“Mənim xoşbəxtliyim ya “ş”, ya da “b” hərfindən sonra sınır...” - Müsahibə

menim-xosbextliyim-ya-s-ya-da-b-herfinden-sonra-sinir-musahibe-
Oxunma sayı: 984






“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin “Qafqazinfo”ya müsahibəsi

- Mən 2003-cü ildə müxbirliyə təzə başlayanda elə bu otaqda sizdən müsahibə almışdım. Xoşbəxtlikdən, ya bədbəxtlikdəndir bilmirəm, ancaq üstündən az qala on il keçib və biz yenə də ovaxtkı yerimizdə oturmuşuq.
- Hansı qəzetdən gəlmişdiniz o vaxt?

- “Xalq Cəbhəsi” qəzetindən. Məni o vaxtı Qulu Ağsəs göndərmişdi. İndiyə kimi xatırlayıram, belə bir sual vardı ki, niyə “525” daha çox şənbə qəzetinə, yəni həftəlik qəzetə oxşayır? O vaxtdan 9 il keçib. Həmin müsahibənin davamı kimi başlamaq istəyirəm. Bu doqquz ildə nə dəyişib?

- Otaq yəqin ki, dəyişməyib. Zahiri görkəmdə ciddi dəyişən bir şey yoxdur, məncə. Rəqəmlər dəyişib, 2003 olub 2012-i. Öz həyatımızda, baxışlarımızda ola bilsin ki, nəsə dəyişib. Dəyişikliyi kənardan daha çox hiss etmək olur. Sən gəlirsən və 2003-cü ildəki otağı yenə də həmin vəziyyətdə görürsənsə, deməli, zahirdə dəyişiklik olmayıb. Əlbəttə, zaman dəyişir.

- Aradan keçən bu 10 il ərzində medianın əldə etdikləri, hazırkı situasiyanı bilmək istəyirəm.
- Bu il “525”in 20 yaşı tamam olacaq. İstəyirik 20 yaşını noyabrın 17-də qeyd edək. Hərdən bu yubileyi düşünəndə dönüb keçmişə baxırsan. Elə məqamlar olub ki, gecə “525”in “podşivka”larını qoyub qarşıma düşünmüşəm ki, qəzeti saxlamaq mənim gücümdə deyil, iqtisadi çətinliklər, başqa problemlər olub. İndi baxanda fikirləşirəm ki, düz addımlar atmışam. Əsas odur ki, biz qəzeti 20 yaşa gətirib çıxartmışıq. Birincisi, qəzetin ən zəif dövründə də bizimlə eyni baxışda olan qəzetlərlə müqayisə etmişik. Bizim profildə çıxan və daha güclü qəzetə imkan verməməyə çalışırdıq. Xoşbəxtlikdən, ya da bədbəxtlikdən belə bir qəzet olmayıb. Məsələn, vaxtilə Gündüz Tahirli bizim profilə uyğun bir qəzet buraxdı, daha sonra Arif Əliyev. Mən Arif Əliyevin qəzeti bağlananda yazmışdım ki, rəqabət olanda Adam daha şövqlə işləyir. İndi isə boz mühit var. İrəli keçmək, yeniliklər etmək hissi olunmur.

- İndi sayt dövrüdür, axı. Saytlar meydan oxuyur artıq.
- İndi saytların etdiklərinin 90 faizi mənə gülməli gəlir, mənim yaşadığım, keçdiyim mərhələ kimi görünür. Saytların etdiyi o yenilikləri biz kağız variantında çoxdan etmişdik. Özümüz də gənc idik, dünyanın dəyişəcəyinə inanırdıq, fikirləşirdik ki, dünyanı dəyişəcəyik, ölkəni, mətbuatı gözəl edəcəyik. Bunlar gəncliyə məxsus şövq idi. Zaman keçdikcə başa düşürsən ki, sən də sistemin bir vintisən, elə bir qlobal dəyişiklik etməyə gücün çatmır. Ona görə də etdiklərinə kənardan bir az ironiya ilə baxırsan.

- Sizin xarakteriniz, fəaliyyətiniz çevikliyə yönəlib. Tez adaptasiya olunan insansınız. Azərbaycanda sizin nəsildən olanlar arasında ən çox sosial şəbəkələrdə vaxt keçirdən də məhz sizsiniz.
- Mən facebookda cavan dostlarımdan da əvvəl qeydiyyatdayam və ən stajlı facebookçuyam. Hələ 1998-ci ildə mən Qulu Məhərrəmli, Azər Həsrətlə bir yerdə Amerikada “Nyu York Times” qəzetində olanda danışırdılar ki, internet saytlar qəzetləri üstələyəcək. Mən facebook çıxana qədər bunun mümkün olacağına inanmırdım. Amma facebook, sosial şəbəkələr çıxandan sonra tamamilə başqa mənzərənin şahidi oldum. Vaxtilə biz kompüterlər çıxandan sonra köhnə maşınların ləğv olmasına təəccüblənirdik. Dünyada nədər işçi qüvvəsi işsiz qaldı. İndi də belə getsə, qəzet çap edənlər də işsiz qalacaqlar. Biz də məcbur olacağıq üstünlüyü elektron varianta verək.

