Pandemiya dövründə sahibkarlara dəstək modeli necə qurulub?

pandemiya-dovrunde-sahibkarlara-destek-modeli-nece-qurulub
Oxunma sayı: 2192

Koronavirus (COVID-19) pandemiyasının təsirləri və iqtisadi fəallığın azaldılması ilə müşayiət olunan iqtisadi durğunluq xüsusilə yerli sahibkarlığa və özəl sektora ciddi təsir göstərib. 

"Qafqazinfo" xəbər verir ki, bu təsirlərin minimallaşdırılması və sahibkarların çətin durumda dəstəklənməsi məqsədilə mühüm addımlar atılır. Bu, ilk növbədə, sahibkarlara ilkin mərhələdə maliyyə dəstəyinin göstərilməsi, habelə onların orta müddətli perspektivdə fəaliyyətinin dəstəklənməsi məqsədilə kredit resurslarına asan çıxışının təmin edilməsi və vergi yükünün azaldılması kimi mühüm istiqamətləri əhatə edir. Əsasən İqtisadiyyat Nazirliyi tərəfindən reallaşdırılan proqramlar sahibkarlar üçün geniş dəstək mexanizmini əhatə edir.

Sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyi

Azərbaycanda koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə iqtisadi fəallığın azaldılması kimi məcburi addımlara gedildikdən sonra hökumət sahibkarlığın dəstəklənməsi məqsədilə ciddi addımlar atdı. Koronavirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi pandemiyadan zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verdi. İlkin mərhələdə, hədəf pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi idi. Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınmasına hesablanan bu proqram 210 mindən çox işçi, təxminən 25 min işəgötürəni əhatə edib.

Muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi
(25.07.2020 il tarixinə)

Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı

24.669 vergi ödəyicisi

Həmin vergi ödəyiciləri üzrə

muzdlu işçilərin sayı

214.313 nəfər

Ödənilmiş vəsaitin məbləği

97.526,8 min manat

o cümlədən, 2-ci ay üzrə ödənilmiş

vəsaitin məbləği (50%)

48.432,0 min manat

Bu proqramın həyata keçirilməsi nəticəsində işçilər evdə qalaraq koronavirusdan qorundular və üstəlik aylıq məvaciblərini də əldə etdilər. Bu ödənişlərdən əlavə həmin əmək haqlarına uyğun hesabanan sosial sığorta ayırmaları da dövlət tərəfindən ödənildi. Əsas məqsəd hər bir işçinin gələcək sosial müdafiəsinin təmin edilməsi idi ki, perspektivdə pensiya ilə bağlı hər hansı problem yaşanmasın. Indiyədək bu proqramın həyata keçirilməsi üçün dövlət büdcəsindən 97,5 mln. vəsait xərclənib.

Bundan başqa, pandemiyadan zərər çəkmiş mikro və fərdi sahibkarlara da maliyyə dəstəyi proqramı həyata keçirildi. Bu proqramın icrası nəticəsində fərdi sahibkarların hərəsi minimum 250 manat, maksimum 5.000 manat həcmində maliyyə dəstəyi aldılar. İndiyədək bu proqramdan 106 mindən çox sahibkar faydalanıb və bu sahədə dövlət büdcəsindən 63,3 mln. manat vəsait ödənilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi
(25.07.2020 il tarixinə)

Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı

106.334 vergi ödəyicisi

Ödənilmiş vəsaitin məbləği

63.319,9 min manat

Beləliklə, sahibkarlara fəaliyyətlərinin dayandırdıqları ilkin dövr üçün müəyyən həcmdə gəlir əldə etmək imkanı yaradıldı. Bu, onların həm təhlükəsizliyi, həm də maliyyə sabitliyi üçün ciddi dəstək oldu.

Vergi tətilləri, güzəştlər, yeni stimullar

Pandemiyanın təsirlərinin minimallaşdırılması üçün növbəti addım vergi güzəştlərinin təqdim edilməsi oldu. Ümumi dəyəri 130 milyon manat olan vergi və sosial güzəşt paketi sahibkarlıq subyektlərinə göstərilən dəstəyin növbəti mərhələsi idi. Vergi güzəştləri paketinə pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri, əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi kimi əhəmiyyətli tədbirlər daxil edildi. Bundan başqa, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətilləri verildi. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin digər istiqaməti isə bütün sahibkarlıq subyektlərinə şamil edildi. Bu dəyişikliyə görə, 2021-ci il yanvarın 1-dək olan dövr üzrə epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, Azərbaycan Prezidenti tərəfindən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi təsbit olundu. Göründüyü kimi sahibkarlara şamil edilən güzəştlərdə onların təhlükəsizliyi də nəzərə alınıb. Güzəştin bütün sahibkarları əhatə etməsi bu fikri bir daha təsdiqləyir.

Sahibkarlar üçün sərfəli kredit platforması

Sahibkarların fəaliyyətinin dəstəklənməsi üçün əsas alətlərdən biri onların kredit resurslarına çıxış imkanlarıdır. Əlverişli kredit şərtləri yeni istehsal növlərinin yaradılmasına və inkişafına təkan verir. Sahibkarlar üçün dəstək mexanizmlərinin davamı olaraq İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiqləndi və yeni qaydalar yeni imkanların yaradılmasını təmin etdi. Daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məs; çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılması və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilməsi pandemiya dövründə sahibkarlar üçün əsaslı dəstək oldu.

