Hüquqşünaslıq üzrə imtahanda yalnız 22%-i şəhadətnamə alıb

huquqsunasliq-uzre-imtahanda-yalniz-22-i-sehadetname-alib
Oxunma sayı: 2022

“Hüquqşünaslıq” ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 334 nəfərdən yalnız 72 nəfəri (22%) təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, uğursuz nəticə göstərən kvalifikasiya sahibləri, əsasən, Rusiya və Ukrayna ali təhsil müəssisələrinin (ATM) payına düşür: “6 oktyabr 2024-cü il tarixində DİM tərəfindən “Hüquqşünaslıq” ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ATM-dən əldə olunan kvalifikasiya sahiblərinin 70 faizi, Ukrayna ATM-dən əldə olunan kvalifikasiya sahiblərinin isə 63 faizi, həmçinin 30 yanvar 2025-ci il tarixində  təşkil edilən imtahanda Rusiya Federasiyası ATM-dən əldə olunan kvalifikasiya sahiblərinin 84 faizi, Ukrayna ATM-dən əldə olunan kvalifikasiya sahiblərinin isə 94 faizi uğursuz nəticə əldə edib”.

T. Əhmədov “Hüquqşünaslıq” ixtisası üzrə peşə imtahanında uğursuz nəticə göstərən şəxslərin kvalifikasiyalarını əldə etdikləri təhsil müəssisələrinin adlarını açıqlayıb: “Əsasən Rusiya Federasiyası üzrə Dağıstan Dövlət Universiteti, Moskva Müasir Akademik Təhsil İnstitutu, Saratov Dövlət Hüquq Akademiyası, Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası, Tolyatti Dövlət Universiteti və Ümumrusiya Dövlət Ədliyyə Universitetindən, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası, Y.Mudrıy adına Milli Hüquq Universiteti, Milli Universitet “Odessa Hüquq Akademiyası” və T.Şevçenko adına Kiyev Milli Universiteti”.    

Fidan Etibar