- İnternet saytlar daha çevikdir. Məsələn, mən işə gələndə qəzetləri açıram və əksəriyyətinin manşetinə baxanda fikirləşirəm ki, bu qəzetlər niyə dünənin xəbərini başlığa veriblər?
- Qəzet artıq operativliyini itirib. Gələcək media ilə bağlı beynəlxalq qurumlar müzakirə aparanda və üstünlüyü radioya verəndə təəccübləndim. Mən özüm radioya qulaq asan deyiləm. Deməli, operativlik məsələsində radio televiziyanı da qabaqlayır. Sosial şəbəkələr müəyyən dərəcədə radiodan sonra ikinci olacaq. Amma bütün bunlar 10 il əvvəl yuxu kimi görünürdü. Bir dəfə “Müxalifət” qəzetinin baş redaktoru, rəhmətlik Ağamalı Sadiqə kompüterdə qəzetin yığılması prosesini izah edə bilmədik. Deyirdi ki, bu qəzet bu kompüterin harasından çıxır? Demək istəyirəm ki, yaşlıların bir çoxu çətin adaptasiya olur. Mən çalışıram mümkün qədər tez adaptasiya olum, xarakterim belədir. Düzdür, indi yaşın imkan vermədiyi səddlər də var. Beyin o qədər yüklənib ki, yeni texnologiyaya uyğunlaşmaq elə də asan deyil. Hesab edirəm ki, qəzet hələ sıradan çıxmayacaq, gələcəyi bilmək olmaz.

- Söhbəti ona görə bu istiqamətə gətirdim ki, siz son günlər etik qaydaları qorumurlar deyə saytlardan narazısınız. Bunu həm də bizim sayta aid edibsiniz. Siz facebook sosial şəbəkəsində hansısa statusu paylaşırsınız və narazısınız ki, xəbər saytı onu götürüb xəbər edir? Fərqində deyilmisiniz ki, indi dünyada ən çox xəbər mənbəyi sosial şəbəkələrdir. Camaat öz mətbuat konfransını belə sosial şəbəkələrdə keçirir.
- Artıq neçənci dəfədir ki, bu sistem məni təəccübləndirir. Bizim Alik Əlioğlu var, facebookda mənə dedi ki, hansı mahnını istəyirsiniz. Mən Əzizə Mustafazadənin mahnısını istədim. Mahnını mənim adımdan verdilər və qulaq asdım. Bir dəqiqə keçmədi ki, bu proses icra olundu. Sonuncu dəfə də sizdə gedən xəbərlə bağlı təəccübləndim. Xədicə İsmayılovanın statusuna yazıçı Anarla bağlı fikir yazdım. Heç üstündən bir dəqiqə keçməmiş qonşu otaqdakı uşaqlar dedilər ki, “Qafqazinfo” artıq bunu xəbər kimi verib. Burada yeni medianın necə olması ilə bağlı mübahisəli bir məqam var. Bu nə dərəcədə etik qaydalara uyğundur? Əslində, mən özüm də fikirləşirəm ki, əgər sosial şəbəkə ictimai yerdirsə, orada yazdığın fikirlər mətbuata açıqdırsa, istifadə etmək olar. Saytlarla bağlı narazılığım ondadır ki, onların sayı həddindən artıqdır və burada jurnalist əməyinin, intellektual əməyin maddi qarşılığı itir. Türkiyədə qurultayda da danışdıq bu barədə. Tutaq ki, qəzetlər saytları pullu elədi. Bir digər sayt isə oğurluqla həmin xəbəri götürüb yayır. Buna da heç cür nəzarət etmək mümkün deyil. Birincisi, bu məsələ tənzimlənməlidir. İkincisi, bu sahəyə marağı, səviyyəsi olan-olmayan, cümlə yaza bilən-bilməyən, hamı yazır. Axı, jurnalistikanın yeganə prinsipi ancaq şok xəbərlər çatdırmaq deyil. Onun başqa keyfiyyətləri də var. Bu, dilin də, cümlənin qrammatikasının, strukturunun da qoruyucusudur. Korrektura, cümlə səhvləri baş alıb gedir. Baxmayaraq ki, bəzi dostlarımız ifadə azadlığını irəli sürürlər, lakin mən hesab edirəm ki, hər kəsə bu azadlığı vermək, fikirlərini ictimailəşdirmək olmaz. O qədər dəli, başdanxarab, cəmiyyət üçün ziyanlı dünyagörüşü olan, xəstə təfəkkürlü, faşist, millətçi var. Əgər belə bir insan düşüncələrini yayırsa və başqaları da bunu görürsə, bütün bu xaosun içərisində baş çıxarmaq çətin məsələdir. Dünyanın sonu bu internet xaosu ilə olacaq. Yaxud da bir gün facebookun sahibi bezəcək, düyməni basacaq və hər şey dayanacaq. Təzədən fikrimizi çatdırmaq üçün vərəq axtaracağıq.

