- Ruhəngiz xanım yaradıcılığınızda hansı yeniliklər var?
- Yeni mahnılar çoxdur. Ruslan Səfəroğlundan mahnı almışam. Azərbaycanın məşhur sənətkarları, müğənniləri Ruslanın nəğmələrinə müraciət edir. Onun işləri hər kəsə uğur gətirib, inanıram ki, mənə də uğur gətirəcək. Tahir Əkbərdən də gözəl mahnı götürmüşəm.Yeddi-səkkiz mahnı var, hələlik birini İlqar Sadıqovla duet şəklində yazdırmışam. Qalanlarını tezliklə ifa edəcəm.
- Bu mahnıları albom şəklində təqdim edəcəksiniz?
- Bu mahnıların hamısını birlikdə albom şəklində təqdim etmək istəyirəm. Çoxdandır yeni mahnılar oxumuram, tamaşaçıların qarşısına əli dolu çıxmaq istəyirəm.
- Konsert vermək haqda düşünmürsünüz?
-Mənim konsert arzum çox böyükdür. Sadəcə səhnəyə çıxdım, ansamblı yerləşdirdim, işıqlar yandı, oxudum, əl çaldılar... Bu məni qane etmir. Elə bir zamanda yaşayırıq ki, yeniliklər, qeyri-adi nəsə etmək lazımdır. Mən də o qeyri-adilikləri etmək istəyirəm. Amma bunun üçün çox pul lazımdır. Bizim ölkəmizdə xaricdən gələn ifaçıların dövlət tərəfindən təşkil edilən gözəl konsertləri olur. Amma mənim də öz fikirlərim var. İstəyirəm orada həm modellərim olsun, öz istedadımı göstərə bilim. Bu mənim böyük arzumdur.
- Bir müddət öncə verilişlərin birində yaşayış şəraitinizdən gileyləndiniz.
- Deməzdim şikayətlənmişəm, vəziyyət o qədər pis deyil. Mənə dövlət tərəfindən diqqət göstərilib ki, Azərbaycanın əməkdar artistiyəm. Hər şeyə görə minnətdaram. Bir damlanın qədrini bilməyən, bir dənizin qədrini bilməz. Lakin haradasa ehtiyaclarımız var, bu haqda geniş danışmaq istəmirəm.
- Hər zaman geyimlərinizlə seçilmisiniz. İndiki ifaçıların geyimləri sizi qane edirmi?
- Əgər bədən ölçülərinə uyğun geyinirlərsə, bəyənirəm. Əgər geyinmirlərsə, bunu məndən başqa xalqda görür və öz iradını bildirir. .
- Ruhəngiz xanım geyimlərini seçərkən nələrə diqqət edir?
- Geyim seçərkən tək öz fikrimlə kifayətlənmirəm. Başqalarının fikri mənim üçün önəmlidir. Bir geyimi geyinəndə bəlkə də 5-6 adamdan soruşuram. Ürəyim soyumur, bir də soruşuram. Özümə model kimi yanaşıram, gözəl görünmək istəyirəm. Xalqın fikri də mənim üçün önəmlidir.
- Gündən-günə ifaçıların sayı artır. Siz kimləri dinləyirsiniz?
- Deyə bilərəm ki, öz müğənnilərimizin 99 %-i dinləyirəm. Hər müğənninin repertuarında elə mahnı var ki, zövqümü oxşayır, çox bəyənirəm.
- Bəs ifaçılarda sizi nə qane etmir?
- Biz oxuyan zamanda həqiqətən biz özümüzdən böyüklərə hörmət etmişik. İndi də özümdən yaşca böyük ifaçılara hörmətlə yanaşıram. Onlara hörmət etdiyim üçün bu gün hörmət sahibiyəm. Nə tökürsən aşına, o da çıxır qaşığına. İstəyərəm ki, gənclər özlərindən bir yaşda böyük sənətkara, gözəl insana hörmət etməyi bacarsınlar. Sadə və etibarlı olsunlar.
Könül
Son xəbərlər
Son Xəbərlər