“12-ci imam” hakim qarşısına çıxarılır

“12-ci imam” hakim qarşısına çıxarılır
Oxunma sayı: 3435

Özünü 12-ci imam kimi təqdim edərək bir qrup şəxsi aldadıb pullarını mənimsəyən Aqil Babayevlə bağlı istintaq tamamlanıb.

“Qafqazinfo” xəbər verir ki, onun dələduzluq əməlləri ilə bağlı materiallar toplanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.

Aqil Babayevə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) ittiham elan olunub. Onunla bağlı istintaq 10 ay davam edib.

İş üzrə 40 nəfər zərərçəkən var.

DİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, A.Babayev 2020-2021-ci illərdə inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib. Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb. Onun tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Xatırladaq ki, Aqil Babayevin qardaşı Sərdar Babayev Aqilin “ŞaurmaN1” restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqovun şəriki olduğunu iddia etmişdi.