MTN hansı naziri şantaj edib?

MTN hansı naziri şantaj edib?
Oxunma sayı: 21976

Azərbaycanda bir sıra nazirliklər və komitə sədrləri uzun müddət Milli Təhlükəsizlik Nazirliyinə xərac veriblər.

“Qafqazinfo” xəbər verir ki, bu xəbəri “Yeni Müsavat” qəzeti yayıb. Qəzetin yaydığı xəbərdə bildirilir ki, sabiq milli təhlükəsizlik naziri bir çox həmkarlarının fəaliyyətinə təsir göstərirmiş. Deyilənə görə, MTN-in sabiq rəhbərliyi ayrı-ayrı nazirlərdən, komitə və ASC rəhbərlərindən aylıq xərac toplayırmış. Bu işi əsasən bir neçə idarə rəisi, onların müavinləri görüb. Prosesdə aparıcı fiqur kimi Akif Çovdarovun adı çəkilir. Siyahıda başqalarının da adı var: Elşad Mahmudov, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Fərhad Atayev və s.

Qəzetə xəbər verən mənbənin sözlərinə görə, Akif Çovdarovun kurasiyasındakı dövlət qurumları Nəqliyyat, Rabitə, Təhsil, Səhiyyə nazirlikləri, həmçinin neft sektorundakı qurumlar olub. Əsas “haqq” qoyulan yüksək çinli məmurlardan biri nəqliyyat naziri Ziya Məmmədov olub. Deyilənə görə, hər ayın sonunda Z.Məmmədov Akif Çovdarova 1 milyon manat xərac verirmiş. Hansı nazir, məmur MTN rəhbərliyinin bu tələbindən imtina etsəymiş, yaxın qohumlarının başına bir iş gəlirmiş. Qaynaq bildirir ki, əksər nazirlərin, komitə sədrlərinin fəaliyyəti şəffaf, qohumlarının ailələrindəki mühit o qədər də ürək açan olmadığından onlar bu xərac tələbindən imtina edə bilmirmiş. Nəticədə MTN-in sabiq rəhbərliyi dövlətin gücündən şəxsi maraqları üçün yararlanıb iş adamlarını, məmurları ciddi basqı, təhdid altında saxlayırmış.

O da iddia olunur ki, Ziya Məmmədov MTN tərəfindən təhdid, şantaj olunduğu haqda ölkə rəhbərliyinə bir neçə dəfə şikayət edib. Lakin bu şikayətlərə hər dəfə “gözlə və bir qədər də döz” cavabı verilirmiş. Görünür, siyasi rəhbərlik daha ciddi faktların toplanmasına mane olmaq istəməyib...

Məlumat ötürən mənbə maraqlı bir olay haqda da danışıb. Deyilənə görə, MTN-in idarə rəisləri və onların müavinləri məmur heyətindən və iş adamlarından pul almağın üstündə vaxtaşırı bir-biriləri ilə dalaşırmış. Məsələn, A.Çovdarovun xərac aldığı iş adamından Füzuli Əliyev də pul qoparırmış. Mənbəmiz deyir ki, bunun üstündə A.Çovdarovla F.Əliyev bir dəfə nazirliyin koridorunda yumruqlaşıblar.

Qəzet onu da yazır ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanov işdən azad edilib. Onun müavini Füzuli Əliyevin (hazırda həbsdədi-red.) istintaqa verdiyi ifadəyə görə işdən azad olunduğu deyilir. O da bildirilir ki, yaxın günlərdə Sübahir Qurbanov həbs edilə bilər.

E.Mahmudovun hakimiyyətdə ən yaxın adamı, dostu prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov olub. Sabiq nazirin Ə.Əsədovla hər axşam Bakıdakı “Narşərab” restoranında görüşdükləri, birlikdə yemək yedikləri bildirilir. E.Mahmudovun nazir postuna təyinat almasında Əli Əsədovun da rolunun olduğu haqda bilgilər var.

Bu arada, MTN-in Heydər Əliyev adına Beynəlxalq Hava Limanının şöbə rəisi Pərviz Vəliyevin istintaqa cəlb olunduğu haqda məlumat yayılıb. Deyilənə görə, onu hava limanı üzərindən xaricə daşınan qanunsuz pullara görə dindirirlər. Mənbə bildirir ki, Beynəlxalq Bankdan və digər qurumlardan çıxarılan milyardlarla pul Pərviz vasitəsilə Avropaya, Çinə və Rusiyaya göndərilirmiş. Onun istintaqa verdiyi ifadədən sonra yeni həbs dalğasının olacağı gözlənilir...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da adı “MTN işi”ndə hallanır. Mətbuat komitə sədri ilə MTN rəhbərliyinin iş birliyi haqda bu günədək çox yazıb. Məlumatda bildirilir ki, hansı iş adamı, nazir və başqa səlahiyyət sahibləri yeni mülk, obyekt alanda Kərəm Həsənov ilk məlumatı siyasi rəhbərliyə yox, Eldar Mahmudova verirmiş. Bu məlumat mübadiləsindən sonra mülk sahiblərinin başına nələrin gəldiyi haqda dəqiq bilgi yoxdur.