Kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvləri - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevaya barəsindəki hökmdən hər iki tərəf narazı qalıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, ittihamda qeyd edilib ki, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə “Facebook” və “Odnoklassniki”də intim xidmət göstərmələri barədə elan veriblər. Həmin qızlar zəng edərək tora düşən gəncləri müəyyən olunan kafeyə dəvət ediblər. Barmen sifariş gözləmədən stola içkilər düzüb. İçkiyə görə yüksək məbləği ödəməkdən imtina etdikdə isə qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb döyərək ciblərindəki pulu götürüblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Xəlilov 14 il, İ.Meybullayev və R.Rəhimov hər biri 10 il 6 ay, E.Balakişiyev 10 il 3 ay, A.Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum edilib. A.Musayevaya şərti cəza verilib, o, məhkəmə zalından azadlığa buraxılıb. E.Baxşıyev istintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs edilib.
Həm təqsirləndirilənlər, həm də ittihamçı hökmlə razılaşmayıb. Dövlət ittihamçısı cəzanın ağırlaşdırılması üçün, adıçəkilən şəxslər isə yüngülləşdirilməsi üçün apellyasiya şikayəti veriblər. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə yanvarın 8-də baxılacaq.
Murad Əhməd

Son xəbərlər
Son Xəbərlər