Divarların dalındakılar
Uzaqdakıların hamısı sənsən,
Ya da sənin olduğun yerlərin hamısı uzaqdı.
mən yaxındakılaram, burdayam, burda uzaq yoxdu.
çox olmağa məhkumam,
çünki indi bu ölkədə hamı bir yerdə təkdi.
Hamı yaxında yalandı, hamı uzaqda gerçəkdi.
***
Hamının unutduğu insan,
darıxma.
sən Tanrının yadındasan
əllərini cibinə qoymusan
və bircə günahın var - unudulmusan.
həm də şox unudulmusan.
darıxma,
səni unutmaq üçün səndən sonrakı qadın neçə nəfər olmalıdı?
***
İnsan qorxusuna məğlub olanda kiçilir, adiləşir
Sevgisinə məğlub olanda,
Böyüyür, aliləşir.
Qarnı tox olanda nəinki qadın, hətta şir də əhilləşir...
***
Mənim yazdığım tarix kitabını vərəqlə,
İkinci fəsil, on dördüncü səhifə:
“...ən gözəl qadın o qadındır ki, öz-özünə gözəlləşir...”
Və yalqız qalmaqdan qorxma,
Tanrı yalqızlarla dərdləşir.
Və unutma: insan başını dik tutmaq üçün
Geyindiyi ayaqqabısına da əyilir.
***
Mənə baxma,
Məncə, bütün xəyanətlərdə bir sevgi gizlənir.
Küçədə bir it keçir yanımdan,
Çünki insan hər yerdə izlənir.
Mən susmamışam, qardaş, səsim çığırmaqdan batıb.
Köhnə sözləri qovmuşam ağzımdan,
Bütün köhnə sözləri boşamışam dilimdən.
Sükutla ailə qurmuşam.
Mən susmamışam, qardaş, səsim çağırmaqdan batıb.
Son xəbərlər
Son Xəbərlər