“Humanist və sekulyaristlər”

humanist-ve-sekulyaristler
Oxunma sayı: 675

1990-cı ilin yanvarında da Azərbaycan hökuməti SSRİ rəhbərliyindən xalq hərəkatını boğmaq üçün imdad istədi, nəticədə 20 yanvar faciəsi yaşandı.
Öz problemini kənar yardım hesabına həll etmək istəyənlər indi də BMT-dən, Qərbdən kömək istəyirlər ki, islamdan xilas olsunlar. Axı necə xilas olacaqlar? NATO qoşunları gəlib Azərbaycanda dindar kəsimi qırıb, ölkəni bir qrup ateistə təhvil verəcəklər? Yoxsa Allaha ibadət, Peygəmbərə sevgi yasaq ediləcək, bunu pozanlar güllələnəcəklər? Həm də SSRİ kimi qəddar bir dövlətdə də din rəsmən yasaqlansa da, inanclı insanlar təqib edilsə də, toplum öz dini dəyərlərini qoruya bildi (təkcə Azərbaycanda yox, bütün SSRİ məkanında). İndi öz qətnamələrini icra etmək gücündə olmayan BMT, Azərbaycanda siyasi məhbus problemini həll etməkdə aciz olan Avropa Şurası toplumun əlindən yüzillərlə tapındığı dəyərləri alacaqmı?
Mətndən sitat: “Zorla müsəlmanlaşdırıldıqdan sonra da biz heç vaxt ortodoks islamı qəbul etmədik, tarixə təqib və qətl edilmiş sufilər vermişik”. “Zorla müsəlmanlaşdırılan” toplumun bundan xilas olması üçün kifayət qədər vaxt və şansları olub. 200 ilə yaxın rus istilası dövründə, azərbaycanlılar islamdan könüllü imtina edə bilərdi -işğalçılar islamla rəqabət aparan dinin (xristianlığın) daşıyıcıları olub. Ancaq toplum islamdan imtina etməyib. Demək, toplum islamı könüllü qəbul edir. Bu qədər absurd tezisi hansı məntiqlə mətnə salıblar?
Müraciəti hazırlayan fəlsəfə tədqiqatçıları niyə fərqində deyillər ki, sufizm (irfan) islamdan kənarda mövcud ola bilməz. Sufilik (irfan) İslamın özünüdərk mərhələsinin ən alisidir və əmələ söykənir. Nəsimi, Füzuli, Sührəvərdi, Bəhmənyar, Tusi kimi sufilər sovet ideologiyasının təqdim etdiyinin əksinə olaraq ateist yox, qatı dindarlar olub. Sufilərin irsinin araşdırıcıları bu fikri təsdiq edə bilərlər.
Mətn müəllifləri özlərini “humanist və sekulyarist” adlandırırlar. Sekulyarist dünyəvi dövlət tərəfdarı deməkdir. Ancaq dünyəvi dövlət demokratik dövlət anlamını vermir. Keçmiş SSRİ dünyəvi dövlət idi (hər cür dini dəyərlərdən uzaq), ancaq qatı totalitar rejim mövcud idi. İndiki Azərbaycan dövləti də dünyəvi dövlətdir, ancaq demokratik dövlət deyil. Getdikcə Azərbaycan daha çox dünyəvi dövlət olur - dindarlar həbs edilir, təqiblərə məruz qalır, təhqir edilir (saqqalları qırxılır, inancları məsxərəyə qoyulur və s.) Azərbaycan hakimiyyətində dünyəvilik artdıqca demokratiya yoxa çıxır.
Ateistlərin müraciət etdikləri Qərb ölkələri demokratik dövlətlərdir - burada din dövlətdən ayrı olsa da, dindarlar təqib edilmir, burada güclü sosial bazaya malik xristian-demokratik təmayyüllü partiyalar mövcuddur, seçki yoluyla hakimiyyətə gəlir və dövləti idarə edirlər. Çünki etiqad azadlığı fundamental insan haqlarının əsas komponentlərindən biridir və bu azadlığı boğmaqla insan haqlarından danışmaq mənasız məşğuliyyətdir. “Humanist və sekulyaristlər” fundamental insan haqlarının pozulduğu dünyəvi dövlət qurmaq istəyirlərsə, artıq məqsədlərinə nail olublar - indiki Azərbaycan məhz onların arzuladığı ölkədir. Bütün arzularınızı Azərbaycan hakimiyyəti reallaşdırdığı halda niyə xaricdən imdad gözləyirsiniz?
Cəmiyyətin heç bir faizini də əhatə etməyən ateistlərin öz həyat tərzlərini topluma diktə etmək cəhdi totalitarizmin simptomlarıdır. Totalitar düşüncəli insanlar necə “humanist” ola bilərlər? Bu məntiqlə insanların səslərini saxtalaşdıran, 1 faiz seçicinin də səs vermədiyi namizədi deputat elan edən seçki komissiyalarının üzvləri də çox “humanist” adamlardır, toplumun iradəsini zorlayan Azərbaycan hökuməti də çox “humanist” hökumətdir.
Mətndən sitat: “Biz öz dünyəvi dövlətimizi və tolerant yaşayış tərzimizi, söz və vicdan azadlığımızı qəzəblilərdən qorumaq istəyirik!” 9 milyonluq toplumun dinini, peyğəmbərini ələ salan, lənətləyən, etiqadını qəbul etməyən bir qrup tolerantlıqdan danışır. Bu oğrunun halallıqdan danışması qədər absurd bir işdir. Tolerantlığın əsas şərti millətçinin də, dindarın da, liberalın da, ateistin də, bir sözlə, ən müxtəlif əqidə sahiblərinin bir cəmiyyətdə dinc-yanaşı yaşaması və bir-birilərinin yaşam tərzinə hörmətlə yanaşmasıdır. Əgər toplumun bir zümrəsinə total nifrətin varsa, tolerantlıqdan danışmaq yumşaq desək, riyakarlıqdır. Riyakarlıq isə insanlığın ən naqis keyfiyyətidir - riyakar nə “humanist” ola bilir, nə də “sekulyarist”.

musavat.com