Bundan başqa, sahibkarlara veriləcək yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi kimi yeni mexanizmlər də işə salındı.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün dövlətin kredit-zəmanət dəstəyinin verilməsi mexanizmi

Bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması
(500 milyon manat)

1. Yeni verilən kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi;

2. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin 50%-nin dövlət büdcəsi hesabına subsidiyalaşdırılması.

2020-ci il 10 mart tarixinə mövcud kredit  portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması
(1 mlrd.manat)

2020-ci il 10 mart tarixinə dövlət zəmanəti olmayan
mövcud bank kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-in subsidiyalaşdırılması

Belə ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən yeni verilən 500 milyon manat kredit portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-nin dövlət tərəfindən maliyyələşdirilməsi müəyyənləşdirilib. Bu mexanizm müddəti 3 ildən, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir.

Digər tərəfdən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq olunur. Bu məqsədlə 100 milyon manat vəsait nəzərdə tutulub. Bunun 50 milyon manatı dövlət büdcəsinin vəsait hesabına, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcək. Mövcud 1 milyard manatlıq kredit portfeli üzrə faiz subsidiyaları, habelə yeni kreditlərə 500 milyon manatlıq portfel üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsilayalaşdırılması, bütövlükdə 1,5 milyard manat kredit portfelini əhatə edir. Bu isə ölkə üzrə hazırkı kredit portfelinin 10 fazindən daha çoxdur. Sahibkarlar üçün yaradılmış bu imkanlar ucuz maliyyə vəsaitlərinə çıxışı asanlaşdırmaqla yanaşı, bank kreditlərinin iqtisadi artımı dəstəkləməsini təmin edir.

Yeni dəstək modeli: şəffaf, sürətli və effektiv

Koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə atılmış addımlar İqtisasdiyyat Nazirliyi tərəfindən şəffaf və sürətli mexanizmlər vasitəsi ilə reallaşdırılır. Nazirlik tərəfindən dəstəyin verilməsi üçün yaradılmış elektron məhsullar dövlət qurumlarının işinin şəffaf qurulması və sahibkarların dövlət dəstəyinə əlçatanlığının artırılması baxımından uğurlu təcrübədir. İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramını həyata keçirməyə başlayanda sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması ilə bağlı proqram təminatı istifadəyə verildi. Proqram təminatı sahibkarlar üçün rahat və sadə tərtib edildiyindən təkcə 1-ci gün 10.853 muzdlu işçisi olan 1.000-dən yuixarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət etmişdi. Vergi güzəştlərinin verilməsi ilə bağlı qanunvericilik təsdiq edilən kimi pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizminə dair elektron məlumat kataloqu hazırlandı (https://www.taxes.gov.az/az/page/iqtisadi-artima-ve-sahibkarlara-dovlet-desteyi-tedbirlerinin-mexanizmleri). Kataloqda güzəştlərin mahiyyətinə aid videotəlimat, qanunvericiliyin izahı və yaranan suallara ətraflı cavablar təqdim olundu.

Pandemiya dövründə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan və MDB üzrə ilk dəfə tətbiq olunan Elektron Kredit Platforması https://e-edf.gov.az/ fəaliyyətə başladı. Platforma vasitəsi ilə sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edirlər, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Sahibkarların müraciətinə 7-10 gün ərzində baxılaraq dəyərləndirilir, risklər müəyyən edilir və cavab verilir.

Bu platforma sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılmasına, kredit sifarişlərinə qısa zaman ərzində baxılmasına, müraciətlərin operativ şəkildə qəbuluna, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılmasına, qərarların sahibkarlara çatdırılmasına imkan yaradır.

Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən bütün dəstək proqramları çərçivəsində tətbiq edilən yeni elektron alətlər barədə video təlimatlar hazırlandı, elektron məlumat kataloqları tərtib olundu, sual-cavab sistemi formalaşdırıldı və bir sözlə geniş məlumatlandırma işi təşkil edildi. Sahibkarları maraqlandıran bütün suallar Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrində cavablandırıldı. Yeri gəlmişkən, bu sahədə sualların az olması məlumatlandırma işinin əhatəli təşkil olunduğunu göstərir. Şəffaflığı təmin etmək üçün maliyyə dəstəyi ilə bağlı bütün məlumatlar, o cümlədən bu dəstəyi alan sahibkarların adları belə ictimaiyyətə təqdim edildi. Ümumiyyətlə, pandemiya dönəmində İqtisadiyyat Nazirliyi üzərinə düşən tapşırıqların icrası baxımından yeni nümunəvi model yaratdı. Bu model dəstək tədbirlərinin həyata keçirilməsində şəffaflıq, dürüstlük və effektivlik anlayışlarını ehtiva edir. Dürüst işləyən sahibkarlara verilən sözün üstündə dayanılaraq onlara dövlət dəstəyi tam şəffaf şəkildə təqdim edildi. Sahibkarlar üçün elektron həllərin təqdim edilməsi dünyada olan yeni çağırışlara adekvat reaksiya, cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi, elektron hökumətin inkişafı, rəqəmsal çağırışların tətbiqi və koronavirusa qalib gəlmək üçün məsuliyyətin bölüşdürülməsi baxımından çox aktualdır. Bütün bunlar iqtisadi fəallığın qorunmasına, ölkənin gələcək iqtisadi artımının təmin edilməsinə və sosial proqramların icrasına yönəlmiş zəruri bazanı və elementlərin formalaşmasına əhəmiyyətli dəstək verir.