“Guya teatrın tualetində özümü asmışam...” - Aktyordan təkzib + Yenilənib

guya-teatrin-tualetinde-ozumu-asmisam
Oxunma sayı: 4457

Mingəçevir Dövlət Dram Teatrının aktyoru Asim Məmmədov dünən özünü işlədiyi teatrın ayaqyolusundan asması haqda məlumatlara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, aktyor ölkə.az-a açıqlamasında intihar fikrinin olduğunu təsdiqləyib və bu addımı 15 min dollar borca görə ata biləcəyini dilə gətirib:

“Bu məsələnin teatra heç bir aidiyyatı yoxdur. Tanış adamlara sələmçilərdən pul götürüb vermişəm. Ümumi məbləğ 15 min dollardır. İndi də ortada qalan mənəm. Yaxşılıq etmək istədim, axırı da belə oldu. Özümü asmamışam, amma bəli, intihara cəhd etmişəm. Dərmanlar almışdım ki, içib özümü öldürüm. Sonra yaxşı yoldaşlar məni yolumdan döndərə bildilər. Sələmçilər də məndən əl çəkmirlər. Deyirlər ki, ya evini girov götürəcəyik, ya məhkəməyə verib tutduracağıq. Pulu götürüb verdiyim adamlar da demirlər ki, vermirik. Sadəcə, imkanları yoxdur. İndiyə kimi sələmçilərə ayda iki min faiz vermişik. Əməkhaqqım 170 manatdır. O pulla da borc vermək alınmır. Pulu götürəndə dilimdən “borc kağızı” almışdı, səsimi yazmışdı. Bu söhbət notariusda yox, ikimizin arasında olub. İndi də dollar qalxıb, borclular ümumiyyətlə ödəyə bilmirlər. İnsanın canı boğazına yığılanda hər şey edir”.

Qeyd edək ki, aktyorun həmkarları onun özünü asdığını bildirmişdilər.

 

***

Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Vüsal Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, aktyor Asim Məmmədovun özünü asması xəbəri yalandır. Onun sözlərinə görə hadisənin baş verdiyi iddia olunan vaxtda aktyor tamaşada məşqdə olub: “Həmin vaxt teatrımızda yenicə baş rejissor təyin olunan Xəzər Gəncəlinin rəhbərliyi ilə “Müfəttiş” tamaşasının məşqi gedirdi. Məşq prosesi zamanı, aktyorun da orda iştirak etdiyi bir vaxtda gördük ki, mətbuatda aktyorun özünü asması ilə bağlı xəbərlər yayılıb. Dərhal aktyorla görüşüb məsələni aydınlaşdırmağa çalışdıq. O, bildirdi ki, belə bir hadisə olmayıb. Sadəcə onun adından istifadə edilib”.

Teatr rəsmisi bildirib ki, bu məsələdə bu yaxınlarda teatrdan qovulan aktyor İbrahim Salamovun “xüsusi əməyi” var: “Aktyor Asim Məmmədovun kənarda 7-8 min borcu var. Bundan xəbər tutan İbarhim Salamov onunla görüşüb məsləhət edib ki, “gəl sənin məsələni mətbuata qaldırıb şişirdək, bundan sonra borclu olduğu adamlar qaçıb gizlənəcək və səndən heç kim pul tələb etməyəcək”. Daha sonra hansısa jurnalist Asim Məmmədova zəng edərək onun borcu olub-olmadığı barədə sual verib və mətbuatda əsassız məlumat dərc edib. Bu barədə Asim Məmmədov öz izahatında bildirib və bizə İbrahim Salamovun ona yazdığı mesajları göstərib”.

Vüsal Məmmədov əsassız məlumatın yayılmasına görə bəzi jurnalistləri qınayıb: “Bəzi jurnalistlər reytinq xətrinə bir insanın taleyi ilə oynayır. Asim Məmmədov teatrın sevilən, ali dərəcəli aktyorudur. Bu, sadəcə Salamov İbrahimin teatrımıza qarşı növbəti çirkin bir oyunu, kompaniyasıdır. Aktyorun kimsə borcu varsa onun teatra nə dəxliliyi var?

Asim Məmmədov özü də mətbuata açıqlama verərək bildirib ki, əgər belə bir hadisə olsaydı olsaydı onun boğazında hansısa izlər olardı”.

Məsələ ilə əlaqədar aktyorun özü də fikir bildirib. Aktyor həqiqətən borcu olduğunu, lakin heç vaxt intihar etmək barədə düşünmədiyini deyib: “Bir neçə gün bundan əvvəl İbrahim Salamovla görüşüb borcum olduğunu demişdim. O da təklif etdi ki, gəl bunun mətbuata çıxardaq. Lakin mətbuata hansı məlumat verdiyindən xəbərsizəm. Dünən bir jurnalist mənə zəng edib borcum olduğu barədə soruşdu, mən də cavab verdim ki, var. Daha sonra isə xəbər tutdum ki, mətbuatda yayılıb ki, guya mən teatrın tualetindən özümü asmışam. Bu barədə eşidəndə şoka düşdüm. Qohumlarım da çox narahat olublar. Məlumat tamamilə yalan və əsassızdır”.

Onu da əlavə edək ki, Mingəçevir Dövlət Dram Teatrı ali dərəcəli aktyoru Asim Məmmədovun barəsində mətbuatda yalan məlumat yayıldığı barədə bəyanat yayıb.