Gəncədə məktəbli qız sinif yoldaşını bıçaqlayıb

gencede-mektebli-qiz-sinif-yoldasini-bicaqlayib
Oxunma sayı: 9612

Gəncədə məktəbli qız digər qız sinif yoldaşını bıçaqlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə 8 nömrəli şəhər tam orta məktəbində qeydə alınıb.

İlkin məlumata görə, 2007-ci il təvəllüdlü 9-cu sinif şagirdi həmcinsi olan sinif yoldaşına bıçaqla xəsarət yetirib. 15 yaşlı qızın sinif yoldaşına boyun və kürək nahiyəsindən 2 zərbə vurduğu bildirilir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub: “Polis əməkdaşları dərhal hadisə yerinə gedərək araşdırmalara başlayıblar. Məktəbliyə öz sinif yoldaşı olan digər qız şagird tərəfindən xəsarət yetirilməsi məlum olub. Hazırda araşdırma aparılır. Nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

***

Bu gün səhər saatlarında Gəncədə məktəbdə 9-cu sinifdə oxuyan qızın məktəbli yoldaşını bıçaqlaması hadisəsinin təfərrüatları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bağmanlar küçəsində yerləşən Molla Pənah Vaqif adına 8 saylı orta məktəbdə 9-cu sinif şagirdi olan qızı bıçaqlayan 15 yaşlı Səbinə (şərti adlı) hadisədən sonra məktəbdən qaçıb. Hələlik onun harada olması müəyyənləşməyib və axtarışları davam etdirilir.

Məktəbdən bildirilib ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meylli olub. O, bir müddət əvvəl bu gün bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. Səbinənin hərəkətləri barədə müəllimləri də bir neçə dəfə xəbərdarlıq edib.

Bu gün baş verən hadisəyə gəlincə, bıçaqlanma ilk dərsdən sonrakı tənəffüs fasiləsində baş verib. 9-cu sinifdə oxuyan qız özü ilə gətirdiyi kəsici alətlə sinif yoldaşının boğaz nahiyəsinə xəsarət yetirərək qaçıb. Hadisədən dərhal sonra Gəncə şəhər Təhsil İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları məktəbə gəliblər.

Bıçaqlanan qız xəstəxanaya yerləşdirilib.

Nizam Rza