Milləti necə kodlaşdırmalı… II Yazı

milleti-nece-kodlasdirmali-ii-yazi
Oxunma sayı: 922

Beləliklə, “milli kodlaşdırma” daha sadə dildə özündə nəyi ifadə edir? Milli kodlaşdırmanın dövlətçiliklə bağlı nə kimi əhəmiyyəti var? Milli kodlaşdırmanı kim və necə reallaşdırır? Milli kod özündə nəyi təqdim edir?

Dövlətin əsas funksiyalarından biri idarəetmədir. İdarəetmənin təbiətindən asılı olaraq dövlətlər demokratik və ya antidemokratik olur. İdarəetmə özü özlüyündə iki cür mexanizmlərlə həyata keçirilir. Xarici mexanizmlərlə – buna dövlət məcburetməsi deyirlər. Bura konstitusion öhdəliklər, cəza və mükafat, insan hüqüqları aiddir. Hər bir dövlət öz vətəndaşları üzərində konstitusiyada qoyduğu öhdəliklər və onlar qarşısında öz üzərinə götürdüyü öhdəliklərin xarakterinə və həcminə görə təyin olunur. O dövlətlərdə ki dövlətlə vətəndaşın öhdəlikləri qarşılıqlıdı və proporsionaldır, həmin dövlətlər demokratikdir. O dövlətlərdə ki vətəndaşın üzərinə qoyulmuş öhdəliklər dövlətin üzərinə qoyulmuş öhdəliklərdən artıqdır və qarşılıqsızdır, həmin dövlətlət anti-demokratikdir. Dövlətin vətəndaşın qarşısında öz üzərinə götürdüyü öhdəliklər hüqüqla, vətəndaşın dövlət qarşısında öz üzərinə götürdüyü öhdəliklər qanunla tənzimlənir. Qanun – məcburetmə, hüqüq –azadlıqlarla reallaşır. Dövlət məcburetməsinə sanksiyalaşmış zorakılıq, cəza, mükafat, antidemokratik ölkələrdə həm də sosial hüquqlar və imtiyazlar aiddir. İş yeri, dövlət imtiyazi və sosial hüquqlar əslində dövlətin əlində vətəndaşı idarə etmək üçün çox mühüm məcburetmə mexanizmi kimi işləyir. Məhz buna görədir ki, Azərbaycan kimi antidemokratik ölkələrdə vətəndaşlar sosial-iqtisadi hüquqları reallaşdırmaq naminə siyasi hüquqlardan könüllü imtina etməyə meyl edirlər. İş yerinin itirilməsi, dövlətin sosial təminatından məhrum olmaq, mükafat almaq və əsassız cəza almamaq naminə vətəndaşlar çox vaxt öz siyasi hüquqlarından istifadə etmirlər. Azərbaycanda vətəndaşların apolitik vəziyyətdə olmasının yeganə səbəbi budur. Rəsmi dövlət məcburetməsi leqal xarici kodlaşdırma kimi çıxış edir. İnsanlar xarici məcburetmənin təsiri altında formalaşır və idarə olunurlar. Dövlət məcburetməsi nə qədər genişlənirsə, vətəndaşların siyasi passivliyi bir o qədər artır.
Milli kodlaşdırmanın ikinci forması daxili və ya gizli kodlaşdırmadan ibarətdir. Bu cür kodlaşdırma leqal kodlaşdırmaya nisbətən daha mürəkkəb üsullarla həyata keçirilir və idarəetmədə qeyri-dövlət məcburetməsi və ya özünüməcburetmə mexanizmi kimi işləyir. Özünüməcburetmə fərdin idarəolunmasının elə daxili mexanizmlərindən ibarətdir ki, vətəndaş leqal məcburetməyə uyğunlaşır və könüllü olaraq özünü idarəolunan vəziyyətə salmaq ücün özünü məcbur edir.

