Hüseyn Kürdoğlunun 90 illik yubileyidir - Video

huseyn-kurdoglunun-90-illik-yubileyidir
Oxunma sayı: 7511

Ötən əsrin 50-ci illərində ədəbiyyata gəlmiş istedadlı şair Hüseyn Kürdoğlunun 90 illik yubileyidir.

“Qafqazinfo” xəbər verir ki, Alışanov Hüseyn Həsən oğlu 1934-cü il iyunun 15-də Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində kolxozçu ailəsində doğulub.

Hüseyn Kürdoğlu ədəbi yaradıcılığa erkən başlayıb, ilk şeirləri məktəb illərində bir sıra qəzetlərdə çap olunub.

Onun “Gözəldir” rədifli ilk qoşması 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunandan sonra dövrü mətbuatda müntəzəm çıxış etməyə başlayıb. Hüseyn Kürdoğlu eyni zamanda tərcüməçi kimi də özünü sınayıb.

Azərbaycan ədəbiyyatında özünəməxsus şair kimi qəbul olunan Hüseyn Kürdoğlunun təbiətin gözəlliyini tərənnüm edən çox sayda şeirlər yazıb.

“Səhər nəğmələri”, “Yurdumu gəzə-gəzə”,  “Qaya çiçəkləri”, “Durna səsi", “Çiçək təbəssümü”, “Quzular dağa çıxdı”, “Yaralı torpağım, yaralı sevgim” və s. kitabları çap olunub. Hüseyn Kürdoğlunun 1992-ci ildə “Gənclik” nəşriyyatında çap etdirdiyi “Min bir bayatı” kitabı Azərbaycan yazılı şeirində bayatılardan ibarət ilk müəllif kitabı kimi mühüm əhəmiyyət kəsb edir.

Hüseyn Kürdoğlu Azərbaycan ədəbiyyatı tarixində öz dəsti-xətti ilə seçilən şəxsiyyətlərdən biri olub. Uzun müddət, ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışıb.

Milli Kitabxanada şairin 90 illik yubileyi münasibətilə “Hüseyn Kürdoğlu – 90” adlı kitab sərgisi açılıb. Sərgidə şairin əsərləri, tərcümə etdiyi, redaktor və ön sözün müəllifi olduğu, həyatı və yaradıcılığı haqqında kitablar nümayiş olunur.

Sonda Hüseyn Kürdoğlunun sözlərinə bəstələnmiş, məşhur sənətkarlarımız tərəfindən ifa olunan bir neçə mahnını təqdim edirik: