İrandan idxal edilən 50 ton duz yararsız çıxdı

irandan-idxal-edilen-50-ton-duz-yararsiz-cixdi
Oxunma sayı: 863

İrandan Azərbaycana fiziki şəxs İsgəndərov Zabil Mirzə oğlu tərəfindən idxal olunan 49,8 ton duz məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən baxış keçirilib.

“Qafqazinfo” xəbər verir ki, baxış zamanı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub. Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib.

Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.