Boş qalan yerlərə qəbul nəticələri açıqlandı - Yenilənib

bos-qalan-yerlere-qebul-neticeleri-aciqlandi
Oxunma sayı: 2205

2025-2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqədə iştirak etmək üçün 2533 abituriyent ərizə təqdim edib. Onlardan 1014 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.

Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində dərc olunacaq. “Abituriyent” jurnalının 10-cu nömrəsinin elektron versiyasını (pdf formatında) sentyabrın 5-dən DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. 

Orta ixtisas təhsili müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunan abituriyentlər 10 – 17 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

***

Bu gün həmçinin rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib.

Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqədə  2 namizəd iştirak edib və rezidenturaya qəbul olunub.

Rezidenturaya qəbul olmuş namizədlər 5 – 10 sentyabr (18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Əlavə məlumat Səhiyyə Nazirliyindən veriləcək.

Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaq.

***

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin də nəticələri açıqlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib. Peşə təhsil müəssisələrinə qəbul olan şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 04 - 10 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

- attestatın əsli;

- sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

- sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;

- hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

- güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Birinci və ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 44 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb. İkinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 19 292 nəfərdən 72 597 müraciət daxil olub. Ümumilikdə 8341 nəfər müsabiqədən keçib.