Göydən düşən dördüncü Quba alması – Analiz

goyden-dusen-dorduncu-quba-almasi-analiz-
Oxunma sayı: 795



Azərbaycan tarixinə Quba üsyanı kimi daxil olan üç böyük hadisə baş verib. Bu üsyanlar bir-birinin ardınca XIX əsrdə Quba əyalətində çar üsul-idarəsinə və yerli feodalların zülmünə qarşı olub. Birinci Quba üsyanı Rusiya-İran arasında bağlanmış Gülüstan müqaviləsindən (12 oktyabr 1813-cü il) 13 il sonra, 1826-cı ilin iyul-avqust aylarına təsadüf edib.

İkinci Quba üsyanı Türkmənçay müqaviləsinin (10 fevral 1828-ci il) onuncu ildönümü ərəfəsində, 1837-ci ilin mart-aprel aylarında başlanıb və fasilələrlə 6-7 ay davam edib.

Üçüncü Quba üsyanı ikincidən 40 il sonra, 1877-ci ilin ortalarından payıza qədər sürüb. İkinci Quba üsyanı miqyas və mahiyyətinə görə özündən əvvəlki və sonrakı üsyanlardan müəyyən mənada fərqlənmiş, çar rejimini Azərbaycana və azərbaycanlılara münasibətdə yanıldıqlarını etiraf etməyə və bir sıra ciddi islahatlar aparmağa məcbur edib. İkinci Quba üsyanı 12 mindən çox əhalini və Quba, Dərbənd, Dağıstan kəndlərinin əksəriyyətini əhatə edib. Həmin vaxt Qafqazda Şeyx Şamil hərəkatının qızğın çağları olub...

Yəqin ki, vaxt gələcək 1 mart 2012- ci ildə baş verənlər də Qubadakı kütləvi etirazlardan biri kimi tarixə düşəcək. Çünki, dünən Azərbaycanın bu Şimal rayonunda baş verənlər hansısa müxalifət partiyasının, yaxud da başqa təbəqəyə aid qrupun hərəkətləri deyildi. Dünən baş verənləri tarixçilər, politoloqlar təhlil edib öz qiymətlərini verəcəklər. Şübhəsiz ki, dövlət səviyyəsində də bu hadisə ilə bağlı analizlər aparılmaqda və müəyyən nəticələr çıxarılmaqdadır.

Bu hadisələri kim təhlil edirsə etsin, bir neçə məqama diqqət etmək vacibdir. Deməli, Qubanın yerli administrasiya rəhbəri, yəni icra başçısı Rauf Həbibov keçirdiyi müşavirədə qubalıların ünvanına təhqirlər səsləndirir. O, qubalıları vətənə xəyanətdə, dövləti 30-40 manata satmaqda ittiham edir. Onun bu çıxışı internetdə yerləşdirildikdən sonra geniş ictimai müzakirələrə səbəb olur və rezonans doğurur. Cəmi bir neçə gün ərzində rayonda əhalinin qəzəbi pik həddə çatır və onlar gözlənilmədən kütləvi aksiyalara başlayırlar. Bir gün ərzində həm icra hakimiyyətini, həm də başçının mülklərini yandırır, nəticədə Rauf Həbibovu istefaya məcbur edirlər. Və axşama yaxın cəmi 18 nəfər saxlanılanı da həbsdən azad etdirərək dağılışırlar. Hadisə yerinə ölkə rəhbərliyinin göstərişi ilə bir neçə yüksək vəzifəli rəsmi ezam edilir. Polis və daxili qoşun cəlb edilsə də, açıq qarşıdurma baş vermir. Və hadisə dünən dünyanın, o cümlədən regionun əksər mediasında baş xəbərə çevrilir. Yəni, hadisənin qısa xronologiyası belədir. Bu görünəndir...