- Onda təzədən sizin dövrünüz başlayacaq də...
- Bəlkə o vaxt mətbəələr də yığışdırılacaq. O zaman kağız-qələm axtaracağıq, heç qələm də tapmayacağıq yəqin.

- Sizin fəaliyyətiniz o qədər çoxşaxəlidir ki, söhbətimizin nəticəli alınması üçün mövzumuzu konkretləşdirək.
- Biz indi mətbuatdan danışırıq. Azərbaycanda ən qalın qəzeti vaxtilə biz buraxmışıq. Bakıya tədbirə gələn ermənilər qəzeti görəndə ağızları açıq qalmışdı. Mən indi də arzu edirəm ki, bizdə 100 səhifəlik qəzet olsun. 1998-ci ildə Amerikada olanda 1 dollar yarım pul verib qəzetin şənbə-bazar nömrələrini alırdıq, iki, üç kilo qəzet çıxırdı orada. Elə qəzet buraxmaq üçün gərək qəzet biznes strukturuna çevrilsin, amma bizdə mətbuat iqtisadi gücə çevrilə bilmədi. Məsələn, 1998-ci ilə qədər qəzet həm reklamdan, həm də satışdan pul qazanırdı. Daha sonra Moskvada inflyasiya oldu, Azərbaycanda da reklamda müəyyən monopoliya yarandı. Bizim haradasa 700 min dollar dövriyyəmiz vardı. Düşünürdük ki, get-gedə inkişaf edəcəyik. Birdən-birə reklam 10 dəfə azaldı, satış azaldı, sonra latın qrafikasına keçid, televiziyaların çoxalması, internet, bütün bunlar qəzeti tamam öldürdü.

- Rəşad müəllim, bəlkə bu həm də onunla bağlıdır ki, siz artıq “525”in baş redaktoru kimi işdən doymusunuz?
- Düşünürəm ki, qəzetçilik gənclərin işidir. İstər-istəməz qəzet hökumətin fəaliyyətinə nəzarətçidir, tənqidi məqamları olmalı, nöqsanları olmalıdır. Mənim, yaşı 45-i keçən Rəşad Məcidin, dövlət strukturlarında işləyənlərin az qala hamısını tanıyan, hamısı ilə münasibətdə olan bir adamın artıq istər-istəməz özünün senzurası olur. Bundan yazmaq olmaz, buna dəymək olmaz, bu dostumdur, bununla səfərdə olmuşuq və sair. Amma gənc adamın belə bir problemi olmur. O, fikirlərini daha açıq deyir, heç kimdən çəkinmir.

- Mən də onu demək istəyirəm ki, artıq sözünüzü deyibsiniz. Rəşad Məcid bundan sonra “525”də ancaq vaxt itirə bilər. Verin qəzeti cavanlar işlətsin.
- Onsuz da mən qəzetə çox az vaxt ayırıram. Qəzeti elə gənclər çıxarır. Mən bəzən fikirləşirəm ki, heç kəs olmasa belə, qəzet öz-özünə çıxa bilər. Birdən buna inanıram. Bəzən müavinlər də gəlməyəndə bir nəfərlə də qəzetin çıxacağına inanıram. İndi həm öz oğlum, həm digər cavanlar “525”in yeni internet versiyasını hazırlayırlar, artıq onun üzərində iş gedir. İnternet versiyanı gənclərə verəcəyəm. Lakin o yüngüllüyü qəzetə yaxın buraxmaq fikrində deyiləm. Həmişə fikirləşmişəm ki, qəzet daha ciddi, daha sanballı olmalıdır.

- Respublikada nə qədər yazan adam varsa, yazdığını “525”ə göndərir və Rəşad Məcid yox deyə bilmir.
- Münasibətlərimiz olan adam olur, kimsə xahiş edir. Əvvəllər xüsusən gənclərlə bağlı açıq qapının tərəfdarı idim, amma sonra gördüm ki, bu da effektsizdir. Hər halda bu xaosun içərisindən seçib dəyərləri müəyyənləşdirmək lazımdır. Onu da etmək çətin olur. Seçim edəndə də düşmən qazanırsan.

