Azərbaycanın rəsmi kişiləri necə geyinir? – İmic, Sorğu

-azerbaycanin-resmi-kisileri-nece-geyinir-imic-sorgu-
Oxunma sayı: 1362


Biz çox şeyi bəhanə gətirib “ürəyimiz istəyən kimi geyinib- keçinə bilmirik” deyərik. Məsələn, kimsə buna pulu yetmədiyini söylər. Digəri deyər ki, əzizim, mənim könlüm necə istəyir elə geyinirəm. Dəb eynimə deyil, kimə nə?

O da haqlıdı, bu da. Hər kəs keyfi istədiyi kimi geyinməkdə, gəzməkdə, durmaqda, oturmaqda özgürdü. ANCAQ! Burda bir “dadadadam” gəlir. “Onlar” özlərinə əncam çəkməyə borcludular. Çünki onlar bizi təmsil edirlər. Adımızdan işlər görürlər. Taleyimiz, torpağımız, evimiz, sevgilimiz , balalarımız onların əlindədi. Gəlin bu dəfə sözü bir yerə qoyub hamımız bu fikirlə razılaşaq. Üzüyümüzün qaşı düşməz ki. “Onlar gerçəkdən də yaxşı görünməyə borcludular.”

İmic. Nə deməkdir? Görünüş? Yox, təkcə görünüş deyil. Həm də. Davranış? Yox, təkcə davranış yox. Həm də. Nüfuz? Bax burda bir əl saxlamalı olacayıq. Deyir: “küləkdən soruşdum kimsən sən? Kimsən sən, kimsən sən? Nüfuz kimliyidi insanın. “ İmic ictimai əlaqələrdə böyük rol oynayır. Üzündəki ifadədən tutmuş yerişinə, əl hərəkətlərinə, duruşuna, baxışlarına və situativ reaksiyalarına qədər hər detal ciddi, professional şəkildə hazırlanır. Seçdiyi avtomobil markasından qol saatına qədər hər detal siyasətçini cəmiyyətə izah edir - açır. Dini görüşü, avtobioqrafiyası, marağı, xobbisi, oxuduğu ədəbiyyat, ailə münasibətləri, seksual arientasiyası və s. birbaşa nüfuzuna təsir edir”.

Deyə bilərsiz ki, elə adam var qəpiklik dəyəri yoxdu, ama nüfuzu var, çünki parası çoxdu. Tələsəməyin yorum eləməyə, əzizlərim. Elə adam yoxdu. Gerçək nüfuzu çözələyirik. Gerçək nüfuz toz çiçəyi kimi olmur üfürüb dağıdasan. Gerçək nüfuz qanla da ötürülmür. Bütün əsrlərin cəngavər romanı “Don Kixot ” da yazılıb “qan ötürülür, ama nüfuz (şöhrət) qazanılır”. Gəlin bu deyimə əsaslanıb nüfuz məsələsinə bir az dərinnən baxaq. Öncə başıma gələn bir maraqlı əhvalatı danışım. Başınızı ağrıtmıram ki?..

TV- lərdən birində çalışırdım. Oranın bir qadın bədii rəhbəri vardı. Gözü məndən su içmirdi. Fikrim onda deyildi. Bir gün ayıldım ki, bu qadın işini - gücünü atıb mənlə uğraşır. Hər vasitəyə əl atır ki, özünün necə “səlahiyyətli şəxs” olduğunu göstərsin. Heç nə. Bir gün pilləkənlərdə rastlaşdıq, dedi : “sən filan şeyi filan eləməlisən”. Dedim: xeyir ola? Dedi: “Bəs mən bu TV- nin bədii rəhbəriyəm ona görə”. Dedim: “Düzdü. Sən bu TV- nin bədii rəhbərisən. Ancaq burdan bir addım o yanda heç kimsən. Mən isə həmişə hər yerdə Aysel Əlizadəyəm”. Düzdü bu sizə gen danışmaq kimi görünə bilər. Ama demək istədiyimi demək üçün özümnən misal çəkirəm, heç kimin qapısını döyüb misal dilənməyək. Nəsə o dedi, mən dedim , o dedi ,mən dedim... Yox. Zarafat eləyirəm. Heç kim heç nə demədi. Hərə öz yoluyla getdi. Sözüm o ki, nüfuz elə bir nəsnədir onu sənə nə oturduğun kreslo, nə zəbt elədiyin vəzifə, nə para sözün həqiqi mənasında verə bilmir. Əgər adamın həqiqətən hörməti yoxdusa kreslodan düşən kimi olur heç kim. Fərqi yoxdu bu çoox yekə bir kreslodu, yoxsa balaca bir bədii rəhbər oturacağı. Adamın əməlləri, gördüyü işlər, qazandığı hörmət onu yaşadır və sayğıya layiq edir. Gözümüzün qarşısında nə qədər nər-nər adam kreslodan düşən kimi külə dönüb. Tarixdən bir misala əl ataq. Əski Misirin Firounu 2-ci Ramzes özünə ölümsüzlük qazanmaq ehtirasıyla alışıb yanıb. İçmədiyi dərman, yemədiyi təam qalmayıb Fironun. Onu yaşadan isə Misirin onun hakimiyyəti dövründəki durumu, inkişafı və tikdirdiyi tarixi abidələrdi. Bu abidələr tarixi əsər, qədim insanın əl işi, yaradıcılığı kimi qalıb. Firon özünü “əbədiyaşar” etmək üçün heykəllər yondursa da bilmədi ki, o, abidələri yox, abidələr onu yaşadacaq. Mumiyası da elə. Tarixi öyrənmək, çözmək, anlamaq və keçmişə gedib çıxmaq üçün gərəkdir. Fakt , material kimi. Bu yerdə yazının bədii hissəsindən rəsmi hissəsinə keçmək olar.

