Onlar dolmanı siyasətə gətirir, biz siyasətdən dolma düzəldirik...- - Diaspor reportajı

onlar-dolmani-siyasete-getirir-biz-siyasetden-dolma-duzeldirik-
Oxunma sayı: 1861


Frankfurta çatan kimi hava limanındaca "facebook" hesabıma daxil olub bu statusu yazdım: “Almanlara demək istəyirəm ki, Böyük Vətən Müharibəsində bizlərdən heç kim onlara qarşı silah qaldırmayıb…)))” Ancaq almanlar özləri də şəhərləri kimi o qədər soyuqqanlıdırlar ki, heç bizdən hətta oteldə belə kim olduğumuzu soruşan tapılmadı. Biz özümüzü təqdim etməliydik. Təxminən yeddi-səkkiz nəfərlik nümayəndə heyəti ilə Azərbaycandan Almaniya, oradan da Belçikaya diaspor təşkilatlarımızın fəaliyyəti ilə tanış olmağa, onların durumlarını müzakirə etməyə getmişdik.

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanovun başçılıq etdiyi nümayəndə heyətinə ilk dəfə olaraq komitə jurnalistləri də daxil etməyi düşünmüşdü. İstəyirdilər ki, Azərbaycanın Avropadakı diasporunun vəziyyətini media da yaxından öyrənsin. Elə bu məqsədlə də komitə əməkdaşları bütün məsələləri açıq, heç nəyi gizlətmədən müzakirə edib problemləri təhlil edirdilər. Açığı bu cür iclaslarda müzakirə olunan məsələlər haqqında uzun-uzadı sicilləmələr yazmaq mənim üslubum olmadığına görə çalışacam ki, gördüyüm şeylər haqqında yalnız öz düşüncələrimi yazım.

Bizim görüşdüyümüz on-on beş Avropadakı Azərbaycan təşkilatlarının vəziyyətini təhlil edəndən sonra nə demək olar? Nəzərə alsaq ki, aparılan müzakirələrdən sonra da belə bir fikir səsləndirilirdi ki, Azərbaycanın xaricdəki 400-dən artıq diaspor təşkilatının demək olar ki, 95 faizi eyni qayğı, eyni problemlərlə və bərabər gücdə, nüfuzda fəaliyyət göstərirlər, o zaman bu yazdıqlarımı da ümumazəri diasporu adına yazmaq olar.

Gəlin, ondan başlayaq ki, bu gün biz kimiksə diasporumuz da odur. Yəni ölkə daxilində bir vətəndaş olaraq özümüzü nə qədər aktiv, qanunauyğun, ictimai-siyasi fəal aparırıqsa xaricdəki soydaşlarımız da demək olar ki, bir o qədər həmin ölkələrdə eyni işlərlə məşğuldurlar. Diasporamız bizi təkrar edir. Hətta deyərdim ki, bəzi hallarda onlar zərurət qarşısında bizdən daha aktiv olurlar. Ona görə də, lütfən, bizim öz ölkəmizdə kim olduğumuzu düşünün?..

Ancaq yazacağım məqamların əksəriyyəti problemlərə həsr olunacağından bəri başdan müsbət hal kimi qiymətlədiriləcək bir neçə məqamı vurğulamalıyam.

Bu gün bir faktı dəqiq şəkildə qeyd etməliyik. Bəli, Azərbaycanın xarici ölkələrdə diaspor təşkilatları var. Onların sayı 400-dən artıqdır. Demək olar ki, bütün təşkilatların fəaliyyəti Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən koordinasiya olunur. Azərbaycanın rəsmi səviyyədə diaspor siyasətinə başladığı 13 ildə 3 dəfə qurultay keçirilib. Hər qurultaydan sonra diasporun gücləndirilməsi ilə bağlı mühüm sənədlər qəbul olunub, ölkə prezidenti səviyyəsində sərəncamlar verilib. Dövlət Komitəsi bir neçə dəfə diasopr təşkilatları üçün yol xəritələri hazırlayb, yenisi də hazırlanmaq mərhələsindədir. Bu sənədlərin arasında ən mühümü Dünya Azərbaycanlılarının Xartiyasıdır. Ötən illər ərzində Azərbaycan və türk Diaspor təşkilatlarının birgə strategiyaları hazırlanıb, əlaqələndirmə şuraları yaradılıb, tədbirləri keçirilib. Və dünyada artıq türk və Azərbaycan diasporunun birgə addımladığına dair obraz yaradılıb. Sonuncu Qurultayda isə prezident İlham Əliyev bütün diaspor təşkilatlarına “hücuma keçin” deyib. Bu sözün mənası o olub ki, təmsil olunduğunuz ölkələrin ictimai-siyasi həyatına daxil olun, qanunverici orqanlara girin, erməniləri qabaqlayın, bundan sonra biz onların elədiklərinə yox, onlar bizim elədiklərimizə reaksiyalar versinlər.