Kodlaşdırmanın əsas məqsədi zəruri “əks əlaqə” yaratmaqdır. Yəni idarəedən – dövlət idarəolunanları -vətəndaşları elə kodlaşdırır ki, vətəndaşların dövlətə əks əlaqəsi dövlətin istəklərinə uyğun olsun.

İdarəetmə elmi kibernetka adlanır. SSRİ-də kibernetika qadağan olunmuş elmlər sırasında idi. Səbəb vətəndaşları SSRİ-də idarəetmənin mahiyyətindən bixəbər salmaq və daxili məcburetmə mexanizmlərinə hər hansı müqavimətin üzə çıxmasına imkan verməmək olmuşdur. Kibernetika yalnız maşın və texnikanın idarəedilməsi ilə yox, həm də insan və canlıların idarəedilməsi ilə bağlı elm olduğundan, kibernetikanın kəşf etdiyi qanunları bilmədən “bizi kim və necə idarə edir”, “biz nə ücün beləyik”, “hakimiyyət nümayəndələrinin təbliğat siyasətinin hədəfləri nədən ibarətdir”, nəhayət hamının baş sındırdığı “biz bu vəziyətdən necə çıxa bilərik və müxalifət nə etməlidir” suallarınını cavabını verə bilmərik. Bir şeyi qeyd etmək yerinə düşər ki, istər şəxsi talelər – fərdi tərcümeyi-hal, istər kollektiv talelər – milli tarix məhz özündə kodlaşdırmanı əks etdirən ən yaxşı nümunələrdir. Hər bir xalqın tarixi həmin xalqın leqal, hər bir fərdin tərcümeyi-halı onun illeqal kodlaşdırılmasının güzgüsüdür. Şərhimizi davam etdirmədən öncə burada müasir elmlərin inkişafinda katalizator rolu oynamış, kibernetikanın və rabitənin riyazi nəzəriyyəsinin banisi, məşhur Amerika riyyaziyyatçısı Norbert Vineri xeyirxahlıqla yad etməyi vacib hesab edirəm. Hansı ki, bu mövzu ilə bağlı yazmağım da məhz onun əsərlərinin təsiri altında olmuşdur.

İnsanın idarəedilməsinin əsasında insan varlığının daxili imkanları dayanır. Yəni idarəedənlər idarəolunanların daxili imkanlarını – onların qabiliyyətlərini, istedadlarını, bacarıqlarını öz məqsədlərinə çatmaq üçün səfərbər etməyə cəhd edirlər. Demokratik cəmiyyətlərdə insan imkanları xalqa, antidemokratik cəmiyyətlərdə insan imkanları idarəedənlərə – hakimiyyətə xidmət edir.

İnsan və cəmiyyət sinergetik mövcudluqlardır. Ona görə də insan və cəmiyyətin idarə olunması yalnız sinergezmin qanunları əsasında həyata keçirilir.

Kibernetikanın inkişafı Nyuton fizikasının tənəzzülündən və alternativ fiziki baxışların meydana çıxmasından sonra aktuallaşmışdir. Belə bir baxış ABŞ alimi C.V.Qibbsə məxsusdur. O, Nyutona qədər birmənalı qəbul edilmiş müddəaya qarşı belə bir müddəa irəli sürmüşdür ki, “kainatda nizam daha az yəqindir, xaos daha çox yəqindir”. Sinergizə görə isə “nizam xaosdan yaranır, həm də alternativliklə”. Məhz buna görədir ki, hakimiyyətlər idarəolunan xaos yaradaraq ondan sonra özlərinə lazım olan daha sərt nizam tətbiq edirlər və vətəndaşlar mahiyyəti bilmədən kor-koranə buna tabe olur və qəbul edirlər. 1993-cü il “Gəncə qiyamı” və ondan sonrakı illərdə OMON-çularla bağlı hadisələrdə Azərbaycanda “xaos” təhlükəsinin şişirdilməsi əslində bugünki nizamın yaradılması üçün əvvəlcədən Rusiyanın işrtirakı ilə düşünülmüş bir plan idi. Müqayisə üçün qeyd edək ki, son otuz-qırx ildə hər gün Türkiyədə çoxlu insan itkisi və maddi ziyanla müşahidə olunan seriya terror aktlarının olmasına baxmayaraq Türk dövlətinin Atatürk tərtəfindən seçilmiş yolu və dövlətin daxili nizamı bu gün də dəyişməmişdir. Çünki Türkiyə öz daxilindəki terrordan “xaos” kimi istifadə etməmiş və ondan yeni nizam çıxarmamışdır. Yalnız hərbi çevrilişlər zamanı daxili siyasi mübarizə belə xaos kimi təqdim edilmiş və Türkiyədə yeni konstitusiya – yeni nizam qəbul edilmişdir.

