Bakıdakı tədbirdə radiasiya təhlükəsizliyini FHN təmin edir - Fotolar

bakidaki-tedbirde-radiasiya-tehlukesizliyini-fhn-temin-edir
Oxunma sayı: 1756

31 avqust – 5 sentyabr tarixlərində Bakı Konqres Mərkəzində keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin 49-cu Dünya Finalında radiasiya təhlükəsizliyinin təmin edilməsi Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Belə ki, 70 ölkənin 140 ali təhsil müəssisəsini təmsil edən komandaların iştirak etdiyi yarışdan əvvəl ərazidə radiasiya təhlükəsizliyi üzrə yoxlamalar aparılıb.

Hazırda Agentliyin dozimetr və spektrometrlərlə təchiz edilmiş əməkdaşları tədbir müddətində fasiləsiz nəzarəti təmin edirlər.

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nüvə Təhlükəsizliyi və Mühafizəsi Departamenti tərəfindən “Böyük ictimai tədbirlər üçün nüvə təhlükəsizliyi” Proqramı çərçivəsində ölkəyə müvəqqəti idxal edilən cihazlar da tədbirin radiasiya təhlükəsizliyi məqsədilə istifadə olunur.

Aparılan yoxlamalar zamanı heç bir radioaktiv material və çirklənmə aşkar edilməyib.