- Siz də dostluğa üstünlük verirsiniz?
- Mənim xarakterim elədir ki, dinc, sülhpərvərəm. Amma mənə toxunanda genetik olaraq hirslənə bilərəm. Bir dəfə müsahibələrimin birində də demişəm, bu həm yaşla, həm də xarakterlə bağlıdır. Xarakterimdəki bir-iki məqamın üstündən xətt çəksəm, elə qəzet buraxaram, çaxnaşma düşər. Yeni saytlara baxanda düşünürəm ki, kaş mənim 20 yaşım olaydı, görərdiniz nə hoqqalar çıxarıram, aləmi qatardım bir-birinə. İndinin özündə mən qaynayıram, elə şeylər edərəm ki, amma statusum buna imkan vermir. Mətbuat Şurasının, KİVDF-nin Müşahidə Şurasının üzvü, Yazıçılar Birliyinin katibi Rəşad Məcid edə bilməz axı bunu. Amma daxildə olan o biri, 20 yaşlarındakı Rəşad Məcid elə oradadır. İstəsə bu dəqiqə çıxar, hamınıza da üstələyər - “Kulis.az”ı da, “Qafqazinfo”nu da, bir başqasını da. Yaş da bir şeylər deyir, beyin yorulur. Bəzən informasiyadan o qədər doyuram ki, informasiya eşitmək istəmirəm, qulaqlarımı tuturam. Təsəvvür edin ki, mən uzun müddətdir Azərbaycan kanallarına baxmıram.

- Niyə?
- Birincisi, o xəbərləri biz artıq bilirik. Mənim üçün indi ən operativ informasiya vasitəsi facebookdur. Artıq qəzetlər də, televiziyalar da operativlik məsələsində sosial şəbəkələrdən geri qalırlar. Amma hərdən insan səviyyəli yazılar oxumağa ehtiyac duyur. Böyük həcmli yazıları qəzetdən oxumağın xüsusi zövqü var, nəinki saytlardan. Televiziyalarda xəbərlər əhəmiyyətini itirib, çünki operativliyi yoxdur. Mən beləyəm, amma ola bilər ki, qəzet oxumayan, internetdən uzaq olan insanlar üçün televiziya yəqin ki, yenə də əsas informasiya vasitəsi olaraq qalır. Hər əli qələm tutan yox, əli klaviaturanı döyəcləyən bir sayt açır və saytda da qeyri-etik ifadələrlə, kimisə söyməklə, hay-küy salmaqla kimlərinsə diqqətini cəlb etmək istəyirsə, bu müvəqqətidir. Onun arxasında əgər yüksək istedad, inadkarlıq, zəhmət durmasa, heç bir sayt uzun müddət yaşaya bilməz.