Dağlıq Qarabağla bağlı son vaxtlar hakimiyyət tərəfindən belə bir bəyanat səsləndirilmişdir: “Biz Qarabağı hərbi yolla üc günə azad edə bilərik, lakin daha çoxlu qan töküləcəyindən, insan itkisi verəcəyimizdən bu üsula əl atmırıq”. Bu məntiqlə gərək SSRİ 20 milyon insan itkisinə başa gələn ikinci dünya müharəbəsində qələbəsindən imtina edəydi və bəzi Avropa dövlətləri kimi Hitlerə müqavimət göstərməyəydi. Bu, Azərbaycanda hakimiyyətin Qarabağı azad etməməkdə xalqın ittihamlarından qurtulmaq üçün müəyyənləşdirdiyi cari kodlaşdırmadır. Bu bəyanatı eşidən hər bir azərbaycanlı müharibə başlayacağı təqdirdə ilk növbədə öz yaxınlarını itirəcəyini nəzərinə gətirərək hakimiyyətin “sülh yolu ilə Qarabağı azad edəcəyi günü” gözləyir. O gün isə gəlmək bilmir ki, bilmir.

N.Vinner belə hesab edir ki, “cəmiyyəti başa düşmək üçün yalnız siqnalların öyrənilməsi və ona aid rabitə vasitələrinin, bu siqnalların və vasitələrin gələcəkdə inkişaf etməsinin öyrənilməsi ilə mümkündür”. Burada “siqnal” dedikdə biz idarəetmədə hakimiyyət tərəfindən vətəndaşlara verilən istənilən forma komandanı nəzərdə tuturuq. Hansı ki, həmin komandalar məlumat formasında verilir. Bu gün televiziya ilə xalqa verilən məlumat əslində xalqı idarə etmək üçün ona verilən komandadan başqa bir şey deyil. Biz nə qədər hakimiyyətin verdiyi məlumatın təsiri altında oluruq, bir o qədər onun komandasına tabe oluruq. Təbiətdə siqnalların ötürülməsində keçirici mühitdən asılı olaraq siqnallar təhrif olunur – entropiyaya məruz qalır. Cəmiyyətdə isə siqnalların ötürülmə mühiti kimi hakimiyyət çıxış edir. Hakimiyyət ondan keçən məlumatları özünə lazım olan şəkildə təhrif edərək xalqa ötürür. Hakimiyyət tərəfindən xalqa ötürülən istənilən məlumat məqsədəyönlü şəkildə entropiya olunur. Bununla bağlı “Uşaqlığın son gecəsi” filmində bir epizod çox xarakterikdir. Həmin epizodda əsərin iştirakçılarından birinin “binanın taxta pilləkanının xarab olduğu və buna görə də insanların tez-tez yıxılıb yaralandıqları” ilə bağlı yuxarılara ərizə yazması təsəvvür olunur. Onun yanındakı “yıxılır yox, ölürlər yaz, belə yazanda daha tez reaksiya verərlər” – deyir. Gəncə qiyamı zamanı bu şəhərə göndərilmiş hökumət komissiyasının iki-üç nəfərin itkisini komissiya qərarında “yüzlərlə” göstərməsi Elçibəy iqtidarının heç bir müqavimət göstərmədən hakimiyyətdən əl çəkməsinə səbəb olmuşdur. Bu da məlumatın təhrif olunmasınını idarəetmədə nə qədər müstəsna əhəmiyyət kəsb etdiyini bir daha sübut edir.