Bax, bütün bunlar, yuxarıda sadaladığım faktlar demək olar ki, kiçikli-böyüklü bütün diaspor təşkilatlarının bildiyi, ən azı dildə dediyi, qarşısında həyata keçirə bilməsə də məqsəd kimi qoyduğu amaldır, fəaliyyət planıdır.

İkinci atılmış bir addım isə artıq Azərbaycanın diaspor təşkilatının təkzib mərhələsindən keçmələridir. Bir vaxtlar yadınızdadırsa, Azərbaycanın zəif iqtisadiyyatına haqq qazandırmaq üçün dəbdə olan “keçid dövründəyik” arqumenti var idi. Bu arqumentlərdən Azərbaycan diasporu da ötən 20 ildə layiqincə yararlanıb. Ancaq artıq hiss olunur ki, bizim xaricdəki bir sıra cəmiyyətlərimiz ermənilərin elədiklərini təkzib etmək, iş-işdən keçəndən sonra ora-bura qaçıb etiraz məktubu təqdim etmək mərhələsini adlamaqdadırlar. “Keçid”dən çıxıb “Tunel”ə girmişik. Bu “Tunel”in sonunda işıq varmı?.. Bunu artıq tarix göstərəcək. İndi bir çox mərkəz və konqreslərdə təmsil olunan Azərbaycan diaspor təşkilatları böyük şəhərlərdə sayı 5-10 minə çatan mitinqlər təşkil edə, ermənilərin qondarma soyqırımla bağlı abidə qoydurma planlarının qaşısını ala, parlamentlərdən ermənipərəsət sənədləri geri qaytara, eyni zamanda bir çox parlamentlərdə Xocalı soyqırımını tanıtdıra biliblər. Ola bilər ki, bu saydıqlarımın hamısı xüsusi ilə də Xocalı soyqırımınn tanınması ilə bağlı qərarlar bir başa diaspor təşkilatlarının xidməti olmayıb, ancaq bu işlər ümümilikdə Azərbaycan diasporunun uğurları sırasında yer alır.

Yuxardakı tezislərim pozitivlərdir. Buna görə haradasa kiçik sevinc hissləri də keçirmək olar. Ancaq nəzərə alsaq ki, sürət əsri olan dünyada başqa ölkələrin diaspor təşkilatları, xüsusi ilə bizim hədəfimizdə olan erməni təşkilatlarının fəaliyyətləri bəzən bir dövlətin gücünü belə üstələyir, Amerika, Fransa kimi böyük dövlətlərin prezidentləri həmin diaspor təşkilatlarının sözü ilə oturub-durur, əlbəttə ki, o zaman biz gərək heç danışmayaq, sadəcə bir köks ötürməklə kifayətlənək.

Məsələ burasındadır ki, Azərbaycanın diaspor təşkilatlarını heydən salan, güclənməyə qoymayan, parçalayan bir çox irili-xırdalı səbəblər mövcuddur. Onların bir hissəsi həyata keçirilən yanlış siyasətin, bir hissəsi isə bizim xarakter məsələmizdir. Gəlin, ikincidən başlayaq. Yazının əvvəlində də qeyd etdiyim kimi biz kimiksə diasporumuz da odur. Yəni mənəm-mənəmlik, yanındakını itələyib qabağa keçmək hissi bizim başımızın bəlasıdır. Ötən ilin sonunda jurnalistlər prezident İlham Əliyevlə görüşəndə maraqlı bir hadisəni müşahidə etmişdim. Bizi bir-bir dövlət başçısına təqdim edirdilər. Baxdım ki, ağsaqqal jurnalistlərdən biri qarşısında dayanan həmkarını itələyib özünü qabağa verdi və bununla da dövlət başçısına bir adam daha yaxın oldu. Bu cür həyasız addımı bizdən başqa kim atar? Yəni o adamın hərəkətləri bizim toplum olaraq obrazımızdır. Ona görə də, diaspor təşkilatlarımızın çoxunu heydən salan qabağa düşmək, nə oldu-olmadı cəmiyyət yaradıb ona sədrlik eləmək, uzaq başı 5 min manatlıq layihə qazanmaq, keçirilən görüşlərdə təmsil olunmaq iddialarıdır. Onlar bununla daha çox hissələrə bölünürlər ki, bu da artıq son 10 ildə 400-dən artıq təşkilatın yaranmasına nədən olub. Guya say çox olanda nə baş verəcək?

