Kolleci bitirənlər universitetə imtahansız qəbul ola bilər

kolleci-bitirenler-universitete-imtahansiz-qebul-ola-biler
Oxunma sayı: 15523

Orta ixtisas müəssisəsini yaxud hər hansı bir kolleci bitirmiş şəxs ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul ola biləcək. “Qafqazinfo” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov bu gün keçirilən mətbuat konfrasında deyib. 

O qeyd edib ki, son 3 ildir ki, orta ixtisas təhsil müəssisələrinin ali təhsil məktəblərinə inteqrasiyası prosesi gedir: “Belə ki, hər iki təhsil müəssisəsində kredit əsaslı təhsil təşkil olunub.  Hər hansı bir şəxs orta ixtisas təhsilini bitrdikdən sonra ali təhsil müəssisəsinə getmək üçün yenə müsabiqə mərhələsini keçməlidir. Lakin bununla bağlı məsələ ölkə  başçısının “Təhsil haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb. Müvafiq icra hakimiyyətinə yeni qaydaların hazırlanması üçün 5 ay müddət verilib. 

Belə ki, orta ixtisas yaxud hər hansı bir kolleci bitirmiş şəxs ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul ola biləcək. Bu qaydalarda müəyyən olunacaq ki, hansı ixtisaslarla hansı ali təhsil müəssisələrinə daxil olmaq  olar. Burada toplanan kreditlər ali təhsil müəssisəsində hesablanacaq”.