Azərbaycan həkimlərinin dəhşətli əməliyyatları – Qurbanlar II

azerbaycan-hekimlerinin-dehsetli-emeliyyatlari-qurbanlar-ii
Oxunma sayı: 984

“Bir həkim göstərin, səhvini etiraf etsin. Bu günədək vicdanı ilə belə yatıb duran bir həkimin də öz (xəstəsi ilə bağlı) günahını boynuna aldığı görülməyib. Bir də axı kim deyir ki, səhv edən həkim pis həkimdir, məsuliyyətsizlik cəzasını almalıdır.” – Sloqan


Belə getsə, bir-iki ilə həkimlər (bir qismi) arasında ən çox xəstə qurbanı olmasına görə rəqabət başlayacaq. Ya da, bunun üçün qurbanlardan ibarət xüsusi qəbirstanlıqlar belə yaradılsa gərək təəccüblənməyək. Çünki əməliyyata girənlərin, ya da həkimin səhv diaqnozu, müayinəsi nəticəsində çoxu yarıcan olur, bir hissəsi də kəlmeyi –şəhadətini deməyə macal tapmamış torpaq altına düşür. Canını tapşıranların yaxınları isə taleyin qara yazısı ilə barışır, üçünü, yeddisini, cümə axşamları və ölümünün qırxıncı gününü də təmtəraqla qeyd edir, vəssalam.

Maraqlısı ondadır ki, son vaxtlar aşkara çıxan həkim səhvini cavan, yeni nəsillin nümayəndələri ilə yanaşı bu işə illərini vermiş təcrübəli şəxslər də edirlər. Hər sənətin səhvi və uğurlu alınmayan məqamı ola bilər, amma cərrahiyyədə insanın canı bahasına başa gələn səhv bağışlanmazdır.

Bir il əvvəl Sumqayıtda xəstəxanalarının birində cərrahın məsuliyyətsizliyi nəticəsində daha bir xəstə həyatla vidalaşıb. Mərhumə Qiymət Səlimovanın (49 yaş) yaxınlarının iddiasına görə, o ardıcıl iki dəfə səhv edilən əməliyyatdan sağ çıxmayıb.

Toydan evə qayıdan axşamı mərhumə qarın nahiyəsindəki dözülməz (ziyafətdəki qəliz menyu və çal-çağır nəticəsində) ağrısı səbəbi ilə xəstəxanaya yerləşdirilir. Ertəsi gün ətraflı, dəqiq analizi aparılmadan tez-bazar əməliyyata hazırlanan xəstənin ultrasəs müayinəsinə görə, öd kisəsində daş olduğu aşkarlanır. Həkim-cərrah Namiq Fərəcov pasientini bu problemdən qurtaracağını deyərək, bütün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan cərrahiyyəsində dəbə düşən ödçıxarma prosesindən daha biri baş tutur. Öd kisəsindən azad edilmiş xəstə nədənsə əməliyyatdan sonra daha da pisləşir. Yaxınlarının sözlərinə görə, dəfələrlə qan qusan mərhumənin vəziyyəti tibb bacılarını da təşvişə salır. Hətta cərrahın müdaxiləsi zamanı qaraciyəri zədələdiyi söz-söhbəti də gəzir. Nəhayət, cərrah peyda olur, xəstəni ikinci dəfə əməliyyat stoluna aparmaq qərarına gəlir. Sən demə, pasientin əslində mədəaltı vəzisində dəyişiklik varmış.

Uzun çəkən növbəti əməliyyat isə müəmmalı keçir. Əməliyyatdan çıxan cərrah: “xəstənizin içi çürüyübmüş ki, onu gərək bura gətirməyəydiniz, onun güclü müalicəyə ehtiyacı varmış” –deyir və xəstə yaxınlarına narahat olmamalarını məsləhət görür. Hamı hər şeyin qaydasında olduğunu yəqin edərək, dağılışır. Gecə xəbər çıxır ki, xəstə artıq vəfat edib və bundan sonra qalmaqal başlayır. Xəstənin valideynləri, yaxınları həkimin onları aldatdığını, bəlkə də qiymətin elə ikinci əməliyyat zamanı öldüyünü deyirlər.

Məsuliyyətsizlikdə, səriştəsizlikdə günahlandırılan cərrahsa, əlindən gələni etdiyini bəyan edərək özünü müdafiə edir. Onun vəziyyətinin elə xəstəxanaya gətiriləndə pis olduğunu deyir. Maraqlıdır, bu qədər qarışıq, tələsik diaqnozlarla xəstələrin taleyi necə həll oluna bilər? Vəziyyəti qəliz olan xəstə səriştə çatmadığı halda niyə əməliyyata alınır? Sonra da bütün günah atılır qismətın, taleyin üstünə...

Bir neçə gündən sonra necə olursa vəziyyət dəyişir. Belə ki, mərhumənin valideynləri artıq cərrahın əleyhinə yox, taleyin yazısını söyərək, həkimin müdafiəsinə qalxırlar. Hətta onlar xəstəxanaya gələrək, N. Fərəcovun əzilmiş nüfuzunu “ütüləyərək” ondan üzr istəyiblər. Həyat səviyyəsi aşağı olan ailənin hansı görüşdən, razılaşmadan sonra qərar dəyişməsi xeyli maraq doğurur.

Cərrahdan Qiymətin cərrahiyyəsi ilə bağlı fikrini soruşduqda, o hətta soyuqqanlılıqla tarixə qarışmış bu əməliyyatını xatırlamadığını, bu vaxta kimi onun əlində xəstə ölmədiyini belə deyir. Tarixə qarışmış o gün artıq unudulub . Nə isə...

Mərhumənin həyat yoldaşı isə Q.Səlimovanın hələ də cərrahın səhvi ucbatından öldüyü fikrində qalır. Onun cəzalandırılmasını, tibb sahəsindən uzaqlaşdırılmasını tələb edir.

P.S. Bİr az da xəstə, qurbanın halına yanın da nə olar.

Yazıda orfoqrafik səhv, nəzəriyyə, mütəxəsis fikri (internet sizə kömək edər) axtarmaq lazım deyil. Bir də axı canı yanmayan, qurban olmayan kəs başqasının dərdini də başa düşməz . Bax bunu unutmuşdum.

Raminə Eyvazqızı