Konstitusiyaya dəyişiklik bizə nə verəcək? - Şərh

konstitusiyaya-deyisiklik-bize-ne-verecek
Oxunma sayı: 7390

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə ölkə başçısının “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamı şərh edib.

Millət vəkili “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu layihədə bir çox maddələrə əlavə və dəyişikliklər olmaqla bərabər, Azərbaycanda yeni vitse prezidentlər institununun yaradılması ilə bağlı yeni 103, 106, 108- ci maddələr əlavə olunub: “Hələ buna qədər yəni, yeni institunun yaradılması anına qədər bir çox qanunlara müəyyən əlavə və dəyişikliklər edilib. 103-cü maddənin birinci bəndində birinci vitse- prezident və vitse-prezidentlər institunun yaradılması əks olunub. İndiyə qədər Azərbaycan Respublikası prezidenti səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətlərinin icrası baş nazirə keçirdi. Baş nazir 3 ay müddətinə yeni seçkiləri təyin edirdi. Əgər baş nazir bu səlahiyyətləri icra edə bilmədikdə Milli Məclisin sədri bu vəzifəni yerinə yetirirdi. Milli Məclis sədri isə yerinə yetirə bilmədikdə Millli Məclis tərəfindən müəyyən edilmiş şəxs prezident səlahiyyətlərini icra edirdi.

Ancaq indi yeni layihəyə əsasən artıq prezident səlahiyyətlərini idarə edə bilmədikdə onun səlahiyyətlərini birinci vitse-prezident həyata keçirir. Və ardı ilə proses davam edir. Artıq birinci vitse-prezident 3 ay müddətində deyil, 60 gün ərzində yeni seçkilərin keçirilməsini təyin edir. Dünyanın bütün demokratik dövlətlərində vitse -prezidentlik institutu var. Belə ki seçkilərdə iştirak edən prezident kiminlə işləmək istədiyini özü müəyyən edir, təyin edir və onunla bərabər prezidentlik dövründə çalışırlar. Hesab edirəm ki, dünya təcrübəsində olan bu demokratik ənənənin bizim konstitusiyamızda da əks olunması müsbət haldır. Vitse-prezidentlərə isə dövlətlərarası və hökumətlərarası yeni müqavilələrinin bağlanması kimi səlahiyyətlər həvalə edilə bilər.

9-cu maddənin I hissəsi, yəni Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir şəklində ifadə olunub.

İndiyə qədər qüvvədə olan Konstitusiyamızın 9- cu maddəsində Silahlı Qüvvələr şəklində yazılırdı. Burada qeyd olunurdu ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Amma indi yeni təsdiq olunan 9-cu maddənin birinci hissəsində bu söz birləşməsi ayrılır. Yəni burada artıq iki cümlə yaranır. Qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Onun arxasınca isə Silahlı Qüvvələrin Azərbaycan Ordusunda və başqa silahlı qüvvələrdən ibarət olması qeyd olunur. Yəni Azərbaycanın Silahlı Qüvvələri dedikdə biz həm də başqa silahlı birləşmələri də nəzərdə tuturuq. Əvvəl isə başqa silahlı qüvvələrin hara daxil olması məsələsi mücərrəd idi”.

Ç. Qənizadə Azərbaycan Konstitusiyasını dünyada ən mütərəqqi, insan hüquq və azadlıqlarına hörmət edən və onu təmin edən konstitusiyalardan biri olduğunu vurğulayıb: “Dünyanın heç bir konstitusiyasında 47-yə yaxın maddənin insan hüquq və vətəndaş azadlıqlarının təminatına həsr olunmayıb. Maddə 24-dən başlayaraq burada bərabərlik, mülkiyyət , şəxsi toxunulmazlıq , tətil, fikir və söz azadlıqlarının, müraciət etmək, birləşmək hüquqları və.s konstitusiyada əks olunub.

68-ci maddədə zərərin ödənilməsini tələb etmək hüququna yeni bir bənd salınıb. Bu da vətəndaşlarımızın müəyyən hüquq və azadlıqlarının təminatına yönəlmiş bir bənddir.

