Türkiyənin “Haber Turk” kanalında Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin iki il öncə törətdiyi avtoqəza ilə bağlı reportaj yayımlanandan sonra ailənin vəkili Muxtar Mustafayev təkzib yayıb.
“Qafqazinfo”ya daxil olan təkzibi təqdim edirik:
“Ötən gün Türkiyənin “Haber Türk” telekanalı iş adamı Elman Allahverdiyevin oğlu Nail Allahverdiyevin 2 il əvvəl törətdiyi avtomobil qəzası ilə bağlı reportaj hazırlayıb.
Məlumat üçün bildiririk ki, Mütallib Tekişin həmin TV-yə təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir. Onun təqdim etdiyi fotolar və görüntülər 2017-ci ilə aiddir və hal-hazırdakı vəziyyəti əks etdirmir.
Mütallib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş Türkiyədə yerləşən xəstəxananın bütün müalicə xərcləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən, qəzanı törətmiş avtomobilin (yüksək təhlükə mənbəyinin) sahibi “Gardenia” MMC-nin təsisçisi, iş adamı Elman Allahverdiyev tərəfindən ödənilmiş və 2 il ərzində reabilitasiya dönəmini tam başa vurublar.
2019-cu ilin yanvar ayının sonuna qədər bütün xərclərin ödənildiyini Mutallib Tekiş özü 31 may 2019-cu il tarixdə yayılan videoda etiraf edib.
Müayinə və müalicə xərclərindən başqa Mütəllib Tekişə və Songül Tekişə maddi tələblərinə görə iş adamı Elman Allahverdiyev tərəfindən ödənişlər edilib. Bütün ödənişlər rəsmi qaydada Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsi ilə edilib və bunu təsdiq edən müvafiq sənədlər mövcuddur.
Mütallib Tekiş heç bir əsaslandırma, sübut təqdim etmədən, qəza nəticəsində böyük maddi ziyan çəkdiyini, Cənubi Afrika Respublikasında bir milyondan artıq zərərə uğradığını iddia edir. Lakin çox maraqlıdır ki, 2015-2017-ci illər ərzində yəni, qəzadan əvvəl özünə aid Türkiyədə tibbi sığorta borcunu maddi vəziyyətinin ağırlığına görə ödəmək imkanı olmadığından həmin sığorta borcu da özünün xahişinə əsasən Elman Allahverdiyev tərəfindən ödənilib.
Qəzanı törətmiş avtomobilin (yüksək təhlükə mənbəyinin) sahibi “Gardenia” MMC tərəfindən Mütallib Tekişə və onun həyat yoldaşına dəymiş ziyanın ödəniləcəiy ilə bağlı təminat verilib, bu təminat bu gün də qüvvədədəir, onun yerinə yetirilməsindən imtina edilib.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan hüquqi dövlətdir və Nail Allahverdiyev törətdiyi əməlin ağırlığına görə məhkəmənin çıxardığı hökmə uyğun olaraq cəzasını çəkir. Mütallib Tekiş tərəfindən əsassız, qeyri-real tələblər irəli sürüldüyündən qanunvericiliyə müvafiq olaraq mübahisənin məhkəmədə iddia qaldırılmaqla həll edilməsi ona təklif edilib. Ona dəfələrlə bildirilib ki, məhkəmədə zərərlə bağlı sübutlar əsasında ziyanın ödənilməsi ilə bağlı barışıq sazişinin imzalanması təklif ediləcək.
Mutallib Tekişə isə bu təklifdən yayınaraq, mətbuat vasitəsi ilə təzyiqlər edərək, özünün istədiyi pul vəsaitini alacağını bildirir. Buradan haqlı sual ortaya çıxır: nəyə görə Mütallib Tekiş məhkəməyə müraciət etməkdən boyun qaçırır? Müxtəlif orqanlarına, kütləvi informaçsimya vasitələrinə verdiyi açıqlamalarda onun müalicəsi ilə bağlı Azərbaycan, Türkiyə yüz min dollarlarla ölçülən müalicə xərclərindən, onlara ödənilmiş vəsaitlərdən bir kəlmə də belə söz açmır.
Bütün müsahibələrdə, yazışmalarında hadisəni törətmiş şəxsin ana babası – Baş Nazirin müavini cənab Əli Həsənovun adını hallandırması isə heç bir etik çərçivəyə sığmır.
Tərəfimizdən “Haber Türk” kanalına yayılmış məlumatın həqiqətə uyğun olmadığı barədə açıqlama göndəriləcək.
İş admı Elman Allahverdiyevin vəkili olaraq mətbuat vasitəsi ilə müraciət edərək bildirirəm ki, gəlin bu problemi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə müstəvisində həll edək”.