- Bir məsələ ilə bağlı diqqətimi çəkən iki məqam var. Birincisi, Ziyalılar Forumunun Cəmil Həsənli, Ramiz Rövşən, Rüstəm İbrahimbəyov, Eldar Namazov kimi üzvlərinə, bir də Anara qarşı əks cəbhədən kəskin fikirlər səsləndirilir. Bunları normal qarşılamaq olar. Ancaq bir də görürsən, həmin şəxslərə qarşı az qala küçə uşaqları səviyyəsində ittihamlar, cavablar verilir. Siz bu barədə nə deyə bilərsiniz?
- Ziyalılar Forumu ilə bağlı dərinə getsəm, ümumi siyasətə gərək fikir bildirim. Orada bütləşdirilən insanlarla bağlı mənim fərqli mövqeyim var. Hesab edirəm ki, ədalət birdir, əgər sən ədalətlisənsə, onu fərqli tərəzilərdə çəkməməlisən. Milli Kitab Mükafatının münsiflər heətindən istefa verən zaman Rafiq Əliyevin mövqeyi mənim üçün ədalətsiz mövqe idi. Hesab edirəm ki, bugünkü Azərbaycan cəmiyyətinin idarə olunmasında möhkəm, mərkəzi idarəçilik lazımdır. Bu, mənim hökumətə yarınmaq üçün dediyim fikirlər deyil. Bu, dünyanın siyasətini, ötən 30 ili, müharibəni, böyük ölkənin dağılmasını, hökumət boşluqlarını yadında saxlayan, bunun fəsadları kimi torpaqların işğalını görən bir insanın düşüncəsidir. Hesab edirəm ki, Azərbaycanda söz, ifadə azadlığı, demokratiya carçıları bir az ehtiyatlı olmalıdır. Azərbaycan sağdan, soldan, yuxarıdan, aşağıdan məngənə içərisindədir. Hakimiyyəti tənqid etmək olar, amma çalışmaq lazımdır ki, bu tənqidlər ölkənin taleyi üçün həssas nöqtəyə gətirib çıxarmasın. Azərbaycana güclü hakimiyyət lazımdır - indiki kimi bir az sərt, bir az mərkəzçi, bir əldə cəmləşən hakimiyyət. Bəziləri kimsə şəxsi maraqlarına toxunanda, hakimiyyəti söyəndə dönüb olur həqiqət mücəssəməsi. Amma elə ki, işi düzəldi, tamam dəyişir. İnsanları müşahidə edə-edə gəlirik. Düzdür, öz fikirlərində səmimi olan insanlar da olur, amma bu səmimi fikirlər də yanlış ola bilər. Siyasət elədir ki, sənin dediyin sözün kimin dəyirmanına su tökəcəyini özün də bilmirsən. Çox vaxt da özün böyük bir vintin oyuncağına çevrilirsən. Buna görə də, istəməzdim ki, bizim ziyalılarımız özlərinin də bilmədiyi, bəlkə də gələcəkdə Azərbaycanın ziyanına olacaq prosesin iştirakçıları olsunlar. Cəmil Həsənlinin gördüyü işlərə, kitablarına çox böyük hörmətim var. Hətta efirdə də demişəm ki, Cəmil müəllim, sizin əllərinizdən öpürəm. Çünki onun İranla, Cənubi Azərbaycanla, SSRİ-Türkiyə münasibətləri ilə bağlı, Azərbaycanın 50-ci illərdəki ziyalıları ilə bağlı kitabları bir institutun gördüyü işlərdir. Məsələn, Nizami Cəfərovun Rüstəm İbrahimbəyova “yazıçı deyil” deməsini mən qəbul etməmişdim. Özünə də demişdim ki, sən Rüstəm İbrahimbəyovu bəyənməyə bilərsən, amma «yazıçı deyil» demək olmaz. Ramiz Rövşən Azərbaycanın böyük şairidir. Uzun illər də bu belə qalacaq. Bu insanların öz sahələrində gördüyü işlərə səviyyəsiz adamların münasibət bildirmələri, təhqir etmələri yanlışdır. Lakin onların siyasi mövqeyinə gəlincə, razılaşmamaq olar. Mən özüm də onların bir sıra mövqeyi ilə razı deyiləm. Anar müəllimlə cavanların məsələsinə gəlincə, Yazıçılar Birliyinin gənclər üzrə katibi keçəndə əvvəl-əvvəl istəyirdim Seymur Baycanı, Aqşini, Elnur Astanbəylini gətirim bu quruma cəlb edim ki, onun imtiyazlarından istifadə etsinlər. Məsələn, Elnur Astanbəyli məndən ona görə incidi ki, onun şerini bir müddət şənbə nömrəsində çap etmədim. Ondan sonra öz ağlınca düşmən oldu, əleyhimə yazdı. Seymur Baycana bir dəfə bir söz demişdim, bir il məndən incidi. İndi Əbülfəz Qarayevdən pul istəyir. Seymur Baycana bəlkə də, mənim kimi dəstək verən olmayıb. O, Anar müəllimə söyürsə, öz şəxsi kompleksini Anar müəllimdə görürsə, mən onun özünə də demişəm ki, səhv fikirləşir. Sənin şəxsi həyatında uşaqlıqdan bəri olan problemlər Anar müəllimin günahı deyil. İndi də deyirəm, əgər Seymur, sən dahisənsə və Azərbaycanda sənə mane olurlarsa, get başqa ölkələrdə dahi ol görək necə olursan. Xalid Hüseyn gedib Amerikada əsər yazıb və bütün dünyada tanınır.

- Elə Nobel alanların əksəriyyəti də ölkəsindən mühacirət edənlərdir.
- Bir neçə ilin sghbətidir, Ramazan ayı idi, Türkiyədən bir neçə tanınmış jurnalist gəlmişdi. Bunları da gətirib tanış etmişdim. Dirəndilər ki, araq içəcəklər. Türk qonaqların yanında Ramazan ərəfəsində araq içib, keflənib ağızlarına gələni danışdılar. Ondan sonra yavaş-yavaş bunlardan uzaqlaşdım. Seymurdan Anar müəllimə yazdığı yazıda mənim adımı çəkməzdən əvvəl incimişdim. Özü də bilmir niyə, birinci dəfədir deyirəm. Onun “Gəncliyə nifrət” adlı bir yazısı çıxmışdı. Ondan bir neçə gün əvvəl Azərbaycanın ən müxtəlif ədəbi gəncliyinin nümayəndələrini yığıb banket vermişdim. Həmin yazıda bir abzas var idi, mən ona görə Seymura hirsləndim. Anar müəllimin bu məsələlərə baxışı bir qədər fərqlidir. Mən ona dəfələrlə demişəm ki, o yazıları oxumayın. Bu yaşında belə, ona deyilən sözlərə şövqlə cavab verir. Onun yaddaşı, ağlı çox itidir. Mən ona deyə bilmərəm ki, mən şeri çap etmirəm. Anar müəllim “Qafqazinfo”ya hansısa yazı, həcv versə, çap etməzsən?

