Bu gün Azərbaycan Universitetində Gənc tədqiqatçıların IX respublika elmi konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransın işi informasiya-kommunikasiya texnologiyaları və tətbiqləri, humanitar elmlər, iqtisadiyyat, sosial elmlər və təbiət elmləri olmaqla 5 istiqamət üzrə təşkil olunub, bölmə iclaslarında 200-dən çox məruzə dinlənilib.
Tədbirin açılış mərasimində universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov giriş nitqi ilə çıxış edib. Prorektor konfrans iştirakçılarını universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva adından salamlayıb, tədbirin Elm şöbəsi ilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən birgə təşkil olunduğunu diqqətə çatdırıb. Y.Qasımov qeyd edib ki, Azərbaycanda ziyalı, alim və tədqiqatçı olmaq bu gün böyük məsuliyyət tələb edir. Prorektor konfrans iştirakçılarının bu məsuliyyəti müasir çağırışlar fonunda dərindən dərk etdiklərinə və qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə inandığını vurğulayıb. Çıxışda bildirilib ki, tədbirin işində Qarabağ Universitetinin gənc tədqiqatçıları da fəal iştirak edirlər. Bu fakt göstərir ki, işğaldan azad olunmuş ərazilərdə elm və təhsil ənənələri də bərpa olunur.
Rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva konfransın 2018-ci ildən başlayaraq hər il keçirilərək ənənəvi hal aldığını diqqətə çatdırıb. O qeyd edib ki, konfransa təqdim edilən tədqiqat işlərinin sayı ildən ilə artır, həmçinin coğrafi əhatə dairəsi genişlənir. Tədbir gənc tədqiqatçıların diqqətini cəlb edib və onlar üçün mühüm platformaya çevrilib.
Açılış mərasimində daha sonra konfransın qonaqları – Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bu ali məktəbin “İlin gənc alimi” müsabiqəsinin təbiət və texnika elmləri üzrə son 3 il ərzində ardıcıl olaraq qalibi Lalə Qəhrəmanlı, Xüsusi Tibb Xidməti Xüsusi Müalicə - Sağlamlıq Kompleksinin Lor cərrahı, tibb üzrə fəlsəfə doktoru Aydın Talışınskinin çıxışları dinlənilib. Qonaqlar ən yeni elmi nəticələrini təqdim edib, öz həyat hekayələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Açılışın ardından konfransın işi 7 bölmə iclasında davam edib. Gənc tədqiqatçılar bölmə iclaslarında tarix, hüquq, filologiya, iqtisadiyyat, sosiologiya, tədris, mədəniyyət, təbiət və texniki elmlər kimi sahələrin aktual mövzularına həsr olunmuş məruzə və təqdimatlarla çıxış ediblər. Məruzə və təqdimatlar ətrafında aparılan müzakirələrdən sonra konfransın işinə yekun vurulub.
Qeyd edək ki, akademik və elmi baxımdan olduqca zəngin olan konfransın məqsədi Azərbaycanın müxtəlif universitetlərində, müxtəlif təhsil səviyyələrində təhsil alan, elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçılara öz elmi nəticələrini tanıtmaq üçün platforma təqdim etməkdir. Konfrans materialları pdf formatda universitetin saytında yerləşdirilib.






Son xəbərlər
Son Xəbərlər