İş yeri və gəliri olmayan valideyndən aliment tutulmalıdır?

is-yeri-ve-geliri-olmayan-valideynden-aliment-tutulmalidir
Oxunma sayı: 2572

Bu gün aktual olan hüquqi mövzulardan biri də alimentin tutulması xüsusiyyətləri ilə bağlıdır. İş yeri, qazancı və gəliri olmayan valideyndən aliment tutula bilərmi?

“Qafqazinfo” xəbər verir ki, Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Elşanə Vəliyeva məsələyə aydınlıq gətirib.

Hakimin sözlərinə görə, alimentin məbləği 2024-cü il üçün minimum 235 manat müəyyən edilib. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

“Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Lakin xeyrinə aliment tutulan valideyn yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentdən hər hansı səbəbdən (məsələn, özü uşağı saxlamaq iqtidarında olduğuna görə) imtina edə bilər.

Məhkəmə bu zaman uşaqla qalan valideynin uşağı tam təmin etmək iqtidarında olub-olmadığını öyrənməli və həmin imtinanın uşağın maddi vəziyyətini pisləşdirməyəcəyinə əmin olmalıdır”, - E.Vəliyeva bildirib.

Hakim Vəliyeva qeyd edib ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur:

“Həmin Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan hallarda isə aliment əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər”.