- Mesajı da çap edərəm.
- Azərbaycanda elə insanlar var ki, Əkrəm Əylislidir, Ramiz Rövşəndir, onların yazısına baxmağa ehtiyac yoxdur. Birbaşa qəzetə getməlidir. Anar müəllim Seymur Baycandan da, məndən də ağıllı, gənc, hər şeyi ayıq görən adamdır.

- Son günlər mediada dolaşan yaşlı nəsillə gənc nəslin bu münaqişələri bizə nədən xəbər verir?
- Mən buna sakit yanaşıram. Etik cəhətdən yanaşsaq, özündən 40 yaş böyük adama, Azərbaycan ədəbiyyatının simvolu olan bir şəxsə təhqiramiz ifadə işlədəndə gərək elə o cür də cavab verəsən. Mənim xarakterim elədir ki, sakitlik olanda dəfələrə onları sancmışam ki, danışsınlar, ədəbiyyata maraq artsın.

- Deməli, hər şey yaxşılığa doğrudur?
- Bir şərtlə ki, bəzi səddləri keçməsinlər. Elə ifadələr var ki, onu işlətmək düz deyil. Bəziləri guya nüfuzlu media rəhbərləridirlər, amma Anar müəllimə qarşı yazılanlara bir dəfə də dinmirlər. Çünki Seymurdan, Astanbəylidən qorxurlar. Amma mən qorxmuram, cavablarını da verirəm. Seymur deyir ki, Rəşad Məciddən yazacam. Seymurun elə şeylərin bilirəm ki, onu yazsam, Seymur adam içinə çıxa bilməz.

- Bəs niyə onlardan qorxurlar, deməli, güclüdürlər ki, qorxurlar? Anar müəllimdən qorxmayıb Seymur Baycandan qorxmaq...
- Anar müəllimin əlində qəzeti yoxdur, köşə yazmır gündə, hamıya sataşmır, sakit, yaşlı adamdır deyə, ona görə çəkinmirlər. Bizim bir deputat vardı, ancaq Anar müəllimdən yazırdı. İndi onun saytı var, yeni qəzet də açıb. Bir dəfə ondan soruşdum ki, xanım, sizin Anar müəllimlə nə işiniz var? Deyir bizim nazirləri tənqid etməyə gücümüz çatmır, Anara da söz deməyək? Deməli, Anara söz demək qəhrəmanlıq sayılır. Anar Azərbaycanda özünü müxalifətçi, hökumət əleyhdarı kimi göstərmək istəyən adamlar üçün qurtuluş, xilas yoludur. Heç Əmlak Komitəsinin sədri Kərəm Həsənova güldən ağır söz deməyə gücü çatmır, amma Anarın əleyhinə yazır. Anarın əleyhinə hamı yazır da. Anarı tənqid etmək məgər hökuməti tənqid etməkdir? Ən aşağı ranqlı məmuru tənqid et, görüm necə edirsən? Mən onların heç birindən qorxmuram, onların cikini də bilirəm, bikini də. Seymur keflənib mənim yanımda elə şeylər deyib ki, onları üzə çıxarsam, gərək keçmiş MDB ərazisini tərk eləsin. O cümlədən də, sən. Sakit durmağıma baxmayın. Bütün sirlər məndədir. Mənim telefonumda Qanturalının Ankarada 3 il əvvəl pivə içəndən sonra indi «görkəmli» dediyi bir yazıçıya «dana oğrusu», Anar müəllimə isə «dahi» dediyi video var. Anar intellektdir, dahidir, böyük yazıçıdır- filan…

- Və onu yaya bilərsiniz?
- Niyə yaymıram ki?

- Amma bu materiallar bizim əlimizdə olsaydı, dözə bilməzdik. Sizi çoxdan biabır eləmişdik...
- Əlbəttə, mən səbirliyəm axı.

- Onlara verdiyiniz cavablardan, “döyüş əzminizdən” hiss olunur ki, mayda yazıçıların qurultayı olacaq.
- Mayda nəzərdə tutulmayıb, amma yaxın vaxtlarda olacaq. Mən onun tərəfdarıyam ki, qurultay 2014-ün yazında olsun.

- Niyə?
- Üç il əvvəl qurultay olmuşdu və yekdilliklə Anar müəllimi seçmişdik.

- Onsuz da yenə seçəcəksiniz...
- Hə, onsuz da seçəcəyik. İndi seçdik, ya onda, nə fərqi var?

- Sizi topa tutacaqlar axı.
- Qurultay yəqin ki, olacaq, çünki buna mən qərar vermirəm.