Milli kodlaşdırmada xalqın tarixi, mədəniyyəti və görkəmli şəxsləri ilə bağlı məlumatlar düşnülmüş şəkildə təhrif edildikdə xalq ona verilən komandaya uyğun vəziyyət alır. Təbiətdə məlumat ötürücünün quruluşundan çıxır, yəni ondan çıxır, cəmiyyətdə məlumat hakimiyyət tərəfindən “hazırlanır”. Yəni heç bir məlumat öz mənbəyindən çıxdığı kimi olmur. Məlumatın hazırlanması onu hazırlayanların məqsədinə uyğun təhrif edilməsindən ibarətdir. Vaxtlilə, bu təhlükəni görən Avram Linkol jurnalistlərə müraciətlə demişdir: “Siz məlumatı olduğu kimi xalqa ötürün. Həqiqətin harda olduğunu o özü daha yaxşı tapa bilər”. Bu Amerikanı demokratik görmək istəyən bir liderin tövsiyyəsidir. Əgər o, Amerikanı müasir Azərbaycan kimi görmək istəsəydi, mütləq deyərdi ki, “siz məlumatı olduğu kimi xalqa ötürməyin, əvvəl onun üzərində əl gəzdirin və həqiqətin nədən ibarət olduğunu xalqa çatdırın”.

Azərbaycan xalqının çağdaş problemlərinin səbəbi uzun illər ona yanlış komanda verilməsi ilə baglıdır. N.Vinner yazir: “Həqiqi yaşayış – bu düzgün informasiyaya uyğun yaşamaq deməkdir”. Buradan da, yanlış informasiyaya uyğun yaşayan heç bir xalqın həyatı həqiqi xalq həyatı ola bilməz, buna görədir ki, bu gün hələ də Azərbaycan vətəndaşları həqiqi xalq həyatı yaşamır.

Demokratik cəmiyyət – məlumatların minimum təhrif olunduğu cəmiyyət, fərdlərin həqiqi xalq həyatı yaşadığı cəmiyyət deməkdir.


Kodlaşdırma necə reallaşdırılır? Hakimiyyət məlumatı siqnal kimi vətəndaşlara daxil edir. Kibernetikada bu input adlandırılır. İnput – hakimiyyətin vətənadaşa daxili təsiri, vətəndaşın hakimiyyətə xarci təsirini – outputu -çıxışı müəyyən edir. Buradan da inputla output səbəb-nəticə əlaqəsinə, yəni determinasiyaya tabe olur. Hansı ki, təbiətdən fərqli olaraq sosial aləmdə bunu əks-əlaqə -interaktiv əlaqə adlandırmaq olar. Buradan kodlaşdırma ilə bağlı belə bir definat meydana çıxır: “Siz xalqı necə məlumatlandırırsınızsa, xalq sizə o cür münasibətdə olur . Əks əlaqə əslində maşınla insanın idarəedilməsinin eyni mexanizmlərə tabe olmasını göstərir. Sürücü rolu hansı tərəfə çevirirsə, maşın o tərəfə hərəkət edir. Sürət qutusunda sürəti necə dəyişirsə, maşın o tezliklə hərəkətlənir və nə vaxt əyləci basırsa, maşin o zaman dayanır. Hakimiyyət – sürücü, xalq – bir maşın rolunda çıxış edir və hakimiyyət məlumat vasitəsi ilə xalqı idarə edir.

Bu gün Azərbaycan durğunluq dövrü yaşayır. Cünki hakimiyyət xalqın “əyləcini” basıb və hələ də ayağını ondan götürməyib. Xalqın əyləcini basmaq – ona yeni məlumatların çatmasının qarşısını almaqdan ibarətdir, hansı ki, biz bunu hüquq və azadlıqların boğulması kimi qavrayırıq. Azərbaycanda durğunluq – hakimyyətin xalqa yeni məlumatların – demokratiya ilə bağlı məlumatların – verilməsinin qarşısını alması və ya səhv məlumat verməsi ilə bağlıdır. Bu gün Azərbaycan vətəndaşları onlara verilən SSRİ dönəminin son illərinə xas boyat komandalarla idarə olunur.

