“Ümummilli lider Heydər Əliyev zamanın səviyyəsindən yüksək şəxsiyyət idi. O, sanki bu günü və bundan sonrakı sabahı görüb dünəndə fəaliyyət göstərirdi”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 80-ci illərin sonu və 90-cı illərin əvvəli ölkənin səbatsız rəhbərliyinin fəaliyyəti nəticəsində yenidən dağılmağa, iflas olmağa başlayan Azərbaycanı Heydər Əliyev artıq 2-ci dəfə, bu dəfə müstəqil olmağı bəyan etmiş Azərbaycanı yox olmaqdan xilas etdi və onu müstəqil etdi.
Komitə sədri qeyd edib ki, Heydər Əliyev əvvəlcə Naxçıvanda milli bayrağımızı dalğalandırmaqla bu dəfə insanlarda müstəqillik inamını öz şəxsinə olan inamın hesabına gücləndirməyə nail oldu: “Daha sonra 1993-cü ildən Azərbaycana rəhbərlik etməklə sonrakı 10 il ərzində Azərbaycanın əbədi müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki, Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi. O şəxsiyyətinə olan inam və öz şəxsi zəmanəti hesabına Azərbaycan iqtisadiyyatını dünyaya inteqrasiya etdi, kəmərlər, yollar inşa etdi. Azərbaycanı parçalamaq, zəif görmək, milli ləyaqətimizi daim alçaltmaq istəyənlərin arzularını əbədi olaraq gözlərində qoydu”.
T.Mirkişilinin sözlərinə görə, 100 il bundan öncə bu torpaqlarda faciə yaşanırdı: “Belə bir şəraitdə Tanrı Azərbaycan xalqına bu müstəqilliyi bir daha bəxş edəcək və bu dəfə onu əbədi edəcək bir övlad bəxş etdi. Bütün gözəl, bənzərsiz, müqəddəs işlər insandan hünər istəyir. Ona görə də zamanın səviyyəsində yaşayıb fərdi, xalqı və dövləti müstəqilliyə tam çatdırmaq mümkün deyil. Heydər Əliyev zamanın səviyyəsindən yüksək şəxsiyyət idi. O, sanki bu günü və bundan sonrakı sabahı görüb dünəndə fəaliyyət göstərirdi. Öz müstəqilliyi ilə dostlarımızı sevindirən, rəqiblərimizi çəkindirən, düşmənlərimizi məyus edən, Qarabağı azad edən, bayrağımızı Şuşada dalğalandıran bugünkü Azərbaycan məhz Heydər Əliyevin əsəridir. Onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə bu əsəri hər keçən gün daha da zənginləşdirir və gücləndirir. Artıq hər kəs bilir və sonsuz olaraq inanır ki, bu gün 100 ildir, sabah 1000 il olacaq”.
***
Deputat Fazil Mustafa Heydər Əliyevin ömrünün ən önəmli hissəsini peşəkar çekist kimi fəaliyyət göstərdiyini bildirib: “Çekistlər yaşamla ölüm arasında məsafəni peşə gərəyi itirmiş nadir şəxslər olurlar. Bəlkə də bu sferadan deyil, pedoqoji sahədən və ya birbaşa partiya yaxud emosional hərbçi sferasından siyasətə gəlsəydi, bu qədər amansız dalğaların qarşısında duruş gətirməkdə çətinlik çəkərdi. O, yaşamağa hazırlaşdığı soyuqqanlılıqla ölümə də hazırlaşmışdı. Ona görə də KQB-nin qapalı liderliyindən Azərbaycan Kommunist Partiyasında açıq liderliyə transferində təcrübə çətinliyi yaşamadı. O, sovet represiyasının mahiyyətini də, stalinizmi də, bağırovçuluğu da dərindən bilirdi, Xruşov dövrünün aldatmaca yumşaqlığının da, Brejnev dövrünün konformizminin nəticələrini də proqnozlaşdırmaqda çətinlik çəkmirdi.
Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçiləndə iki müavininin keçmiş kommunistlərdən, ikisini də hərəkatçılardan seçərkən siyasi-ideoloji platformada uzlaşma modelini əyani şəkildə təqdim etmişdi. Sonrakı hadisələr göstərdi ki, məhz bu uzlaşmanın olmaması ölkəmizdə daxili qarşıdurmanın, habelə ərazi itkilərinin əsas səbəbi oldu. Biz Heydər Əliyevin içində yaşatdığı real Azərbaycanı görə bilmədik. Bizim içimizdəki Azərbaycan dünyadan tədric olunmuş xəyali bir məkan idi. Bu məkanı hansısa dövlətin üzərindən gah Cənubla birləşdirirdik, gah da bölgədə sərbəst hərəkət trayektoriyası ilə Turana qoşurduq. Heydər Əliyevin içində yaşatdığı Azərbaycan isə ilk növbədə imperiya mərkəzi olan Moskva ilə münasibətləri ağıllı şəkildə çözməli idi. Bunu çözmədən Azərbaycanın varlığı hər zaman təhlükə altında qala bilərdi. Biz duyğularımızın diqtəsi ilə Moskvadan köntöy formada qopmaq istəyirdik və bunun faciəli nəticəsini proqnozlaşdırmaq ağlımıza da gəlmirdi. Heydər Əliyev isə təhlükəsiz və tədricən üzülüşmə yolunu düşünürdü. Zaman göstərdi ki, məhz bu üzülüşmə yolunun bir müddət sürəcəyini anlayan siyasi düşüncə Azərbaycanın müstəqilliyini daha çox maddiləşdirə bildi. Açığı, biz Heydər Əliyevin kommunist partiyası liderindən müstəqil dövlətin liderliyinə transformasiyasına heç cür inana bilmirdik. Yəni dəyişə biləcəyinə inana bilmirdik. Ona atdığımız təbliğat böhtanların başında əsasən “o, rus ordusunu təkrar Azərbaycana qaytaracaq, Qarabağı heç vaxt qaytarmağa çalışmayacaq” kimi tezislər gəlirdi. Zaman böyük siyasət adamı Heydər Əliyevə qarşı inkarçılığa, ədalətsiz tənqidə və bəzən də təhqirə qədər varan müxalifətçiliyimizin iflasını bizlərə göstərdi”.
Zaur Mirzə