- Mən də bu məsələlərdə katalizatorluq edən jurnalist kimi, o düşüncədəyəm ki, Anar kimi Azərbaycan mədəniyyətinin simvolu olan bir şəxsiyyət prosesin bu şəkildə getməsində maraqlı olmamalıdır. Onun elə bir çəkisi var ki, Yazıçılar Birliyinin sədrlik kürsüsü olmasa, onun nüfuzu bir az da artar
- Əslində, Anarın sədrliyi Yazıçılar Birliyinin nüfuzunu artırır. Yoxsa Yazıçılar Birliyinin sədrliyi nə vəzifədir ki? Bəziləri elə təqdim edir ki, guya Azərbaycanın ən böyük problemi bu qurumun sədri olmaqdır. Guya sədr dəyişsə, ölkənin bütün problemləri həll olunacaq.

- Anar müəllim uzaqgörən şəxsiyyətdir, “bu da sizin kürsünüz” deyib vəzifədən gedə bilər?
- Sən onu bu yaşda düşünürsən. Mən də bu yaşda...

- Tərəddüd edirsiniz?
- Tərəddüd etmirəm. Bəlkə Anar müəllim özü də bu mübarizələrin, qovğaların içərisində güc alır, yaşayır. Anar müəllimin ətrafında olanlar, kabinetinə gələnlər, dostları, bəlkə də üzdə yaltaqlanıb, çayxanada başqa söz danışanlar hamısı deyir ki, siz getsəniz Yazıçılar Birliyi dağılacaq, Ramiz Rövşən demişkən, qan su yerinə axacaq. Yazıçılar Birliyinin sədri, allah eləməmiş Əkrəm Əylisli olsaydı, qurum çoxdan 15 “kusoka” bölünmüşdü.

- Əkrəm Əylisli də bu məsələlərdə dinc oturmadı.
- Anar müəllim görüşmək məsələsi ilə bağlı cavab verilib ki, nə vaxt istəyir gəlsin. Onlar arasındakı münasibət elədir ki, istədikləri vaxt söhbət edə bilərlər, köhnə dostlardı onlar. Bir də gördünüz ki, Anarla Əkrəm bir yerdə restorandan çıxdılar. Sizin nəsillə o nəslin düşüncəsi eyni deyil. Onlar sovet dövründə yaşayıblar, kəskin rejimlər görüblər. Ona görə də mən deyə bilmərəm ki, Anar müəllim sədrlik məsələsinə necə baxır. Hər halda, Anar müəllim olmasaydı, Yazıçılar Birliyi çox qalmazdı.

- Sizin Gənc Ədiblər Birliyinin taleyi necə oldu?
- Bunun əleyhdarları olan, bunu söyənlər də təsdiqləyirlər ki, onların içərisindən Azərbaycanın xeyli istedadlı cavanı çıxıb və yaxın illərdə Azərbaycan ədəbiyyatını onlar yönəldəcəklər.

- O uşaqlardan xəbərim var, indi vəziyyət nə yerdədir?
- Onlarla məşğulam, kitablarının çapı, təqdimatı mərasimi gedir. Həm Zərdüştün, həm gənc yazar Pərvin xanımın kitablarının təqdimatında Anar müəllimin, Fikrət müəllimin iştirakına nail oldum. Durdular, gənclər haqqında söz dedilər. Düşünürəm ki, son illərin tarixində nadir hadisələrdən bir idi ki, Azərbaycan ədəbiyyatının klassikləri özündən 50 yaş kiçik yazıçılar haqqında durub söz desin. Zərdüşt, Pərvin, Qismət, Alik, Cavid, Elvin, Aysel, Sahilə kimi istedadlı uşaqlar çoxdur. Sadəcə, gələcək fəaliyyətlərini davam etdirəcəkləri, ədəbiyyata nə qədər sıx bağlı qalacaqları, zamanın müxtəlif sosial, iqtisadi, ailə-məişət problemlərinin onlara nə qədər mane olacağı, nə qədər uzun yol gedəcəkləri Rəşad Məcidlik deyil axı. İradlarımı da bildirirəm. Qismətə də bir dəfə irad bildirib demişəm ki, sənə belə yazı yaraşmır. Amma Seymura, yaxud bir başqasına iradımı bildirmək istəyəndə, deyir ki, məni qul etmək istəyirsiniz. O da azad Seymur olsun, təkcə qalıb ölkədə.