Bizim üçün yeni hallardan biri 98- ci maddədə əks olunduğu kimi, Milli Məclisin prezident tərəfindən buraxılması məsələsidir. Cənab prezident hansı hallarda bunun olacağını müəyyən edib. Burada Nazirlər Kbinetinə etimadsızlıq il ərzində iki dəfə olarsa, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin və Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

Bildiyimiz kimi, Nazirlər Kabineti, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Mərkəzi Bank mühüm dövlət orqanlarıdır. Əgər onların kollegial işi Milli Məclisə təqdim edilən namizədlərin təsdiqi ilə pozulacaqsa, artıq bu o dövlət orqanlarının işinin iflici deməkdir. Belə olan halda Milli Məclis tərəfindən bu kimi orqanların işini iflic edə biləcək qərarların qəbulunda parlament təkidli olarsa, o zaman prezident tərəfindən Milli Məclisin buraxılması yeni layihədə öz əksini tapır. Eyni zamanda Konstitusiyanın 94 və 95- ci və 96- cı maddəsinin 4 və 5-ci hissələrində, 97- ci maddəsində göstərilən maddələri aradan qaldıra bilmədikdə də Milli Məclis buraxıla bilər. Bunlar ümumi qaydaların, həlledici məsələlərin Milli Məclis tərəfindən həll edilməməsi, qanunvericilik təşəbbüsünün həyata keçirilə bilməməsi, qəbul olunmuş qanunların imzalanması üçün lazım olanda müddətdə Prezident Aparatına təqdim edilməməsidir. Bu onu göstərir ki, Milli Məclis öz üzərinə düşən vəzifələri icra etmədikdə və ya bilərəkdən dövlət orqanlarının və məhkəmənin işini pozmağa yönələn qərarlar qəbul edərsə, onda prezident tərəfindən Milli Məclisin buraxılması labüd olur və bu da hesab edirəm ki, normaldır.

Yeni maddələrdən biri də 100- cü maddədə yaşı 35-dən aşağı olmayan sözlərinin çıxarılmasıdır. Bilirsiniz ki, prezidentliyə namizəd seçilmək istəyən şəxsin yaşı 35-dən aşağı olduqda o namizədliyini verə bilmirdi. İndi isə yaş məhdudiyyəti götürülür. Bizdə seçmək hüququ 18 yaşdan başlayır. Əgər bu yaşda vətəndaş seçkili orqanlara namizəd seçə bilərsə, özü də niyə bu hüquqdan istifadə edib seçilməsin? Bu əslində insan hüquq və azadlıqlarının təminatına yönəlmiş bir bənddir.

Maraqlı məqamlardan biri də indiyə kimi prezidentlik müddətinin 7 ilə qaldırılmasıdır. İndi dünyada baş verən qlobal iqtisadi böhranlar şəraitində hər yerdə qənaət rejiminə keçilir. O cümlədən biz də beynəlxalq dövlətik. Ona görə də beynəlxalq dövlətlərin praktikasına istinad edirik. Dünyanın bir çox ölkələrində prezidentlik institutu 7 il müddətinədir. Əvvəla, 5 ildən bir seçkilərin keçirilməsi böyük iqtisadi xərc tələb edir. İnsanların özündə də bu yorğunluq yaradır. İndi dünyada bu institut varsa, yəni 7 illik təcrübədən istifadə edilirsə, Azərbaycanda da prezidentlik səlahiyyətlərinin icrası müddətinin 7 il olması da olduqca normal bir haldır. Azərbaycan cəmiyyəti də bunu hesab edirəm ki, ürəkdən qarşılayacaq”.

Onun sözlərinə görə, ümumilikdə yeni referendum aktının layihəsi əsas təkliflər insan hüquq və azadlıqlarının təminatına yönəlib: “Dövlət institunun və aparatının çevik və operativ işləməsi, eyni zamanda insanların hüquq və azadlıqlarının çevik və operativ qorunması üçün konstitusiyaya edilmiş bu dəyişikliklər hər bir Azərbaycan vətəndaşı kimi məni də sevindirir.Hesab edirəm ki, referendum aktı xalq, ictimaiyyət və dünya tərəfindən də dəstəklənəcək. Müəyyən müddətdən sonra referendum aktı referenduma çıxarılacaq. Bu cür aktlar 6 ay keçdikdən sonra qəbul olunur. Hələlik bu ilk addımdır. Azərbaycan ictimaiyyəti məsələni müzakirə edir. Düşünürəm ki, referendumun keçirilməsi payız aylarına təsadüf edə bilər”.

Günel Türksoy