Gəlin görünməyən məqamlarla tanış olaq. Burada bir nüansı qeyd etmək də fakt kimi maraqlıdır. Rauf Həbibovun məlum hadisəyə səbəb çıxışı ötən ilin noyabrında olub. Üstündən bir neçə ay keçəndən sonra materialın ortaya çıxması təsadüfdürmü? Hər halda bu məqamı diqqətdən qaçırmaq olmaz. Ancaq burada zaman anlayışını bir kənara qoyaraq, məsələnin mahiyyətinə diqqət yetirmək lazımdır. Söhbət Quba kimi rayonun icra başçısının ortada əlahəzrət fakt kimi mövcud olan çıxışından gedir. Axı hər bir icra başçısı vəzifəsi siyasi bir postdur və ölkə prezidentinin həyata keçirdiyi siyasəti həmin bölgədə əks etdirən şəxsdən söhbət gedir. Bu ölkədə kimliyindən asılı olmayaraq, vəzifə tutan hər bir şəxs Azərbaycanın hansı coğrafi məkanda yerləşdiyini yazıb başının üstündən asmalıdır. Hər bir məmur ölkəsinin İran və Rusiyanın, - iki odun arasında yerləşdiyinin fərqidə olmalıdır. Konkret olaraq, icra başçıları isə bu ölkədə 8 ildir prezidentlik vəzifəsini icra edən İlham Əliyevin çıxışlarına qulaq asmalı, hansı sözü harada və necə demək lazım olduğunu müəyyənləşdirməli, insanlara necə müraciət etmək lazım olduğunu bilməlidirlər. Şəxsən, mən bir jurnalist kimi 6 il prezident İlham Əliyevin bölgələrə səfərlərini işıqlandırmışam. Dövlət başçısı demək olar bütün səfərlərində kütlə qarşısında çıxış edib. Özü də bu çıxışlar canlı olub, prezident kağızdan heç nə oxumayıb. Səhv etmirəmsə, cəmi bir dəfə prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov İlham Əliyevin çıxışından sonra jurnalistlərə yaxınlaşaraq yazılacaq informasiyada redaktə xarakterli dəyişiklik etməyi xahiş edib. Qalan bütün hallarda dövlət başçısı nə danışıbsa yazılıb və yayımlanıb, heç bir qüsur-filan da ortaya çıxmayıb.

Mən burada hansısa rayonun başçısı ilə ölkə prezidentini müqayisə edəcək qədər sadəlövh görünmək istəmirəm. Demək istəyirəm ki, indiyə kimi prezidentin dilindən hansısa ölkə vətəndaşının haqqında “satqın”, “vətənini”, “namusunu satan”, “dövlət xaini” kimi ifadələr çıxmayıbsa, bu söz rəsmi siyasi leksikonda işlədilmirsə, o zaman bu icra başçısı hara qulaq asırmış indiyə kimi? Hələ dünən o vurhavurda Qubaya göndərilən Ziya Məmmədovun əlinə mikrofonu alıb üzr istəməsinə baxın. Adam bir kəlmə söz deyir, o da qüsurlu - “Mən camaatın adından sizdən üzr istəyirəm?”. Başa düşmədik. Camaatın adından niyə?

Nəsə, bu bizdə köklü məsələlərdən biridir və sözümüzün mabədi odur ki, Qubada dünən baş verənlər ilk növbədə Rauf Həbibovun ağzının danışığını bilməməsinin nəticəsidir.

Burada ikinci məqam isə icra başçısının nəyə görə belə danışmasının səbəbləri ilə bağlıdır. Maraqlıdır ki, rayonun başçısı niyə bu cür danışsın, hansı səbəblər onu belə qızışdırıb? Çox böyük ehtimalla icra başçısı rayonda bəzi şəxslərin hansısa qruplara qoşulmasına, dini təriqətlərə meyl etməsinə işarə vurmaq istəyib. Bu ölkədə nəinki xüsusi xidmət orqanlarına, eləcə də ictimai proseslərin içində olan hər kəsə məlumdur ki, İran Azərbaycana qarşı islam inqilabı ixrac etmək niyyətindən əl çəkmir. Tez-tez ölkənin müxtəlif bölgələrində o cümlədən Nardaran və Qubada müəyyən şəxsləri ələ almaqla qarışıqlıq yaratmağa, guya bu ölkədə İslam dininin qaydalarının pozulmasında ittiham etməkdə maraqlı görünür. Ölkəmiz yeri gəldi gəlmədi İranın müxtəlif Ayətuallahları və vəzifəli şəxsləri tərəfindən təhdid edilir. Yəqin ki, MTN-nin bir neçə gün əvvəl Nardaranda keçirdiyi əməliyyatı və ona qədər həbs olunan şəxslərlə bağlı informasiyaları heç kim unutmayıb. Elə bu olaylardan sonra aylar əvvəl çəkilən həmin videonun ortaya çıxması da birləşdirici məqam sayıla bilər.

