Gəncə Memorial Kompleksi layihələndirilib. Kompleks 4 ha torpaq sahəsini əhatə edəcək.
“Qafqazinfo” xəbər verir ki, 17 oktyabr 2020-ci il tarixində 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi, qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutulub, həmin raket zərbələri nəticəsində 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirib, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır bədən xəsarətləri alıb.
Baş vermiş faciə nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən tapşırıqlar verilib və ərazidə ziyan çəkmiş binaların konservasiyası nəzərə alınmaqla Gəncə Memorial Kompleksinin layihələndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kompleksin təməli qoyulub.
Konsepsiyası Böyük Britaniyanın nüfuzlu “Chapman Taylor” şirkəti, tikinti layihəsi isə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış Kompleks unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərindən ibarətdir.
Memorial abidə 12 m dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada işlənilmiş, hədisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilmiş memarlıq nümunəsidir. Həmçinin muzey kompleksinin spiralvari formasının müşahidəsi üçün xüsusi sahələr planlaşdırılıb.
Kompleks ərazisində yerləşən muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək, Gəncə hadisələrinin işıqlandırılmasında xüsusi rol oynayacaq. Bununla yanaşı, muzey binasından başqa raket zərbələri nəticəsində dağıdılmış yaşayış evlərinin qalıqlarının və izlərinin saxlanılacağı hissə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub.
Burada şəhərin zərər dəymiş hissəsinin abadlaşdırılması və əhalinin istirahəti üçün geniş park da layihələndirilib.
Ərazidə həmçinin, 3 ədəd giriş tağları, 1 ədəd fəvvarə, mühəndis qurğuları olan 1 ədəd qazanxana, 1 ədəd transformator yarımstansiyası, 1 ədəd yeraltı nasosxana, 2 ədəd yeraltı içməli və yanğın əleyhinə su çənlərinin inşası planlaşdırılır.
Kompleksin ərazisində yeni layihələndirilən bina və qurğuların tikinti sahəsi 3 140.2 m² m², bütün yerüstü mərtəbələrinin sahəsi 3 542.2, konservasiya olunan binaların sahəsi 2 965.9 m² təşkil edir. Ərazidə yerləşən mövcud abidə 18.2 m² tikinti sahəsini əhatə edir.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə ayrı-ayrı zamanlarda, daha dəqiq 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket zərbələri endirilib. Onlardan ən dəhşətliləri 11 və 17 oktyabr tarixlərində baş verib. Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.
Gəncə şəhərinə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, ümumilikdə 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.





Son xəbərlər
Son Xəbərlər