İkinci xarakterimizin yaratdığı problem məişətdən uzaqlaşa bilməməkdir. Biz son illər Azərbaycan jurnalistlərinin uğurlu ifadə tapıntılarından olan “Məni siyasətə qatma” deyimini xaricdəki təmsilçilərimizə də aid edə bilərik. Məsələn, erməni dolmadan siyasət yarada bilir, biz siyasətdən dolma düzəltmək istəyirik. Onlar adi bir mahnını oğurlayaraq elə bir ictimai fon verirlər ki, bu hadisəyə görə bütün ölkə düşürük onların üstünə ki, amandır qoyma gəldi. Sonuncu “Çırpınırdın Qara Dəniz” mahnısının da Türkiyə mediası ilə Sayat Novanın adına çıxarılması da buna bir sübutdur. Bəs biz nə edirik? Önəmli toplantılara belə uşaq götürüb gəlirik. Ancaq orda şəkil çəkdirib "facebook"a yerləşdirməklə məşğuluq. Brüsseldə xanım diaspor təşkilatlarından birinin təmsilçisi ilə maraqlı bir mövzunu müzakirə etmək istəyirdim toplantı sonrası. Demək istəyirdim ki, onlar Azərbaycanı tərk edib gedən jurnalistlərdən bir neçəsini prosesə cəlb etməklə maraqlı bir xəbər saytı aça bilərlər xaricdə. Yəni buradakı xəbər saytları kimi. Hansı ki, həm Azərbaycan, həm də həmin ölkənin dilində çıxa bilər və yaxşı işləsələr ətraflarına on minlərlə oxucu toplaya bilərlər. Nə oldu? Onun yanındakı digər iki qadın, diaspor nümayəndələrimiz mənə imkan vermədilər. Onların şəkil çəkdirmək, laqqırtı vurmaq arzuları elə böyük oldu ki, üç dəfə gəlib adamı dartıp apardılar və gedib xoşbəxt oldular…

Bu arada daha böyük yanlışımız haqqında yazmaq istəyirəm. Brüsseldə Tom oteldə müzakirələrdən ayrılarkən sifətdən bizimkilərə oxşayan iki oğlanın foyedə oturduğunu gördük. Onlar Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları idilər. Biri deyəsən birinci katib idi. Onlara yaxınlaşıb niyə müzakirələrə qatılmadıqlarını soruşduq, ən azı heç olmasa qulaq assaydılar danışılanlara? Ümumiyyətlə, iki ölkədə olduq. Diaspor Komitəsinin əməkdaşları bir yana. Axı Almaniyaya və Belçikaya APA-nın, Trendin, “Qafqazinfo”un əməkdaşları getmişdi. Heç olmasa bizimlə maraqlana, nəyə gəldiyimizi soruşa bilərdilər? Ölkədən 3 jurnalist gəlib və sənin əlinə fürsət düşüb ki, heç olmasa gördüyün işləri onlara danışasan. Bu ağır söhbətdir, ona görə məsələnin bizimlə bağlı hissəsini burada nöqtələmək istəyirəm. Ancaq səfirliklərdən söz düşmüşkən deməliyəm ki, mən bu səfərdə maraqlı bir məqamın şahidi oldum. Və deyə bilərəm ki, Azərbaycanda həyata keçirilən diaspor siyasətinin bəlkə də ən böyük yanlışıdır. Bu yalnış aradan qaldırılmasa, biz burdan bir addım qabağa getməyəcəyik, hətta iki addım geriyə belə atmaq şansımız var. Məsələ ondadır ki, diaspor siyasəti Azərbaycanın rəsmi qurumları arasında ciddi koordinasiya olunmur. Bu işdə ən böyük problem isə Xarici İşlər Nazirliyi ilə Diaspor Komitəsi arasındakı əlaqəsizlikdir. Halbu ki, diaspor fəaliyəti ilə bağlı bir çox məsələlər bu iki qurumun birgə koordinasiyasi ilə, məsləhətləşmələri, təşkilatçılığı ilə baş tutmalıdır. Bu siyasət kimin günahı üzündəndirsə mövcud deyil. Elə ona görə də biz foyede müzakirə apararkən səfirlik əməkdaşları kənardan boylanırdılar...

