Yəqin ki, bir çoxlarını maraqlandıran suallardan biri də “McDonald’s”ın sevilən təamlarının necə hazırlandığı, tərkibində nələrin olduğu və hansı proseslərdən keçdiyidir. Artıq bu suallara cavab tapmaq üçün xüsusi fürsət var.
“McDonald’s”ın təşkil etdiyi və rəsmi olaraq təqdim olunan “Açıq qapı” proqramı çərçivəsində qonaqlar restoranın mətbəxinə daxil olaraq bütün mərhələləri öz gözləri ilə izləmək imkanı əldə edirlər.
Bir neçə gün öncə bu şansı jurnalistlər olaraq biz də əldə etdik. Belə ki, “McDonald’s”ın Şəfayət Mehdiyev küçəsi, 1054-cü məhəllədə yerləşən filialında media nümayəndələri üçün “Açıq qapı” proqramı çərçivəsində tur təşkil olundu. Tədbirin məqsədi restoranın gündəlik fəaliyyəti, məhsulların saxlanma və hazırlanma prosesi ilə yaxından tanış olmaq idi.
Turda “McDonald’s Azərbaycan” şirkətinin Təchizat və Keyfiyyətə nəzarət üzrə direktoru Anar Osmanov iştirak etdi.
Əvvəlcə anbar hissəsinə dəvət olunduq. Burada məhsulların saxlanma şəraiti, temperatur rejimi və təhlükəsizlik qaydaları haqqında məlumat verildi. Bildirildi ki, hər bir məhsul xüsusi standartlara uyğun şəkildə qəbul edilir və saxlanılır. Soyuducu kameralar, quru ərzaq bölmələri və tarixə görə çeşidləmə sistemi əyani şəkildə nümayiş etdirildi.
Daha sonra mətbəx hissəsinə keçdik. Burada sifarişlərin necə hazırlandığı, istifadə olunan yağ növləri və bişirmə prosesi addım-addım izah olundu. Qeyd edildi ki, bütün proses beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə aparılır, hər məhsul müəyyən vaxt və temperatur rejiminə əsasən hazırlanır. Eyni zamanda qeyd olundu ki, restoranlarda istifadə olunan mal əti məhsulları yerli istehsal olunub və halal sertifikatına malikdir.
Biz eyni zamanda burada təqdim olunan qazlı içkilərin hazırlanma prosesini də izlədik. İçkilərin xüsusi aparat vasitəsilə sifariş əsasında yerində hazırlandığı göstərildi.
Məlumat üçün bildirək ki, məhsulların qəbulundan başlayaraq hazırlanıb müştəriyə təqdim edilməsinə qədər olan bütün mərhələlər “Açıq qapı” proqramında iştirak edən hər bir şəxsə ətraflı şəkildə izah olunur.
“Açıq qapı” proqramının sonunda jurnalistlərə təqdim olunan təamlardan dadmaq imkanı yaradıldı. Bu cür təşəbbüslər restoranların iş prinsiplərini daha yaxından görmək, qida təhlükəsizliyi və xidmət standartları haqqında birbaşa məlumat almaq baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, “McDonald’s”ın “Açıq qapı” proqramı restoranın mətbəxini ziyarət edərək proseslərlə yaxından tanış olmaq istəyən hər kəs üçün nəzərdə tutulub. Proqram çərçivəsində qonaqlar sevimli yeməklərin necə hazırlandığını, keyfiyyət və təhlükəsizlik standartlarının necə qorunduğunu birbaşa izləmək imkanı əldə edirlər.
Ekskursiyalar Azərbaycan dilində keçirilir və yalnız 16 yaşdan yuxarı şəxslərin iştirakı mümkündür. Proqramda iştirak etmək istəyənlər “McDonald’s”ın rəsmi internet səhifəsi ( https://mcdonalds.az/open-doors ) və ya mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçərək müraciət formasını doldura, proqramın şərtləri və mövcud tarixlər barədə ətraflı məlumat əldə edə bilərlər. Qeydiyyatdan sonra iştirakçılar “Mətbəx ziyarətçisinin sağlamlıq bəyannaməsi” ilə tanış olmalı və ekskursiyadan əvvəl onu imzalamalıdır.
Qeydiyyat zamanı iştirakçılar özlərinə uyğun restoranı və tarixi seçir, ekskursiya günü isə təyin olunmuş vaxtdan ən azı 15 dəqiqə əvvəl restorana gələrək növbə menecerinə müraciət etməlidirlər. Proqramın məqsədi real prosesləri göstərmək və qonaqlara “McDonald’s”ın iş prinsiplərini daha yaxından tanıtmaqdır.
Lamiyə Məmmədova












