Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun eksklüziv operatoru olan “BOS Şelf” MMC ölkənin qabaqcıl texniki ali məktəblərindən xüsusi olaraq seçilmiş tələbələr üçün təcrübə proqramına başlayır.
“Qafqazinfo”nun məlumatına görə, şirkətdə təcrübə proqramına qoşulmaq üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Xəzər Universitetinin ümumilikdə 14 tələbəsi seçilib. Bu barədə, ali məktəblərin rəhbərləri ilə görüşdə “BOS Şelf” MMC-nin baş direktoru İxtiyar Axundov məlumat verib.
“Bu gün ölkəmizin gənc savadlı nümayəndələrinin potensiallarının tam açılması üçün dəstəyə ehtiyacları var, biz isə öz növbəmizdə bu insanlara ehtiyac duyuruq. Bütün fəaliyyətimiz boyu biz “BOS Şelf”də zamanla ayaqlaşmağa çalışmışıq, bununla belə gələcəyə baxmağı da unutmuruq. Məhz buna görə də bu gələcəkdə yaşayacaq, təkmilləşəcək və inkişaf edəcək insanlara dəstək verməyi özümüzə borc hesab edirik” – deyə İxtiyar Axundov çıxışında bildirib.
O, vurğulayıb ki, ali məktəb məzunlarının təcrübə proqramı yerli kadrların sonradan Azərbaycanın neft-qaz layihələri çərçivəsində işə cəlb olunması üçün praktiki hazırlanması və öyrədilməsi məqsədilə “BOS Şelf”də yaradılmış və həyata keçirilməkdə olan “Gənc İstedadlar” layihəsinin bir hissəsinə çevriləcək.
“Yəqin ki, bir çox illər ərzində beynəlxalq miqyaslı layihələrdə iş zamanı BOS Şelf”in qazandığı uğurların əsas səbəblərindən biri də yerli və əcnəbi kadrların uğurlu peşəkar simbiozu olmuşdur. Lakin bizim indi daha çox resurslarımız və imkanlarımız var, bu da bizə rəhbər vəzifələr də daxil olmaqla öz əcnəbi həmkarlarını əvəz etməyə qadir olan yeni nəsil mütəxəssislər yetişdirməyə şərait yaradır. Bu istiqamətdə atdığımız bir çox addımlardan yalnız biri olan “BOS Şelf”in təcrübə proqramı məhz bu məqsədi güdür. Beynəlxalq layihələr çərçivəsində milliləşdirmə üzrə dövlət siyasətinə sadiq qalmaqla biz gələcəkdə də ölkəmizin insan resurslarının işlə təmin olunması və inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik” – deyə İxtiyar Axundov çıxışını yekunlaşdırıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Xəzər Universitetinin rektoru İradə Xəlilova və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev öz çıxışlarında “BOS Şelf”in təşəbbüsünə öz dəstəklərini bildiriblər.
“BOS Şelf”in təcrübə proqramı bir il davam etməklə tələbələrə mühəndislik, tikinti-quraşdırma, planlaşdırma, SƏTƏM, keyfiyyətə nəzarət və keyfiyyətin qiymətləndirilməsi sahələrində praktiki təlim və peşəkar vərdişlərin qazanılması imkanları yaradacaq. Bütün təcrübəçilər əmək haqqı alacaq və tibbi sığorta ilə təmin olunacaqlar.
İlin yekununda “BOS Şelf”in mütəxəssisləri təcrübəçilərin qazandıqları nailiyyətləri, bilik və bacarıqları yoxlayıb qiymətləndirəcəklər. Proqramı uğurla tamamlayan məzunlar şirkətdən müvafiq setifikatlar və iş təklifləri alacaqlar.







Son xəbərlər
Son Xəbərlər