Xalqa daxil edilən məlumatlar üst-üstə yığışaraq onun tarixi yaddaşını təşkil edir. Siz xalqın tarixindən, mədəniyyətindən, onun görkəmli şəxslərindən hansı məlumatları “secib” xalqa verirsinizsə, xalqın yaddaşı da ona uyğun formalaşır. Biz bunu “milli kodlaşdırma” adlandırırıq.

Ola bilsin, oxucu belə bir sual verə bilər: “Uzaq əsrlərin tarixi məlumatlarının müasir idarəetmədə nə kimi əhəmiyyəti var? Babəkin, Koroğlunun və ya Çingizin, Teymurun, Şah İsmayılın, Şah Qacarın müasir Azərbaycan vətəndaşının idarəolunmasında nə kimi rolu ola bilər”?

Biologiya elmi sübut edib ki, ali canlılar öz davranış formalarını xüsusi antienropiya məqsədilə keçmiş təcrübəyə əsasən dəyşirlər. Bu qanun olduğu kimi sosiologiyaya tətbiq oluna bilməz, cünki insan şüurlu varlıq kimi tarixin müxtəlif dövrlərində müxtəlif qabiliyyətlərə malik olur.

Tarix elmi və elmi sosiologiyada belə təsəvvürlər mövcuddur ki, müxtəlif xüsusi hadisələr kifayət qədər oxşarlığa malikdir. Belə ki, bir dövrün ictmai mexanizmləribaşqa dövrün ictimai mexanizmləri ilə uyğun olsun. Amma tamamilə aydındır ki, yeni tarixin başlanması ilə hadisələrin bütün masştabı kifayət qədər dəyişməyə məruz qalıb, buna görə də daha erkən tarixi mərhələdən əldə edilmiş siyasi, irqi və iqtisadi təsəvvürlər heç də asanlıqla müasir dövrə köçürülə bilməz. Belə olsaydı, İsgəndərin Makedoniyası bu gün də dünyanı idarə edərdi. Amma indi onun vətəni defolt vəziyyətindən çıxış yolları axtarır. Eləcə də dünyanı fəth etmiş Çingizin xalqı bugünki uğursuzluqları yaşamazdı. Hakimiyyət məhz bunu nəzərə alaraq, bəzən tarixin oxşarlıqlarından, məsələn, xalqın qəhrəmanlıq səlnaməsindən, dövlətçilik təcrübəsindən, azadlıq və ədalət uğrunda mübarizəsindən bəzi səhifələri “tarixi” hadisə kimi xalqa ötürülən məlumatlara daxil etmir. Belə halda xalq öz tarixi irsindən ya bəhrələnə bilmir, ya da yeni dövrdə tarixin əvvəlki mərhələlərindəki ilə zidiyyət təşkil edən davranış nümayiş etdirir.

Burda Azərbaycan xalqında Şah İsmayıl Xətayi və Şah Qacarla bağlı məlumatın verilməsini qısa təhlil edək. Şah İsmayıl azərbaycanlılara böyük bir imperiyanı yaradan siyasi xadim kimi yox, daha çox şair kimi təqdim edilib. Ümumiyyətlə, bizim tariximizdən bizə bir nəfər də olsun milli hökmdar kodu verilməyib. Sovet dönəmində İrəvanda dəmiryol vağzalında Davud Sasunlunun abidəsi qoyulsa da, Xətaiyə abidə müstəqillik dönəmində, o da şair obrazında qoyulmuşdu. Şah İsmayılın Şirvanşahlara hücumunun mahiyyəti isə tamamilə təhrif olunub. Əslində Şah İsmayıl Şirvanşahlara onların seperatizminə – gürcü və ruslarla mərkəzi hakimiyyətin əleyhinə əlaqə yaratdığına görə hücüm etmişdi. Şah İsmayıl kodunun şair kimi təhrif olunması əslində azərbaycanlıların dövlətçilik şüurunun inkişafinın qarşısını almağa xidmət edib və edir. Bu gün bizdə dövlətçilik şüurunun olmaması bunu sübut edir.

