Yanvarın 7-də barəsində həbs qətimkan tədbiri seçilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bu gün azadlığa buraxılıb.
Bu barədə “Qafqazinfo”ya onun oğlu Kamran Kərimov məlumat verib. O bildirib ki, ailəyə Hacı Natiqin azadlığa buraxıldığını vəkili Əyyub Ələkbərov deyib.
Vəkil Əyyub Ələkbərov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, onun Hacı Natiqin ev dustaqlığına buraxılması ilə bağlı verdiyi vəsatətə Səbail Rayon Məhkəməsində baxılıb. Hakimin qərarı ilə Ağsaqqallar Şurasının sədri barəsində seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
O, qərarın 15-20 dəqiqə əvvəl verildiyini vurğulayıb və sənədləşmə işlərindən sonra Hacı Natiqin evə yola salınacağını bildirib.
Xatırladaq ki, onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.
N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər