Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu rayonun Kükrənd kəndinin sakinləri ilə keçirib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Səyyar qəbul zamanı Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Neftçala RİH başçısı M. Seyidov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın bütün bölgələri kimi, Neftçala rayonunun da sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilib, infrastruktur layihələri həyata keçirilib, sənaye və kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılıb. Ulu Öndər siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Neftçala rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, yeni sosial obyektlər, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir, sahibkarlığın inkişafına əlverişli şərait formalaşdırılır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Neftçala rayonuna səfərləri də regionun inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Səfərlər çərçivəsində həyata keçirilən görüşlər, sosial layihələrin açılış mərasimləri və vətəndaşlarla səmimi ünsiyyət dövlətin insan amilinə verdiyi diqqəti bir daha nümayiş etdirir.
RİH-in başçısı, zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib.
M.Seyidov Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənd ərazisindəki sahibsiz heyvanlar haqqında təkliflər, kənddaxili yolların təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.



Son xəbərlər
Son Xəbərlər