Bakıda kafedəki davada bıçaqlanan polkovnikin oğludu - Yenilənib

bakida-kafedeki-davada-bicaqlanan-polkovnikin-ogludu
Oxunma sayı: 9167

Bakının Sabunçu qəsəbəsində kafedə kütləvi dava düşüb. Nəticədə 3 polis yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, hadisə gecə saatlarında Zabrat-Maştağa yolunun üzərindəki “Emin” kafesində qeydə alınıb. Məlumata görə, gecə saatlarında İlham Məmmədov adlı şəxs Daxili İşlər Nazirliyinin "102" "qaynar xətti"nə zəng edərək adı çəkilən kafenin əməkdaşlarının ona bıçaqla hücum çəkdikləri barədə məlumat verib.

Dərhal Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb. Kafeyə yollanan polis əməkdaşları ilə müştərilər arasında dava düşüb. Nəticədə isə üç polis əməkdaşı bıçaqlanıb. Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan polislərin hər üçü Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

İdarədən onu da bildirdilər ki, aparılan araşdırmalar nəticəsində polis əməkdaşlarına xəsarət yetirən şəxslər Beyləqan sakinləri - əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü İlham Məmmədov, 1987-ci il təvəllüdlü Dəyanət Muradov və 1986-cı il təvəllüdlü Ceyhun Məlikov saxlanaraq istintaqa cəlb edilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

***

“Report”un xəbərinə görə, Bakının Sabunçu rayonundakı “Emin” kafesində bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur.

A.Ələkbərov DİN-in hospitalına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.