokratdır. O, Hillari Klintonun və Obamanın seçki kampaniyalarına sponsorluq edənlərdən olub. Hər iki siyasətçi Vaynşteynin əməllərini pisləyərək, üzgün olduqlarını bildirdilər. 

Bu olayla Amerikanın öz dəyərlərini yenidən nəzərdən keçirmək yolunda ayaq saxlamadığını gördüm. Razılaşmaya bilərsiz. Çünki özüm də bu qənaətimdə qalmaq üçün çox düşündüm. Son seçkidə qadın düşməni sayılan, nə vaxtsa 13 yaşlı qızı zorlamaqda ittiham olunan birini prezident seçən xalqın məntiqini anlamaq asan deyil. Bir köşəyə düşündüklərimi və öz cəmiyyətimizlə müqayisələri sığışdıra bilmədim. Bunları,  eləcə də Azərbaycandakı internat məktəbində direktorun qadın müəllimə etdiyi biabırçı təklifə sakit yanaşmamızın faciəvi səbəblərini gələn yazıda açmağa çalışacam. 

Ardı var...