RUHUN BİOPSİYASI
O gün ki bədənlərdən əvvəl ruhlar öldü,
O gün tibb tanrısı Asklepiosun müqəddəs əsası badəyə
O əsaya sarılan ilanın zəhəri şəfaya çevirildi.
Biz insanın ciyərindən yox,
Kaş ruhundan bir nümunə götürəydik, kaş Tapardıq ölümün sirrini;
bədəndə utanan, kövrələn, darıxan yaddaş.
Tapardıq ağrılarların yaddaşın həyəcanlanması olduğunu.
Tapardıq nə vaxtsa pak olan insan bədənində
İndi göz yaşının yerini suyun, eşqin yerini sevginin,
sevginin yerini qadının tutduğunu.
Tapardıq insanın xəstələnməyi, ağrımağı, ağlamağı
Nə vaxtsa kimdənsə öyrəndiyini
Tapardıq əylənmək üçün hiyləgərliyə əl atan müdrik ustadının adını İndi nə üçün unutduğunu.
Əsası badəyə, ilanının zəhəri şəfaya çevrilən Asklepios,
Bizi ölməyə qoymayan, amma sağalda da bilməyən ustad
Özün hara yox oldun bəs? İndi ağrılar, ağlamaqlar irsən keçir keçmişdən gələcəyə.
İndi insan özü ağrımaqlar, ağlamaqlar, ayrılmaqlar öyrədir
Özündən sonrakı bədənlərə, gələnlərə, gedənlərə.
Nə vaxtsa bütün sözlər parol olub, bu yəqin!
Gizlin olub, həyatın keşiyini çəkib. O gün ki ilk düşünən canlını həyatla ölümün sərhədində
Parol sözü bilmədiyi üçün öldürüb gözəgörünməz səslər.
Bax o gün hisslərə yenilib zəka, zəkaya düşmən kəsilib hisslər.
Bax bizi də öldürürlər,
Heç vaxt eşitmədiyimiz sözü deyə bilmədiyimiz üçün.
Bir azdan əbədi dinclik gətirəcək bu ağrı
Bir azdan yaddaşın çığıran həyəcanı əbədi susacaq.
Bir azdan yenidən qadının yerini sevgi, sevginin yerini eşq,
Suyun yerini göz yaşı tutacaq
Bir azdan bütün yaddaşımız bizi həmişəlik unudacaq.
Həmişə tanımadığı bədənlərin qapısını döyən sevgi,
Sənə “ehtirasın üzünə düş, arxasınca getmə” demişdilər.
Ağlama, sürtmə sürtülmüş üzünü
tarixin şəhərə vurduğu yaraların
Qopub tökülən qasnaqlarına.
Sən heç vaxt bilməyəcəksən eşqin müqəddəs lənət, əzabın müqəddəs həzz olduğunu.
Hər yenilik bir ümidin ölümüdürsə,
Öl ki, səni xilas edək, günahlarımızı yuyaq.
Şeytan kimi qəlbindən çıxıb arxanca lənət ulayaq.
Özümüz öz ayağımızla gedib Armageddona çıxaq.
Öl ki, üzüqoylu yıxılıb sevmək üçün darıxaq.
Sənə yazdığım sözlər, elə bil, başqalarının pıçıltılarıdır.
Mif reallığa, qaranlıq işığa,
Tanrı insana
Əsalar badəyə, zəhərlər şəfaya, qadınlar əşyaya çoxdan çevrilib,
Lap çoxdan.
Biri cütlənmiş uşaq ayaqqabısıdır bu sonsuz otaqda.
Biri başlanğıcın qurumuş qan ləkəsidir yataqda.
Biri ünvansız məktub kimi itkin düşmək təhlükəsidir uzaqda.
Ölüblərsə, deməli, nə vaxtsa gözəl olublar.
Əbədidirlərsə, deməli, həmişə eybəcər qalacaqlar,
Həqiqət kimi.
O gün ki bədənlərdən əvvəl ruhlar öldü,
O gün Asklepiosun əsası badəyə, mənim badəm isə əsaya çevrildi.
Son xəbərlər
Son Xəbərlər