Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri başladı

turkiyede-azerbaycan-medeniyyeti-gunleri-basladi-
Oxunma sayı: 855

Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirləri Ərtoğrul Günay və Əbülfəs Qarayev tədbir çərçivəsində təşkil olunmuş xalq sənəti sərgisinin açılışını bildirən qırmızı lenti kəsiblər. Qeyd olunub ki, Ankara və İzmir şəhərlərində keçiriləcək bu tədbir iki ölkənin nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlıq protokoluna əsasən həyata keçirilir.

Ə.Günay aşılış mərasimində deyib ki, bu tədbir, əslində bir xalqın musiqi, mədəniyyət inciləri və mədəni irsinin nümayişdir. Çünki, Azərbaycan və Türkiyə xalqları bir milləti təmsil edirlər. Türkiyədə qardaş Azərbaycanın zəngin mədəniyyəti çox yaxşı tanınır və sevilir.

Ə.Qarayev vurğulayıb ki, bu tədbir iki qardaş ölkənin əlaqələrinin tarixində yeni bir səhifə açır: “Biz, bütün sahələrdə, o cümlədən mədəni əməkdaşlığın gücləndirilməsində göstərdikləri səylərinə görə, ilk növbədə ölkələrimizin rəhbərlərinə təşəkkürümüzü bildirmək istəyirik. Eyni zamanda, Türkiyə tərəfinə də yüksək təşkilatçılıq və qonaqpərvərlik üçün minnətdarlığımızı bildirir, bu gündən etibarən Azərbaycanda da Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsi üçün hazırlıq işlərinə başlanıldığını bəyan edirik”.

Türkiyədə ilk dəfə keçirilən və ziyalılar və incəsənət ustalarından ibarət 70 nəfərlik nümayəndə heyətinin iştirak etdiyi Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimindən sonra Ankaranın Ulus rayonundakı teatrda konsert olub. Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri (bədii rəhbər və baş dirijor xalq artisti Teymur Göyçayev), Dövlət rəqs ansamblı (bədii rəhbər xalq artisti Afaq Məlikova), solistlər - vokalçı, xalq artisti Samir Cəfərov, gənc vokalçı Aygün Zeynalova, eləcə də muğam ifaçıları, respublika müsabiqələri laureatları Babək Niftəliyev və Arzu Əliyeva, Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl, balaban ifaçısı Şirzad Fətəliyev, müğənni Azərin və beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev konsertdə çıxış ediblər.

Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov və digər rəsmi şəxslər mərasimdə iştirak ediblər.

Mədəniyyət Günlərinin ikinci günündə TÜRKSOY-un Ankaradakı iqamətgahında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans, habelə rəsm, xalça, milli geyim və xalq tətbiqi sənət nümunələrimizdən ibarət sərgi də təşkil olunacaq.

Mədəniyyət günləri iyunun 21-də İzmir şəhərindəki tədbirlərlə başa çatacaq.

anspress