Daha bir məqam bütün bu faktların mövcud olduğu şəraitdə baş verə biləcək hadisənin qarşısının alınması ilə bağlıdır. Dövlət bu hadisənin qarşısını ala bilərdimi? Doğrudur, Qubada baş verən bu hadisə hər gün dünyanın müxtəlif ölkələrində bu və ya digər formada təkrar olunur. Lakin həmin ölkələr Azərbaycan deyil və biz məsələyə yuxarıda qeyd etdiyimiz kimi sırf coğrafi şəraiti, əhalinin yaşam tərzini və proseslərdə iştirakı kontekstindən yanaşmalıyıq. Tutaq ki, qonşu Türkiyədə və Yunanıstanda demək olar ki, hər gün aksiyalar, nümayişlər keçirilir. Heç bu aksiyalar haqqında az qala həmin ölkənin mətbuatı belə xəbər vermir. Bizdə isə dünənki hadisə qeyd etdiyimiz kimi bir çox ölkələrdə baş xəbər kimi yer alıb. Sözümüz ondadır ki, icra başçısı bu çıxışı edən vaxt hələ bir neçə ay əvvəl gərək müvafiq qurumlar bu barədə ölçü götürəydi. Ən geci, beş-altı gün əvvəl bu video sosial şəbəkələrə yol tapanda və rezonansa səbəb olanda, yəni vaxtında Rauf Həbibovu vəzifəsindən kənarlaşdırmaq lazım idi. Axı Azərbaycan dövləti Rauf Həbibov kimi düşünmür... Bizim ölkədə yəni bütün icra başçılarımı Rauf Həbibov səviyyədədir? Bax dövlətin belə düşünmədiyini sübut etmək üçün gecikmək olmazdı. Axı indiyə kim Azərbaycan dövlətinin rəhbərliyi lap elə dini məsələyə toxunarkən necə diqqətli mövqe tutublar. Hər zaman qurula qeyd olunub ki, Azərbaycan dünyəvi dövlətdir, öz tolerantlığı ilə dünyaya nümunədir. Bu ölkədə hər kəsin dini azadlığı təmin olunur və s. Yəni lazım olan siyasət var, ortadadır, lakin məqamında nümayiş etdirilməyəndə Quba hadisələri kimi fəsadlar yarana bilər. Axı bu Rauf Həbibov kimdir ki, onu Qubada qurban vermək mümkün olmasın? Azərbaycan o ölkə deyil ki, kim yuxusunda nə gördüsə, gəlib Azərbaycanda yozmağa başlaya. İran bir ölkə kimi ABŞ tərəfindən vurulmaq ərəfəsində ola-ola özləri üçün xoş görünə niyyətlərindən əl çəkmirlərsə, niyə biz öz dövlətimizin maraqlarını düşünməməliyik?..

Dünən baş verən hadisəyə həm də bir örnək, təcrübə kimi yanaşılmalıdır. Həssas məqamlar daim diqqətdə saxlanılması və yaran ən kiçik çatışmzalıqlar belə dərhal aradan qaldırılmalıdır. Ölkənin bütün rayonlarına rəhbərlik edən icra başçıları nizam-intizamlı olmalı, insanların heysiyyatı ilə oynamamlıdırlar. Məqsəd Azərbaycan dövlətinin müstəqilliyini gücləndirmək, dövlətimizi daha inamlı etməkdirsə, gərək bunu əməlimizlə də sübut edək.

Sonda bir məqamı da qubalılarla bağlı demək istəyirəm. Məncə, qarşı tərəf də məsələni sakit həll edə bilərdi. Məsələn, dünənki aksiyalarda iştirak edən insanların imzası ilə ölkənin rəhbərliyinə ərizə yazıla və Rauf Həbibovun işdən azad olunması tələb edilə bilərdi. Həmin şikayət ərizəsi dünənki hadisələr kimi mediada işıqlandırıla bilərdi. Nəticəsi olmasaydı, aksiya keçirmək, od vurub yandırmaq qaçmırdı.

Hər halda, Azərbaycan tarixində üç məşhur üsyan etmiş Qubanın aktivinə daha bir kütləvi etiraz yazıldı. Tarixdən ibrət almaq ümidi ilə...
Göydən üç alma düşdü...

Elbrus Ərud