Azərbaycan həqiqətlərini Avropa ölkələrində tanıtmaq istiqamətində müxtəlif tədbirlər keçirən Avropa-Azərbaycan Cəmiyyətinin və “Avropa üzləşməsi” (“Confrontation Europe”) təşkilatının təşəbbüsü ilə aprelin 3-də Parisin Ürsülin kino zalında tanınmış rejissor Eldar Quliyevin çəkdiyi “Girov” filmi ilk dəfə nümayiş etdirilib.
2005-ci il istehsalı olan və bir sıra ölkələrdə nümayiş etdirilən filmdə Azərbaycanın əzəli ərazisi Dağlıq Qarabağda vaxtilə mehriban qonşuluq şəraitində yaşamış azərbaycanlılarla ermənilər arasında SSRİ-nin süqutundan sonra baş verən münaqişə nəticəsində yaranmış düşmənçilik münasibətinin törətdiyi faciələrdən danışılır.
Filmin nümayişindən sonra ekran əsərinin yaradıcılarından biri - azərbaycanlıların girov götürdükləri erməni rolunun ifaçısı aktyor Qurban İsmayılov Azərbaycanda kino sənətinin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, filmin toxunduğu bəzi məqamlar barədə tamaşaçıların suallarına ətraflı cavab verib.
Filmin nümayişində fransız ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, səfirliyin əməkdaşları və diasporumuzun təmsilçiləri iştirak ediblər.
Sonda Fransada yaşayan azərbaycanlı müğənni Təranə Allahverdiyevanın ifasında Azərbaycan mahnıları səslənib.
“Avropa Film Akt” Cəmiyyətinin direktoru, tanınmış fransız kinoşünası İrena Bilik filmin nümayişindən sonra AzərTAc-a deyib: Kino sənətinə yaxından bələd olan, onun tarixini sevən bir şəxs kimi etiraf edim ki, Azərbaycan filmi ilə ilk dəfə tanış oldum. Bu vaxtadək ölkənizdə istehsal edilən filmlər barədə anlayışım belə yox idi və onlarla tanışlıq üçün fürsət yaranmamışdı. Filmin nümayişi ölkəniz, kino sənətinizin inkişafı, aktyorlarınızın oyunları, ssenariləriniz, mədəniyyətiniz, adət-ənənələriniz və ədəbiyyatınız barədə məndə müəyyən təsəvvür yaratdı.
Mənə təsir edən əsas cəhət filmin toxunduğu real həqiqətlərdir. Filmdə müharibənin törətdiyi fəlakətlərin tamaşaçılara qabarıq şəkildə çatdırılmasını ssenari müəlliflərinin və rejissorun uğuru kimi dəyərləndirirəm. Film bəşəriyyəti narahat edən müharibə və silahlı münaqişələrin doğurduğu fəlakətləri yaşayan insanların taleyini təsvir etmək baxımından xüsusi maraq doğurur. Filmdəki hadisələri həyəcansız müşahidə etmək mümkün deyil.
Tamaşaçı Fransua Perniola isə deyib: Minlərlə insanın ölümünə səbəb olan və böyük dağıntılar törədən müharibə kimi çox ağır bir mövzudan bəhs edən filmin təsiri altındayam. Film müharibənin törətdiyi dəhşətlər barədə tamaşaçıda ətraflı təsəvvür yaradır. Filmin sonunda əri ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlı qadının erməni girovunu azad etməsi daha təsirli səhnə idi. O qadının taleyi müharibənin dəhşətlərini yaşayan minlərlə qadının taleyi idi. Tamaşaçılar onun timsalında azərbaycanlıların humanist hisslərə malik xalq olması anlamının şahidi oldular. Filmdə ifa etdiyi mahnılarda sevgini, məhəbbəti, təbiəti tərənnüm edən gənc müğənninin ermənilər tərəfindən qətlə yetirilməsi, mən deyərdim ki, ürək ağrıdan səhnələrdən biri idi.
Yeri gəlmişkən, bir məsələni də qeyd edim ki, filmdə xalqınızın adət-ənənələrini nümayiş etdirən toy mərasimi mənə vətənim İtaliyanın cənubundakı toy şənliklərini xatırlatdı. İtaliyada da toy şənlikləri ölkənizdəki kimi keçirilir.
Sonda demək istəyirəm ki, “Girov” filmi tamaşaçılarda, ölkənizdə kino sənətinin inkişafı ilə yanaşı, adət-ənənələriniz, mədəniyyətiniz, incəsənətiniz haqda da müəyyən təsəvvür yaradıb”.
Son xəbərlər
Son Xəbərlər