Polis Akademiyası ilə bağlı rüşvət ittihamı - Şikayət

polis-akademiyasi-ile-bagli-rusvet-ittihami-sikayet-
Oxunma sayı: 11027

“Qafqazinfo”ya daxil olan şikayət məktubunda adının açıqlanmasını istəməyən polis serjantı bildirib ki, avqustun 7-17-də keçirilən imtahanlarda suallara ətraflı və dolğun cavab verməsinə baxmayaraq akademiyaya qəbul olunmayıb: “Polis akademiyasına ancaq pul gücünə qəbul olunması haqqında şayiələrə fikir verməyib, 1 il müəllim yanında hazırlaşmışdım. Lakin indi qətiyyətlə deyə bilərəm ki, polis akademiyasına qəbul olmaq dünya şöhrətli Oxford universitetinə qəbul olmaqdan qat-qat çətindir və ya ümumiyyətlə mümkün deyil. Akademiyanın rəis müavini Mahir Əhmədov və qiyabi kafedranın rəhbəri Əhməd Əhmədov qəbul üçün plan qoyub. Belə ki, ali təhsilli polis nəfərlərindən 10-15 min, orta təhsilli serjantlardan isə qiyabi təhsil üçün minimal 30 min tələb olunur. Kim bu öhdəlikləri ödəyə bilirsə zabit arzusuna çata bilər. Polis nəfərinin pul verməsi üçün mərhələli şəkildə bəzi çətinliklər yaradılır. Təsəvvür edin ki, imtahanda hansı fənlərin olacağını mən avqust ayının 7-si ilk imtahana 2 gün qalmış öyrənə bildim. Beləliklə aylarla hazırlaşdığım Azərbaycan dili və Coğrafiya kimi fənlər lazım olmadı. İmtahan 2 mülki müəllim və bir polis polkovnikinin müşayiəti ilə 3 fənn üzrə keçir.(Tarix, Ədəbiyyat və İngilis dili) Ədəbiyyatdan düşmüş mövzu barəsində 4 vərəq yazmaq tələb olunur. Yazdığım 3 vərəq yazı yoxlanılmadan cırıb atıldı. Tarix fənnindən isə düşmüş mövzunu danışdıqdan sonra müəllimlər məni bilməyənəcən sual yağışına tutdular. Sonra isə kifayət qədər biliyimin olmadığını əsas gətirərək imtahandan kəsdilər”.

Şikayətçi polis serjantı Polis Akademiyasında qəbul imtahanlarının TQDK kimi test üsulu ilə aparılmadığına da şərh verib: “Cavab sadədir biliyi, savadı olan polis nəfərləri akademiyaya müəyyən olunmuş balı toplamaqla rüşvətsiz girə biləcəklər. Bu isə Akademiya rəhbərliyinin fikrinə ziddir. Əminliklə bu gün polis akademiyasında təhsil alanların əksəriyyətinin ora pul və ya tapşırıq gücünə girdiyini demək olar. Sonda sizin vasitənizlə cənab nazir Ramil Usubova bir sual ünvanlamaq istərdim. Cənab nazir, qəbulda məndən də bilikli, təhsilli polis nəfərlərinin qəbul ola bilmədiyinin qəsdən kəsildiyinin şahidi oldum. Bilmək istərdim nə vaxta qədər belə savadlı kadrların itib-batmasına göz yumulacaq?”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...