Avropa Oyunları və hind filmli kanallarımız...

avropa-oyunlari-ve-hind-filmli-kanallarimiz
Oxunma sayı: 1966


Birinci Avropa Oyunları zamanı telekanallarda əvvəlcədən xüsusi proqramlar tərtib edilsəydi, buna sevinərdik. Həmin proqramlarda ölkəmizin milli-mənəvi dəyərləri daha çox nümayiş etdirilsəydi, bunun yaxşı nəticələri olardı. Bəzən deyirlər ki, “otellərdə turistlər üçün kabel televiziyaları təşkil edilib, onlar heç yerli kanallara baxmayacaqlar”. Bu səhv fikirdir. Düzdür, idmançılar gündüzlər yarışlara qatılsa da, axşamlar televizora baxıb istirahət edirlər. Avropa turistlərində çox qəribə (bizdə olmayan) xüsusiyyət var. Onlar hansısa ölkəyə gedəndə oranın milli adət-ənənəsi ilə tanış olmağa çalışır, yerli kulinariyaya daxil olan yeməklərdən dadır, verilişlərə nəzər salırlar. Məsələn, mən Səudiyyə Ərəbistanında, yaxud Avstriyada olanda yerli proqramlarda həmin ölkənin mədəniyyəti, kulinariyası, kənd təsərrüfatı, sənayesi və digərləri ilə tanış olmaq istəyirdim. Bəzən Youtube-də həmin ölkə barədə tam təsəvvür üçün roliklər az sayda olur. Bəlkə də bu özümün televiziyonçu olmağımdan da irəli gəlir ki, belə məsələlərlə maraqlanıram. Amma istənilən halda turistin gözü yerli kanallara sataşır.

Avropa Oyunlarının ilk günü Lider TV-nin proqram siyasətindəki dəyişiklik təqdirəlayiq idi. Məhz həmin gün adıçəkilən kanalda “Azərbaycan xalçası” verilişindən tutmuş digər maddi-mədəniyyət abidələrimizə qədər verilişlər sərgiləndi. Bununla da nümayiş etdirildi ki, Azərbaycan 24 il müstəqil olsa da, onun tarixi qədimlərə gedib çıxır. Avropa - tarixi qədim və zəngin olan ölkələrə çox böyük əhəmiyyət verir. Paris, Roma, Vatikan və digər ölkələrdə Azərbaycan mədəniyyəti günlərinin təşkili həm də ölkəmizin gələcək təhlükəsizliyinə hesablanıb. Mədəni və tarixi zəngin ölkəyə əksər hallarda vəhşi kimi baxılmır, ora qarşı müharibə əhval-ruhiyyəsi ilk sırada olmur.

AzTV və “Mədəniyyət” kanallarının proqramlarında da xüsusi dəyişiklik edilmişdi. Bu günlər ərzində həmin kanallarda tarix və mədəniyyətimizə dair onlarla veriliş sərgilənməkdədir.

Amma “Space” kanalında köhnə hind filmlərini nümayiş etdirmək əvəzinə, arxivdən ölkəmizə dair sənədli filmləri götürüb efirə vermək olardı. Digər kanallar da əvvəlki günlərin qrafiki ilə işlədi. Tariximizə dair verilişlər demək olar ki, yox dərəcəsində idi. Düzdür, bir tərəfdən belə məsələlərdə telekanalları başa düşmək olar. Şirkətlərin öz reklamlarını müəyyən verilişlərin əvvəlində, ortasında və sonunda nümayişinə dair əvvəlcədən müqavilələr imzalanıb. Həmin müqaviləni pozmaq, gələcəkdə reklamların yenidən alınmasında problemlər yarada bilər. Əlbəttə, bu anlaşılandır. Amma günün hansısa saatında mədəniyyətimizə dair verilişləri proqram cədvəlində yerləşdirmək. Axı, belə mötəbər yarışların keçirilməsi həmişə baş vermir. Bu həm də təbliğat üçün gözəl fürsət idi.

Qeyd edim ki, London Olimpiadası günlərində Böyük Britaniyanın kolleclərindən tutmuş görməli yerlərinə qədər, hətta Ülyahəzrətin həyatına dair xeyli sənədli filmlər nümayiş etdirilmişdi. Əlbəttə, Böyük Britaniyanın tarixinin qədimliyinə şübhə yoxdur. Lakin buna baxmayaqraq, telekanallar bunu edirdi. Yaxud, Pekin Olimpiadası günlərində bütün telekanallar hər gün Çinin tarixinə, mədəniyyətinə, kənd təsərrüfatına dair verilişlər göstərirdilər. Bununla da turistin beyninə Fişer effekti kimi yeridilirdi ki, Çin və onun dövlətçilik ənənəsi həm qədim, həm də zəngindir.

Bakı Avropa Oyunlarının bağlanış mərasiminə 12 gün qalıb. Bu müddət ərzində bütün telekanallar əlverişli fürsətdən yararlanıb proqram siyasətlərində dəyişiklik edə bilər. Köhnə ağ-qara hind filmlərinə yarışlardan sonra da baxmaq mümkündür.