Çox maraqlı haldır ki, Azərbaycanın xaricdəki səfirliklərində diaspor təşkilatları ilə iş üzrə ayrıca ştat nəzərdə tutulsa da, bu reallıqda mövcud deyil. Əvəzində nə var? Hər səfirin öz diaspor siyasəti… Kim hara səfir təyin olunursa, özünün konsepsiyasını ortaya qoyub xoşu gələn təşkilatlarla iş birliyi qurub, onların layihələrinə dəstək verir. Bu məsələ ilə bağlı mətbuata çıxan onlarla qalmaqal, problem mövcuddur deyə konkret faktlara yazıb vaxt almaq istəmirəm.

Məsələ burasındadır ki, koordinasiya problemi bununla bitmir. Azərbaycanın demək olar ki, SOCAR başda olmaqla, əksər dövlət qurumları, o cümlədən Təhsil Nazirliyi və sərbəst şəkildə xaricə səfərlər edən vəzifəli şəxlər, Milli Məclisin deputatları olduqca pərakəndə şəkildə fəaliyyət həyata keçirirlər. Anlamaq olmur ki, burada məqsəd nədir. Məqsəd Azərbaycan diasporunun gücləndirilməsi deyilmi? O zaman niyə hərə öz xətti ilə, kim harada gəldi bu işə xidmət etməlidir? Xaricə aparılan əyani vəsaitlər, dəstəklənən layihələr, təşkil olunan görüşlər və məsləhətləşmələr, səfirliklərimizin və Diaspor Komitəsinin iştirakı ilə həyata keçirilsə daha sanballı olmazmı?

Bu arada yuxardakı abzasda qeyd etdiyim pərakəndəlik haqqında daha bir faktı yazmaq olar. Məsələn, Azərbaycanda məmur övladlarının diaspor fəaliyyəti ilə məşğul olduğunu bilirik. Hətta bu sırada Kəmaləddin Heydərovun oğlu Tale Heydərovla Ziya Məmmədovun oğlu Anar Məmədovun daha aktiv fazada olduqlarını hər halda mətbuatda verilən tədbir xəbərlərindən görmək olar. Bu özlüyündə çox yaxşı hal sayıla bilər. Əslində, böyük səlahiyyət və resurslar olan nazir övladlarının diaspor fəaliyyəti ilə məşğul olmasının nəyi pisdir ki? Yalnız burada bircə məqamı mütəxəssislərin təhlillərinə əsasən söyləmək lazımdır ki, bu işlər koordinasiya ilə həyata kerçirilməli, bayaq adını çəkdiyim Dünya Azərbaycanlılarının Xartiyası adlı sənəddəki meyarlar, məqsədlər nəzərə alınmaqla baş tutmalıdır. Yoxsa kim harada istədi özfəaliyyətlə məşğul olacaqsa, bizim işimiz dərnək-dərnək oyunundan uzağa getməyəcək. Yaratdığımız dərnəklər “Bəxtiyar” filmindəki Ağabalanın dərnəyi kimi bir şey olacaq. 

Mənim bir həftəlik belə desək, diaspor səfərimin nəticəsində düşündüklərim nə qədər qısa ifadə etsəm bunlar idi. Mövzu böyük, problemlər çox, yazacaqlarım yeterincə olsa da, burada nöqtəni qoymaq istədim. Əgər bir şey alınsa səfər təəssüratlarımın ikinci hissəsini jurnalistlərlə özbaşına dolaşdığımız Frankfurt, Köln və Brüssel küçələrində gördüklərimə həsr edəcəm…

Ancaq sonda bir şeyi yazmalıyam. Adam ölkədən çıxanda təkcə getdiyi yeri yox, həm də öz çıxdığı yeri yaxşı görür. Təbii ki, əgər bu yer görünürsə. Mən ilk dəfə idi ki, Bakıdan ötrü bu qədər darıxırdım… Emil Hüseynli ilə az qala Avropanın hər predimetini Bakı ilə müqayisə edirdik. Avropa ilə Bakını bizim düşüncəmizə görə nə ayırırdı, nə birləşdirirdi, bu artıq ayrı bir yazının mövzusudur...

Elbrus Ərud