Şah Qacar bizim milli kodumuz üçün nə qədər müstəsna rol oynaya bilərdisə SSRİ dönəmində ona qarşı bir o qədər əks münasibət olub. Səməd Vurğunun “Vaqif” dramı əslində Qarabağın Azərbaycandan qoparılmasının başlanğıcını təsvir edir. Mən Qacarı millətimizin Bismarkı hesab edirəm. Bismark mərkəzi alman dövlətinin yaradılmasında hansı xidmətləri göstəribsə, aga Məhəmməd Şah Qacar da mərkəzi Azərbaycan dövlətinin yaradılmasında o işləri görməyə cəhd edib. O, mərkəzləşdirilmiş Azərbaycan dövləti yaratmaq məqsədi ilə seperatizmlə məşgul olan xanlara qarşı mübarizə aparıb. Bu gün Qarabağın işğalını Qarabağ xanının o zaman Rusiya ilə ittifaqı və Şah Qacarın Şuşa qalasını fəth edə bilməməsinin və naməlum şəraitdə ölməsinin çox acı nəticəsi kimi dəyərləndirməliyik. Məhz Qarabağın Azərbaycandan qoparılmasının kökləri Şah Qacarın ölümünə gedib çıxır. Bu gün biz Şah İsmayıl və Şah Qacara milli kod kimi baxmadıqca, onlara adlarına layiq abidələr ucaltmadıqca, Azərbaycan dövləti havadan asılmış bir süni qurum kimi görünəcəkdir. Şah İsmaylın və Şah Qacarın dövlətçilik islahatları öyrənilib müasir Azərbaycana tətbiq olunmayanadək güclü Azərbaycan dövləti arzumuz xəyal olaraq qalacaqdır. Nümunə kimi deyim ki, ermənilər çoxdan bizim eradan əvvəl yaşamış erməni çari Tiqranı oz milli kodlaşdırmalarına daxil ediblər.

Haşiyə çıxaraq qeyd edim ki, bizim böyük şahlarımızın İran dövlət adı altında təbliği əslində bizi siyasi irsimizdən qoparmağa xidmət edib. Həmin insanların hakimiyyəti dövründə adindan asılı olmayaraq bizim millətin – türklərin aparıcılığında dövlətlər mövcud olub. Sonradan Azərbaycanın parçalanması İranda farsların üstünlüyünə yol açıb. Bəlkə də İranın fars dövlətinə çevrilməsində Azərbaycanın parçalanması rus-fars ittifaqının gizli niyyəti kimi reallaşdırılıb.

Mən bundan əvvəlki məqalədə tarixi ideallar haqqında qısa da olsa yazmışdım. Burada milli kod kimi Zeynalabdin Tağıyevin təbliğ edilməsinin xüsusi əhəmiyyətini qeyd etmək istərdim. Bu gün Azərbaycan sərvətlərini oğurlayıb xarici ölkələrə daşıyan, investisiya adı altında başqa dövlətlərin inkişafına xidmət edən “iş adamları” ilə müqayisədə Zeynalabdin Tağıyev hər şeyini Azərbaycanın və xalqın inkişafına sərf etmişdir. Bu gün Zeynalabdin Tağıyevlərə cəmiyyətdə daha böyük ehtiyac var.

