“Elə bil Bakının yarısı burada işləyir, 1 aya tamamlayarlar” - Erməni sakin

ele-bil-bakinin-yarisi-burada-isleyir-1-aya-tamamlayarlar
Oxunma sayı: 13579

“Görünən odur ki, Kreml Azərbaycan-Ermənistan münasibətlərinin tək və əsas moderatoru olmaqda israrlıdır, Brüsselin, Avropa Birliyinin bu məsələdə aktivliyindən qıcıq olur. Amma Moskvanın indiki beynəlxalq mövqeyini, izolyasiyasını nəzərə alaraq onu demək olar ki, Kreml təkbaşına bu işi bacarmayacağını da anlayır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə öz sosial şəbəkə hesabında REAL Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli yazıb. O, qeyd edib ki, bu məsələdə Türkiyə faktoru çox önəmlidir: “Azərbaycan və Türkiyə xarici siyasətdə, beynəlxalq və regional məsələlərdə, futbol dili ilə desək, “paslaşaraq” qərarlar alırlar, bunun nəticəsində bəzən rəsmi Ankara, bəzən isə rəsmi Bakı “qol” vurur. Yəni sıx koordinasiya və maraqların tam uyğunlaşdırılması prosesini izləyirik və bu çox doğru addımlardır.

Bu gün Türkiyə Kreml üçün əvəzedilməz “nəfəslikdir”, bunu Moskva dəqiq görür və anlayır – Türkiyə sanksiyalara qoşulmamaqla, hava məkanını açıq saxlamaqla, Rusiyanın ehtiyacı olan, amma birbaşa sanksiyalara tuş gəlməyən sahələr üzrə təhcizatçı olmaqla Moskva üçün önəmi dəfələrlə artıb, önəm artdıqca Rusiyanın Türkiyədən asılılığı da artır. Yəni Kremlin bu gün bölgə ilə bağlı istədiyi ssenariləri həyata keçirməkdən çəkinməsinin əsas səbəbi Avropa Birliyi deyil də, məhz Türkiyədir”.

Natiq Cəfərli eyni zamanda alternativ Laçın yolu ilə bağlı Ermənistanda isterikanın yaşandığını bildirib: “May-iyun aylarında alternativ yolun açılışı gözlənilir. Bu, çox vacib addımdır, həm 10 noyabr anlaşmasında yer alıb deyə Rusiya və Ermənistan gedişata mane ola bilmir, həm də Azərbaycan çox sürətlə işləri aparır deyə Ermənistan reaksiya verməyə belə gec qalır. Alternativ yolun özəlliyi bir tək Laçın şəhərinin tam bizim nəzarətə keçməsi deyil, həm də Ermənistanın “Laçın koridoru” (yeri gəlmişkən, “koridor” ifadəsini tərgidək, onun əvəzinə ancaq “yol” ifadəsi işlədək) adlandırdığı köhnə yoldan Xankəndinə müxtəlif kommunikasiya xətləri gedir – işıq, qaz, internet və s. Yeni yolda isə bu kommunikasiya xətləri olmayacaq. Xankəndi şəhərimizin bütün təminatını özümüz həyat keçirəcəyik. İndi yeni yol üçün Həkəri çayı üzərindən yeni körpü tikilir (fotoda həmin yerdir, Ermənistan saytları yayıb), yaxınlıqda yerləşən kəndlərdən birinin sakini Sarkisyan təəccüblə deyib ki, elə bil Bakının yarısı burada işləyir, çox sürətlə çalışırlar, yəqin 1 aya işləri tamamlayacaqlar”. 

Həmçinin oxuyun: “Vinter Park”da işçilər əmək müqaviləsiz işlədilib