“Qafqazinfo”ya daxil olan xəbərə görə, adının çəkilməsini istəməyən BMİ-nin polis serjantı və daha 4 nəfər idarədə korrupsiya və polis serjantlarına qarşı olan haqsızlıqların günbəgün artdığını yazır. İdarənin əməkdaşları bildirirlər ki, rəhbərliyə edilən şikayətlər nəticəsiz qaldığından problemləri mediaya çıxarmaq qərarına gəliblər:
“İdarələrdə baş verən ən böyuk qanun pozuntularından biri polis zabitlərinin polis sıravisi və serjantlarından aylıq haqq yığmasıdı. İdarəyə rüşvət müqabilində təyin olunan polis zabiti çəkdiyi “xərci” çıxartmağın yollarını axtarır və beləliklədə əksəriyyət dövlət əhəmiyyətli obyektlərə (misal BTİ, rayon məhkəmələri, icra hakimiyyətləri,) çıxan serjantlara aylıq “plan” qoyur. Təbii ki, “planı” çıxartmaq üçün əməkdaş xidmət apardığı yerdə vətandaşlardan rüşvət almaq məcburiyyətində qalır. Səbail, Xəzər, Nizami, Nərimanov rayon mühafizə idarələrində bu problem özünü daha qabarıq şəkildə göstərir. Nəsimi rayon mühafizə idarəsinin kadrı polis mayoru Məmmədov Rafiq 2-ci və 1-ci məharət dərəcələrini polis serjantlarına müvafiq olaraq 100 və 150 manata satır. Usta dərəcəsinə nail olmaq serjantlara 250 manata başa gəlir. Əmakdaşların idman normativlərini keçib-keçməməsinə fikir verilmir. Hamıdan pul tələb olunur. BMI-nin kadrın rəisi polis polkovnik-leytenantı Azər Sadıqovun bütün bunlardan xəbərsiz olması isə qeyri-mümkündür. Nəsimi rayon mühafizə idarəsindən başqa Dəmirov Natiq və Quliyev Şakirin rəisləri olduqları Xətai və Yasamal rayon mühafizə idarələrində bu qanun pozuntusu mövcuddur”.
Polis serjantının sözlərinə görə, artıq dəfələrlə bu qurumda olan rüşvətin, özbaşınalığın yığışdırılmasına təpkilər olsa da DİN rəhbərliyə heç bir tədbir görmür: “Əvvəlki kimi korrupsiya inkar olunur, rüşvət faktları isə günbəgün artır. Başqa bir rüşvət faktları isə baş idarənin zabiti Faiq Fərzəliyevin Elxan adlı polis inspektoru ilə birlikdə xidmətdə buraxılmış nöqsanlara gorə serjantlardan pul tələb etməsidir. Bu korrupsiyanın digər orqanlardakindan fərqi odur ki, baş vermiş “çp” yə görə serjantlara cəza verilməklə yanaşı pullarını da almaq yaddarından çıxmır. Rayon mühafizə idarələri müqavilə əsasında qorunan obyekt, müəssə,təşkilatlardan daxil olan vəsait hesabına maliyyələşir. Obyektlər razılaşdırılmış vəsaiti vaxtında idarə hesabına köçürməsinə baxmayaraq, Nəsimi və Səbail rayon mühafizə idarələrində əməkhaqqı 1 ayadək gecikdirilir. Ən utancverici məqamlardan biri də imkanlı polis serjantlarının maaş kartı əvəzinə “aylığa” buraxılmasıdır. Maddi vəziyyəti yaxşı olan və ya başqa bir sahədə özünə daha gəlirli iş tapan polis serjantları maaş kartını idarə rəhbərliyinə verməklə “aylığa” çıxır. Adı ancaq jurnalda olan özu isə aylarla görünməyən polislərin yerinə posta, tədbirə digər əmakdaşlar çağrılır. Bütün bunlara etiraz etdikdə isə “sakraşeniya” ilə hədələnirik. Onun-bunun yerinə xidmətə çağrılmaqdan bezdiyimizdən polisə nəzarət edən bütün qurumlardan baş alıb gedən qanunsuzluqlara son qoymaqlarıni xaiş edirik.
BMİ-nin tabeliyindəki Mülki Mühafizə xidmətində isə vəziyyət daha da acınacaqlıdır. 200 manata ailə dolandırmağa məhkum olunan mülki mühafizəçinin xidmət apardığı dövlət idarə və müəssəsində rüşvət almaması qaçılmaz olur. Nəyə gorə DİN öz əməkdaşını vətandaşın əlinə baxmağa vadar edir? Əməkdaşlara 200 manat əməkhaqqının verilməsini təyin edən məmurlar görəsən özləri bu məbləğlə ailələrini dolandıra bilərlərmi?”.
Məsələ ilə bağlı “Qafqazinfo” qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.