- Siz prezidentin vəkili olmusunuz. Bir həftə əvvəl müşavirədə çıxış edəndə prezident jurnalistlərə də xitab etdi. Dedi ki, Azərbaycana qarşı ciddi informasiya müharibəsi aparırlar. Bir sıra nüfuzlu medialar düşüblər Azərbaycanın üzərinə və biz buna cavab verməliyik. Siz də ölkənin tanınmış, istedadlı jurnalistlərindən birisiniz. Hər halda prezident cavab vermək lazımdır, deyəndə özünü nəzərdə tutmurdu. Siz, niyə cavab vermirsiniz?
- Cavabın biri Mətbuat Şurasının keçirdiyi tədbir oldu. Daha sonra alman və avstriyalı jurnalistlər gəlmişdi, onlara görüşdük. Kim onları nə qədər azad və demokratik hesab edirsə- etsin, dünyanın iri media strukturları müəyyən maliyyə qurumların nəzarətindədir. Onlar da öz iqtisadi maraqlarını həyata keçirmək üçün bu mediadan istifadə edirlər. Alman mediası Azərbaycandakı hansısa problemdən yazırsa, bu o demək deyil ki, alman bizim dərdimizə yanır, evi sökülən, hüququ pozulan insana canı yanır. Alman onların başını kəsər, heç uf da deməz. Sadəcə, almanın başqa maraqları var, bəlkə də biz bilmirik. Bilmirik Azərbaycandan hansı maliyyə, iqtisadi umacaqları var. Bəlkə də, hanısa lazımsız müqavilə ilə Azərbaycanın 5 illik büdcəsini sormaq istəyirlər. Azərbaycan ən yaşamalı ölkədir. Müəyyən iqtisadi problemlər var, əhalinin sosial-məişət məsələlərində, əməkhaqlarının azlığında. Mən əvvəllər Avropaya tez-tez gedirdim. İki aydan bir Fransada, Strasburqda, Almaniyada olurdum. İndi buna marağım yoxdur. Kasıb adamlar, çətinliklər yaşayan insanlar orada da var. Orada elə problemlər var ki, bizim Azərbaycan insanı onu görsə çaşar və Azərbaycanın daha yaxşı olduğuna əmin olar. Almaniyanın özü bu baxımdan problemlərlə doludur. Alman mediasının Azərbaycana qarşı bu qədər həssas olmasının başqa səbəbləri var. Ola bilsin ki, bunu tam açmamaq lazımdır. Dünyanın aparıcı media qurumları ilə əlaqələrin qurulmasına gəlincə, prezident Mətbuat Şurasının binasının açılışında da dedi ki, jurnalistika ixtisası üzrə xarici təhsil olmalıdır. Dillər Universitetində olanda Səməd Seyidov bildirmişdi ki, onlarda da jurnalistika ixtisası açılır və gələcəkdə bir neçə dil bilən jurnalistlər yetişəcək.

- Sizdən on il müsahibə alanda demişdiniz ki, “Banderol” hekayəsi yazırsınız. Onun axırı necə oldu?
- O, beynimdə olan bir hekayə idi. “On sentyabr”dan sonra ikinci hekayəmi fikirləşirdim. O zaman Anar müəllimin, Elçin müəllimin, Ramiz Rövşənin, Seyran Səxavətin reaksiyası olmuşdu. İndi də 27-dən çox dilə çap olunub. Bu gün xəbər aldım ki, Latviyada da çap olunur o hekayə.

- Hələ “On sentyabr”ın eyforiyası davam edir?
- Ədəbiyyatla ciddi məşğul olmaq istəyirəmsə, oturmalı, əziyyət çəkməli, bir otağa sığınmalıyam. Əgər bunu etməyə imkan yoxdursa, tədbirlər, işlər, beynimin bu qədər məşğul olması imkan vermirsə, mən özümü aldadıb gündə bir kitab çıxara bilmərəm. Bunu istəmirəm. Hərdən Elçin Hüseynbəylini qıcıqlandırmaq üçün deyirəm ki, bax məni əsəbiləşdirməyin, ikinci hekayəmi yazaram, 50 dilə tərcümə olunar. Amma yaradıcılıq mənim mahiyyətimdə olduğu üçün publisistik yazılarımda da bədii məqamlar, hissiyat var. Ötən ilin oktyabrında ilahi bir vəhy oldu, xeyli şerlər yazdım. İki ildən sonra 50 illiyimdə görünür, yazdığım başqa yazıları, şerləri hamısını ayrıca kitablar halında çap etdirəcəyəm. Həyatımdan, bu templə yaşamağımdan hərdən narazı oluram. Əslində, düşünürəm ki, çox maraqlı həyat yaşayıram. Zəngin, rəngarəng, ziqzaqlı.

- Və xoşbəxt olduğunuzu düşünürsünüz...
- Xoşbəxt demək olar. Amma xoşbəxtəm sözünün bir ucu sənin doğulduğun işğal olunmuş yerlərə gedib çıxırsa, onda xoşbəxtlik ortadan sınır. Özünü ən xoşbəxt hiss etdiyin anda birdən elə bir səhnə, uşaqlıqda böyüdüyün bağ, oynadığın çəmənlik, məktəbə getdiyin yol, orta məktəbdə oturduğun parta yadına düşür, amma görürsən ki, ora getmək imkanları yoxdur. O zaman mənim xoşbəxtliyim ya “ş”, ya da “b” hərfindən sonra sınır...


Elbrus Ərud