Milli kodlaşdırmaya həm də cəmiyyətin strukturlaşması aiddir. Elm sübut edib ki, orqanizmin quruluşu vəzifələri yerinə yetirmək qabiliyyətinin göstəricisidir. Məhz buna görədir ki, demokratik cəmiyyətdə ən azsaylı xalqlar qarşısında duran ən çətin problemləri həll etmək vəzifəsinin öhdəsindən layiqincə gəlir, amma antidemokratik quruluşlarda nəhəng xalqlar belə öz tarixi problemlərini həll etməkdə aciz qalır. Bu gün Dağlıq Qarabağ problemini həll edə bilməməymizin bir səbəbi çağdaş sosial quruluşumuzla bağlıdır. Neçə ki, Azərbaycanda demokratik quruluş bərqərar olmayıb, Azərbaycan xalqı heç bir probleminin, o cümlədən öz torpaqlarını işğaldan azad etmək vəzifəsinin öhdəsindən gələ bilməz.

Nə üçün bizdə vətəndaşlar ictimai həyatın heç bir sahəsinə nə hərbi teatrda, nə sosial-iqtisadi, nə hüquqi-siyasi sahədə effektli davranış nümayiş etdirmir? Səbəb effektiv davranış üçün məqsədə çatilması ilə bağlı məlumat bildirən, hər hansı əks əlaqə ilə məlumatın alınma zərurəti ilə bağlıdır. Konfliktologiya elmində bu nailiyyətsiz sindromu kimi şərh olunur. Azərbaycanda istənilən nailiyyət xalqın yox, hakimiyyətin adı ilə bağlanır. Nəticədə xalq onun effektiv davranmasına səbəb olacaq imput almır. O ölkələrdə ki, şəxsiyyət kultu formalaşdırılır, həmin ölkələrdə vətəndaşlar heç vaxt effektiv davranış nümayiş etdirmir. Azərbaycan da bu mənada istisna təşkil etmir.

Kodlaşdırmanın mühüm problemlərindən biri təhsillə - öyrənmə ilə bağlıdır. Heyvanlardan fərqli olaraq insan həyat və yaşam təcrübəsini öyrənməklə əldə edir. Buna görə də hər bir fərdin necə, nə qədər müddətə və nə öyrədilməsi həmin fərdin sosial mövcudluğunu müəyyən edir. Azərbaycanda təhsil sisteminin demokratikləşməməsi, təhsilin total korrupsiyaya uğraması əslində milli kodlaşdırmanın ciddi problemi kimi mövcuddur. Təhsil məlumatın gənc nəslə ötürülmə mühiti kimi çıxış edir və hər bir ötürücü mühit kimi özündən keçən məlumatı entropiyaya uğradır.

Azərbaycanda mariuf sistemi nəinki gənclərə verilən məlumatı entropiyaya məruz qoyur, hətta onları deformasiyaya uğradır. Belə halda output da “assosiativ psixikanin” təzahüri kimi meydana çıxır. Yəni fərdlərin cəmiyyətə münasibəti daha çox şizofrenik münasibətdən ibarət olur. Azərbaycanda günbəgün artan kriminallaşma bunu birbaşa sübut edir. Buradan da cinayətkarlığın köklərinin həm də təhsildə – maarifdə olduğu məlum olur.

Milli kodlaşdırmanın ciddi problemlərinin biri emosiyalaşdırmaqdan ibarətdir. Ucuz əyləncə və idman fərdlərin emosiyalaşdırılmasında müstəsna rol oynayır. Vətəndaşların kütləvi şəkildə ucuz əyləncələrə və idmana cəlb olunması əslində hakimiyyətin milli kodlaşdırmanın elementlərindən biridir, hansı ki, elmi şəkildə sübut olunub ki, emosiya nəinki sinir fəaliyytinin lazımsız epifenomenidir, həm də öyrənmədə və digər buna bənzər proseslərdə çox mühüm mərhələləri idarə etməyə qabildir. Beləliklə emosiyaların qızışdırılması və hakimiyyətin “emosiya siyasəti – ucuz əyləncə və idman” xalqın idarəolunma mexanizmlərindən biri kimi işləyir.

