“Almaniyaya viza düzəldəcəkdim” - Məhkəmə işi

almaniyaya-viza-duzeldecekdim
Oxunma sayı: 1005

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arif İbrahimovun məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mayıl İbrahimovun icraatında olan prosesdə zərərçəkmiş Ramin Əmiraslanov ifadə verib. 

O bildirib ki, işlə təmin olunması üçün A.İbrahimova 8500 manat pul verib: "Məni Avropa ölkələrindən birində inşaat sahəsində işlə təmin edəcəkdi. İlk olaraq Almaniyada işləyəcəyim deyilmişdi. Amma mənim üçün fərqi yox idi, demişdim hansı Avropa ölkəsi olsa gedəcəyəm. Amma maaşın nə qədər olacağını danışmamışdım. Arif pulun bir qismini qaytarıb, indi 1200 manat qalıb. Mən də həmin pulun qaytarılmasını istəyirəm. 1200 manat ödənsə, şikayətimi geri götürəcəyəm". 

A.İbrahimov deyib ki, pulu işə düzəltmək üçün yox, viza verilməsi üçün alıb: "Mənim Ceyhun Yusifov adında tanışım var, Almaniyadan məhsul gətirirdi. O demişdi ki, vizanı həll edəcək. Mənə 8500 yox, 5500 manat verilib. Onu da Ceyhuna vermişəm. Ceyhun Yusifov da Yasamal polisində ifadəsində pulu aldığını etiraf edib. Mən Raminə qalan pulu ödəyəcəyimi demişəm". 

Prokuror bildirib ki, C.Yusifov şahidlər siyahısında yoxdu. Əlavə şahid kimi çağırılmasının zəruri olduğunu bildirib. Proses aprelin 5-də davam etdiriləcək. Qeyd edək ki, A.İbrahimov barəsində həbs qərarı verilməyib, o hazırda azadlıqdadır.

Murad Əhməd