Dediyimiz kimi imic insanın qazancıdı. Görünüşündən, geyimindən davranışından tutmuş əməllərinə-işinə kimi özü haqda yaratdığı fikirdi. İmic sonunda nüfuza çevrilən qavramdı. Söz açdığım “onlar” bizim ölkəmizin rəsmiləridir. Dövlət adamları, siyasilər, məmur, millət vəkili, vəzifə sahibləri və sair və ilaxır.
“Onlar” öz imicləri haqda düşünürlərmi? Bu sualla əlləşdik bu dəfə. Yazıdan öncə bir sorğu apardıq xanımlar arasında. İmicini bəyəndiyiniz kimdi?, soruşduq xanımlardan. Azərbaycanda tanımasan, görəndə bilməzsən, bu adam nəçidi, kimdi. Çünki burda bazarkom da, qarmon çalan da, deputat da eyni cür geyinib keçinir. Əlinə çıraq alıb axtarsan məsələn, Milli Məclisdə oturanların içində (deputatlardan) göz oxşayan, xoş görünən, əbası fərqli olan adam taparsanmı, ey vətəndaş? Suala cavab axtarmaq xeyli vaxt aldı. Bir- bir onların internetdəki şəkillərini gözdən keçirmək lazım oldu təzədən. Bir-bir yada saldıq hamısını. Deputat tapmadıq ki, (söhbət kişilərdən gedir) baxıb deyəsən hə, bu maraqlıdı, yaxşıdı, özəldi. Olmadı. Elə geyimləriylə itələyirlər adamı. Demək olar ki, əksəriyyəti xətt-xətt kostyumda (mil-mil-də) və boğazı sıxıb nazildən qalstukda. Ən pisi o deyil ki, kostyum və qalstukdan başqa geyim tanımır vəkillərimiz . Odu ki, bu qalstukla kostyum arasında heç bir bağ olmur. Nə qalstuk kostyuma uyğun gəlir nə kostyum qalstuka. Qalstuksuz bir Nizami Cəfərov, bir də adda-budda Əli Hüseynli çıxdı qarşımıza . Yenə şükr etdik. Bir də Aqil Abbası rahat geyimlərdə görmək olur deyə bilərik. Ama deputataların siyahısındakı şəkillərdə Aqil bəyin də bir boğazı boğan qalstuku vardı.

Qalstuk və kostyum əlbəttə ki, eleqantlıq, kübarlıq, ciddilik əlamətidi. Ama bu qədər ciddi görünməyə can atmaq gerçəkdən lazımdımı? Bir millət vəkili TV -də bir qarmon çalanın əynində özününkünə oxşayan geyim görəndə narahat olmaz?!
“Niyə mən də onun kimi görünməliyəm?” sualı heç olmasa əsib keçməz?. Musiqiçinin deputatdan bir imic fərqi olmalıdır axı insafla. Əslində musiqiçinin də özünü o qədər yükləyib ağır batman geyinməsinə ehtiyac yoxdu. Qalstukla necə qarmon çalmaq olar, axı? Elə də rəsmi bir iş başında deyilsən axı “be adam”. Sözsüz ki, bu artıq alayı mövzudu. Ona da bir vaxt ayırarıq.

Qalstuk xüsusi detaldı. Onu çox rəsmi görüşlərdə, tədbirlərdə taxırlar ki, adi vaxtlardan seçiləsən. Görəsən, bizimkilər niyə seçilmək istəmirlər. Elə həmişə eyni cür görünürlər? Adamlarımızın qəribə spesifikası var. Əgər tərzi sportdusa toya da, teatra da, karnavala da sport da gedəcək. Əgər klassik tərzi varsa Antalyaya dincəlməyə gedəndə kostyum geyib gedəcək. Rəsmilərimiz də heç. Hamısı tünd kostyum geyib oturur. Düz obyektivə zillənib şəkil çəkdirir. Saç formaları bir-birinin təkrarı və standartdı. Birində bir telə, bir maraqlı saqqala, bir qəribə bığa rast gəlməzsən. Bircə Fazil Qəzənfəroğlunun şəklində bir az yumşaqlıq hiss olundu həmin o siyahida. Kostyumu da qapqara deyildi. Özü də bir az yanakı əyilmişdi. Qalan hamı farağat durub obyektivə baxırdı. Qalstuk da ki heç. Əslində ciddi siyasilər imicləriylə xüsusi məşğul olurlar. Onların bu işini görən professional dizaynerləri, modelyerləri, stilistləri də olur. Çünki hər detal onu cəmiyyət üçün açır. Bizim deputatlara heç yerdə rahat , maraqlı , sakit geyimdə rast gəlmək olmur. Çünki nədən? Ömründə bir dəfə bu işin peşəkarına üz tutmaz, bir moda dərgisi varağlamaz, bir dəfə açıb “ fashion tv” ni izləməz, ona görə. Adamda belə təsəvvür yaranır ki, pijama yerinə kostyumda yatır bizim siyasilər. Bu çox pis...

Ama bu hər şey itirilib demək deyil. Sorğumuzda iştirak edən qadınların arasında öz seçimini edənlər də var, “heç kim diqqətimi çəkmir ”deyənlər də . Cavan xanımlar elə ən cavan millət vəkili Fuad Muradovu bəyəndiklərini dedilər. Araz Əzimovun imicini, xarizmasını və intellektini bəyənənlər elə Fuadı bəyənənlər qədər oldu. Azad Rəhimovun da səliqəsini və duruşunu bəyənib adını çəkdilər. İsa Qəmbərin görünüşündəki ağayanalıq sevilir. Siyasətçi xarizmasıyla göz deşir bəzi qadınlara görə. Ramil Usubovun da adı çəkildi. Onu da xarizmatik bulur qadınlar. Usubovun saç formasından çıxışına və işinə kimi xarizmatik olduğunu səsləndirən respondentlər vardı. Sabir Rüstəmxanlının əsil ziyalı görünüşü olduğunu söylədilər. Ən diqqət çəkəni isə baş nazir Artur Rasizadə haqda deyilən fikir oldu: “Artur bəyin təmiz imici var. Heç vaxt eşitməmişik ki, saysız villaları olsun, nə bilim vertalyotla hovuzuna balina gətizdirsin”. Bu mənada baş nazir digər nazirlərdən daha artıq xal qazanır . Və bu mənada ən az xal alan Kəmaləddin Heydərovdu. Onun hərbi geyimini və Hitlersayağı imicini, üstəgəl işgüzarlığını bəyənsələr də, xanımlar “Buranı Kəmaləddin aldı, ora Kəmaləddinindir ” kimi söz-söhbətlərin nazirin imicinə ciddi ziyan vurduğunu dedilər. Qadınlara dozadan artıq ilgi göstərməkdə xüsusi imic-stiqma qazanan isə Diaspora sədri Nazim İbrahimov oldu. Xanımlar onun yaraşıqlı olduğunu və həmişə səliqəli göründüyünü söyləsələr də işinə münasibətinin imicinə ciddi xələl gətirdiyini də dedilər. Samir Şərifovun, Cahangir Əsgərovun da adları çəkildi. Cahangir bəyin işi onun imicinə xal qazandırır deyilənə görə.

Ancaq siyahını sıralasaq liderlik Fuad Muradovla Araz Əzimovundu. İkisi də eyni xalla öndədir. Xanımlar Muradovun səmimiliyini, görünüşünü, geyim tərzini, saç formasını təqdir edirlər. “Ədəbaz deyil, proqressivdi,çıxışları maraqlıdı” bu Fuad bəy haqda ən çox deyilən fikir oldu. Araz Əzimov ən yaxşı imici olan rəsmilərdəndi. O həm də “kostyumdan kənar” geyimlərdə tez-tez göründüyünə görə diqqət çəkir. Haqqında “stilnıy paren” (tərzi olan erkək) kimi fikir aldığımız yeganə məmur oldu. Ziyalı xanımların arasında isə prezident İlham Əliyevin yerişi özəl olaraq vurğulandı. Hərdən kostyumları bir az əynində iri görsənsə də ruhundakı cavanlıq, dəliqanlılıq hiss olunacaq dərəcədə prezidentə “rahat adam” imici qazandırıb. Ama prezidenti daha maraqlı tərzdə görmək arzusunda olduqlarını deyən xanımlar da oldu.

İstənilən halda Milli Məclis bu konuda Nazirlər Kabinetinə uduzur. Nazirlər Kabinetinin tərkibi diqqəti daha çox çəkə və özünü daha çox ifadə edə bilib. MM-ə gəldikdə isə bir Fuad Muradovla iş bitməz.

Yazı qadın rəsmilərlə davam edəcək...

Aysel Əlizadə, xüsusi olaraq “Qafqazinfo” üçün