Ümumiyyətlə, insanın kodlaşdırılması digər canlılardan, iki mühüm əlamətinə görə fərqlənir: Birincisi, tətbiq olunan kodun dəqiqliyi və mürəkkəbliyi, ikincisi, bu kodun yüksək kortəbiilik dərəcəsi. Kodun mürəkkəbliyi intellektuallığın yüksəlməsini tələb edir. Fərd nə qədər qeyri intellektualdırsa, bir o qədər heyvani kodlaşdırma ilə – sadə və qeyri-dəqiq kodlarla idarə olunur. Digər tərəfdən, intellektual səviyyə aşağı olduqca fərd özü daxildə ona daxil edən kodu entropiyaya məruz qoyaraq özü özünü təkrar kodlaşdırır.

Milli kodlaşdırmanın mühüm elementllərindən biri cəmiyyətin quruluşunun fərdin psixoloji quruluşuna köçürülməsindən ibarətdir. Belə ki, kibernetikada quruluş forması siqnal kimi təsəvvür olunur və onun siqnal kimi ötürülməsinin mümkünlüyü qəbul olunur. Buradan da, cəmiyyət nə qədər ədalətsiz quruluşa malikdirsə, onun üzvləri kodlaşdırma nəticəsində bir o qədər ədalətsiz olur. Qarabağın işğalı hər bir Azərbaycan vətəndaşının mənəviyyatının bir hissəsinin işğalı kimi kodlaşıb, buna görə də vətəndaşlar daxili bütünlüyə malik deyillər. Nəticədə fərdlər həm igid, həm qorxaq, həm ədalətli, həm ədalətsidirlər. Buradan da, mili yarımçıqlıq kompleksi meydana çıxır.

Milli kodlaşdırma bilavasitə hüquq və azadlıqlarla bağlı məsələdir. Əslində kodlaşdırmada normativ tərəfi öz qərarlarına effektiv sosial sanksiya verməkdən ötəri kifayət qədər güclü şəkildə hakimiyyətin nəzarətində olan hüquq – məlumatın ötürülməsi vasitələri üzərində etik nəzarət kimi çıxış edir. O ölkədə ki, hüquqlar pozulur orada kodlaşdırma qeyri-etik olur. Bu da hakimiyyətə xalqı özünə lazım olan formada kodlaşdırmağa imkan verir. Əslində söz və fikir azadlığı hakimiyyətin milləti qeyri-etik kodlaşdırmasının qarşısını almağa xidmət edir. Məhz buna görədir ki, belə hakimiyyətlər söz və fikir azadlığına dözümsüz olurlar.

Mili kodlaşdırma ilə bağlı çox vacib məsələrdən biri sirlilikdir. Məlumdur ki, hər bir dövlətdə məlumatların ötürülməsu üzərində dövlət nəzarəti həyata keçirilir və bir çox məlumatların ötürülməsi dövrlər sirri kimi qadağan olunur. Sirr kimi hesab edilən məlumatlar nə qədər çoxdursa millətin kodlaşdırılmasında entropiya imkanı bir o qədər genişdir. Artıq Azərbaycanda biznes fəaliyyəti ilə bağlı məlumatlar da hərbi və dövlət məlumatları kimi sirr hesab edilir. Sirr həm də milli kodlaşdırmada hakimiyyətin maraqlarına uyğun gəlməyən tarixi və çağdaş məlumatların gizlədilməsini təmin edir. Sirr kimi saxlanılan məlumatların entropiyasi kortəbii artmağa meyl edir. Entropiya – quruluşun dağılmasının ölçüsü, informasiya – quruluşun qurulmasının ölçüsü olduğundan sirr hesab edilən məlumatların həcmindən asılı olaraq cəmiyyətlər dağılmağa meyllidir. Hakimiyyət nə qədər çox məlumatı sirr qrafı ilə işarələyirsə, cəmiyyət bir o qədər dağılır.

Rezüme olaraq qeyd etmək istəyirəm ki, milli kodlaşdırma məsələsi olduqca mühüm və ciddi dövlətçilik məsələsidir. Bu problemin yüksək səviyyədə ümummilli müzakirəyə çıxarılması vacibdir.