Uşaq çox zehinli idi. Valideynləri Kürdəmir yaxınlığındakı kimsəsiz yataqların birində yaşasalar da uşaq Bakıdakı qohumlarının evində qalıb oxuyurdu. Özü də necə! Aldığı fəxri fərmanların sayı-hesabı yox idi. Və qəfil qızdırma və ölüm! Hər şey bitdi! Amma əslində hər şey bitmədi, hər şey təzədən başladı: qohumum oğlunun ölümünə dözə bilmirdi. Bir neçə dəfə intihara qalxsa da qohum-qonşu aman veməmişdi. Amma hamıya açıq-açığına deyirdi: mən bundan sonra yaşamayacam!
Həmin qohumumla uşaqlığım bir yerdə keçmişdi. Odu ki, məni görəndə əvvəlcə sifətində qəribə bir təbəssüm dolaşdı. Sonra iki dəfə dizlərinə çırpdı. “Gördün dəəə, başıma gələnləri?!” Dinmədim. Xeyli ağladı, oğlunun paltarlarını ortalığa sərdi, aldığı mükafatları, diplomları stolun üstünə düzdü, şəkilləri gətirdi.
Ona deməyə söz tapmırdım. Onsuz da təsir edə bilməyəcəkdim. Cüyür kimi mələyirdi qadın! Hər kəsə çəkə bildiyi qədər dərd verilir deyirlər, ancaq bu qadın başına gələnlərə heç dözmürdü. Oğlunun yoxluğunu qəbul etmirdi sadəcə. İmkan versəydilər, aləmi yandırıb külə döndərərdi.
Yataqdakı qadınlar bir az sıqqıldayıb ağlayandan sonra onu tənbeh etməyə başladılar: bir sənin başına gəlməyib ki, Allah işidir!
O, susdu, süfrəyə gələn çaydan içməyi xahiş etdi və birdən gözlənilmədən üzünü mənə çevirdi:
“Sən oxumusan daa... bilərsən, deyillər axar suyun üstündə nə deyirsənsə ölən adam onu eşidir, doğrudur?”
“O səni hər yerdə eşidir” – birdən-birə özümü Dostoyevskinin qəhrəmanları kimi hiss etdim – “Sən neyləsən ona agah olur. Əgər özünə əziyyət verirsənsə, intihar etmək istəyirsənsə, bax onda o da narahat olur.”
Qadın bərəlmiş gözlərini mənə zilləmişdi. Mən bir az da qızışdım:
“Hətta ürəyində danışdıqların da ona agah olur. Narahat olma! Uşaqlar günahsızdır, onların yeri cənnətdir. O indi özünü elə rahat hiss edir ki... Bircə sizdən narahatdır. Sənnən, atasından. Siz də yaxşı olun ki, o narahat olmasın” .
Qadının yavaş-yavaş sözlərimin təsiri altına düşdüyünü hiss etdim.
Çaydan bir qurtum alaraq: “Ölüm əslində boş şeydi. Adam ölmür, bir dünyadan o birini keçir. Gec-tez biz də bu yolu keçəcəyik və itirdiyimiz əzizlərimizə qovuşacağıq. Amma intihar edən adam həqiqətən ölür, heç o biri dünyaya da keçə bilmir. Allah intihar edənləri sevməz. Sən Allaha inanmırsan?”
Qadın diksindi: “İnanıram”
“Onda asilik eləmə, oğluna rahatlıq arzula, özün də rahat ol!”
Qadın udqunaraq susdu, onun gözlərinin dibində kədərli işıq göründü.
Son xəbərlər
Son Xəbərlər