Azərbaycan gəncləri üçün yeni pəncərə

azerbaycan-gencleri-ucun-yeni-pencere
Oxunma sayı: 1685

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Gənclər Fondu”na publik hüquqi şəxs statusu verilib. 

“Qafqazinfo” xəbər verir ki, bu dəfə “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin nizamnaməsində gənclərin xaricdə təhsil almasının maliyyələşdirilməsinə dair yeni prosedur müəyyənləşdirilib.

Belə ki, qurumun vəzifələrindən biri Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrdə təhsil prosesini, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını maliyyələşdirməkdir. Eyni zamanda aztəminatlı ailələrdən olub təhsil alan gənclərə təhsil müddətində təhsil müəssisəsinin yataqxanasında yer ayrılması üçün Fondun vəsaiti hesabına maliyyə dəstəyi göstəriləcək.

Milli Məclisin deputatı Naqif Həmzəyev bu yeniliyi şərh edən zaman vurğulayıb ki, aztəminatlı ailələrin övladlarının xarici universitetlərdə təhsil alması üçün maliyyə yardımının edilməsini nizamnamədə ən diqqət çəkən məqamdır:

“Gənclik cəmiyyətin saat kimi işləyən təbəqəsidir. Hələ ötən əsrin 70-80-ci illərində ölkəmizin minlərlə gənci xarici ölkələrin nüfuzlu ali məktəblərində dövlət hesabına təhsil alırdılar. Həmin illərdə Azərbaycan üçün ümumilikdə 15 mindən artıq mütəxəssis hazırlanıb. Bu ənənə ölkə prezidenti tərəfindən uğurla davam etdirilir. “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsi ölkə təhsilinin inkişafına və beynəlxalq aləmə inteqrasiyasına əlverişli imkan yaratmaqla yanaşı, son nəticədə ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin təşəkkülünə gətirib çıxaracaq.

Düşünürəm ki, hətta Fond tərəfindən yeni tələbə yataqxanalarının tikilməsi və tələbələrin istifadəsinə verməsi mümkün olacaq. Həmçinin, Gənclər Fondu gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqını 1 (bir) il müddətdə qismən maliyyələşdirəcək.

Bütün bu sadalanan məsələlər gənclər tərəfindən alqışlanır. Qısa müddətdə öz fəaliyyətini publik hüquqi şəxs kimi davam etdirəcək Gənclər Fondunun işinə uğurlar arzulayır və bir gənc olaraq Fondun fəaliyyətini hər zaman dəstəkləyirəm”.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, formatın işlənib publik hüquqi şəxs halına salınması gənclər üçün yaradılmış yeni bir pəncərədir:

“Prezidentin bu fərmanı dünya təcrübəsində mövcuddur və bizim üçün də optimal bir yenilik olacaq. Azərbaycanda qarşıya qoyulmuş əsas məsələlərdən biri də gənclərin işsizlik probleminin aradan qaldırılması və iş məsələlərində sığorta təminatının olmasıdır. Gənclər Fondu indiyə qədər gənclər siyasətinə böyük töhvələr verib, gənlər təşkilatları və ideaların dəstəklənməsi yönündə müvafiq addımlar atıb. Amma bugünkü gün üçün publik hüquqi şəxs statusu yeni dövrün başlanğıcı deməkdir. 

Yeni status özündə nələri ehtiva edir?

Sabah hər hansı bir gəncimiz işə müraciət etdiyi təqdirdə təcrübə məsələləri byük faktor rolunu oynayacaq. Bu səbəbdən hər hansı idarələr, qurumlar, təşkilatlar təcrübə tələb etdiyi zaman gəncimiz fonda müraciət edib müəyyən müddətdə ödənişli təcrübənin keçirilməsi üçün dəstək ala biləcək. Bu, dünya təcrübəsidir və biz də bu təcrübədən yararlanmağa çalışırıq”.

Birlik sədri onu da qeyd edib ki, artıq tələbələrin xaricdə təhsil alması daha da asan başa gələcək:

“2009-cu ildən xaricdə təhsil haqqında dövlət proqramının qəbul olunması ilə ölkəmizdə 4 minə yaxın gəncin xaricdə təhsil almasına şərait yaratdı. Maliyyə büdcəsinin təminatı, dövlət dəstəyinin alınması nəticəsində gənclərimin dünyanın müxtəlif universitetlərində təhsilini davam etdirdi. Yaranmış bu yeni pəncərə də gənclərin xaricdə təmsilçilik, ölkə maraqlarının qorunması və öz ixtisasına uyğun yetişməsinə yardımçı olacaq. Biz bu mexanizmin gənclər üçün daha yararlı olmasına çalışırıq. Müəyyən müddət bu sahədə durğunluq oldu, ancaq indi gənclərin rahatlıqla istifadə edə biləcəyi yeni modulların yaranmasını istəyirik”.

Günel Hacı