Fransızların koronavirusla mübarizəsi... - Həmyerlimizin gördükləri

fransizlarin-koronavirusla-mubarizesi
Oxunma sayı: 12128

Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir. Bu ölkələrdən biri də Fransadır.

“Qafqazinfo”ya danışan Pau şəhər sakini, həmyerlimiz Gülnar Qəribzadə hazırda Fransada olan vəziyyəti şərh edib.`

16 ildir Fransada yaşayan, əslən Cəbrayıl rayonundan olan Gülnar xanımın sözlərinə görə, hazırda ölkədə koronavirus ən çox yaşlı insanlarda rast gəlinir. Qocalar evlərində də bu virusa yoluxanların sayı az deyil.

Fransa kimi inkişaf etmiş ölkə qabaqlayıcı tədbirlər görsə də, virusla bacara bilmir. Elə bunun nəticəsidir ki, son sutka ərzində 14 min insan koronavirusa yoluxub.

Gülnar xanım bildirir ki, Fransanın Daxili İşlər Nazirliyinin müraciətinə əsasən, 17 mart tarixindən bütün vətəndaşlar qurumun rəsmi internet səhifəsində xüsusi formanı ya çap edib, ya da əllə doldurub üzərilərində gəzdirmək məcburiyyətindədirlər. Bu ərizədə ad, soyad, doğum tarixi, yaşayış ünvanı və hara getdikləri qeyd olunmalıdır. İnsanlar yalnız zərurət olduğu halda, evdən çıxa və ya işdən harasa gedə bilərlər. DİN virusun yayılmasının qarşısını almaq üçün bu addımı atıb. Buna baxmayaraq, 4 gün ərzində ölkə üzrə polis tərəfindən 38,994 nəfər cərimələnib.

Həmyerlimizin sözlərinə görə, Fransada virusun yayılmağının ən birinci səbəbi insanların təlaşa qapılıb marketlərə və apteklərə axın etməsi olub. Axının qarşısını almaq üçün dövlət bir neçə ictimai yerləri bağlamağa, böyük mağazalarda 1 metrlik məsafə saxlamağa, apteklərə 3 nəfərdən çox insanın daxil olmamasına qərar verib. Bu yerlərə yalnız günorta saat 12:00-dək icazə verilir. 12:00-dan sonra karantin elan edilib və bunun 15 gün davam edəcəyi bildirilir.

Hələlik əhalinin çoxluq təşkil etdiyi 3 böyük şəhərdə (Arras, Colombes və Nice) saat 20:00-dan sonra sakinlərin küçəyə çıxması qəti qadağan edilib. Qadağanı pozanları gözləyən cəza isə 135 avro dəyərində cərimə və 6 ayadək həbsdir.

Gülnar Qəribzadə bildirir ki, martın 2-ci həftəsindən etibarən ölkə üzrə ərzaq mağazalarının ümumi gəlirində 38 faiz artım olub. Bu, Fransa tarixində ilkdir. Bundan başqa, Fransanın ən böyük ərzaq mağazalarından olan “Auchan” 65.000 işçisinə maaşlarından əlavə 1000 avro mükafat verəcək. Bu məbləğ işçilərin öz həyatlarını riskə atdığı üçündür. Ölkədə orta əmək haqqı 2000 avro təşkil edir. İşləyənlər depozit hesab açıb, bu dövrdə pullarını ən əsas ərzaqları almaq üçün xərcləyirlər.

Ölkədə tibbi maska qıtlığı yarandığından Çindən 100.000 tibbi maska gətirilib və bunun böyük əksəriyyəti tibb işçiləri üçün nəzərdə tutulub. Kömək məqsədi ilə “Louis Vitton” və “Boygues telecom” mobil şirkətləri də milyonlarla tibbi maska verəcəklərini açıqlayıblar.

Dövlət əlavə olaraq, evsiz insalar üçün 500 milyon avro ayırıb. Üstəlik, 200-dən çox insan evlə təmin olunub.

Fransızlar bu pandemiyaya maddi və mənəvi ruh yüksəkliyi ilə qalib gəlməyə çalışırlar. Hər axşam saat 20:00-da eyvana çıxan yerli əhali əl çalaraq göstərdikləri səylərə görə tibb işçilərini alqışlayırlar.

Qeyd edək ki, son məlumata görə, Fransada 16,018 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 2200 nəfəri sağalsa da, 674 nəfəri koronavirusun qurbanı olub.

Emin Səfərov