Pirallahı İcra Hakimiyyəti videosu yayılan ailə ilə bağlı açıqlama yaydı

pirallahi-icra-hakimiyyeti-videosu-yayilan-aile-ile-bagli-aciqlama-yaydi
Oxunma sayı: 12412

Pirallahı Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə videosu yayılan ailə ilə bağlı açıqlama yayıb.

"Qafqazinfo"ya daxil olan açıqlamada qeyd edilir ki, adı hallanan Şaharov Oktay Əlifyar oğlu özü və 5 nəfər ailə üzvü ilə birgə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi, yeni sahə ünvanında yerləşən dənizkənarı bağ sahəsində məskunlaşıb.

Şaharovlar ailəsi bütövlükdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatındadırlar. Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən ailənin içməli su və enerji təchizatı məsələləri həll olunub, yaranmış borclar ödənilib. Ailəyə mütəmadi olaraq ərzaq və maliyyə yardımları edilməkdədir.

Ailənin 2 üzvü - Şaharova Nisə İman qız və Qəmbərova Samirə Oktay qızı “Dost iş mərkəzi” MMC-də dalandar kimi işlə təmin edilib ki, bu da öz növbəsində ailənin maddi durumuna müsbət təsirini göstərib. Belə ki, ailənin qeyd olunan iki üzvünün dövlət tərəfindən verilən aylıq məvacibi ümumilkdə 482 AZN təşkil edir. Bundan əlavə digər müavinətlər hesabına ailənin büdcəsinə daha 450 AZN daxil olur.Ümumilikdə ailənin aylıq gəliri 932 AZN təşkil edir.

Pirallahı rayon İcra Hakimiyyəti vətəndaşlara müraciətində bildirib ki, sosial şəbəkələrdə yayılan populist fikirli hərəkətlərə aldanmasınlar: "Arxayın olsunlar ki, dövlət hər zaman hər bir vətəndaşının yanındadır!"

İcra Hakimiyyəti açıqlamasında ailənin vəziyyəti ilə bağlı görüntüləri sosial şəbəkələrdə yayan Kamil Zeynallıya da cavab verib:

"Özünü “xeyriyyəçi” kimi qələmə verən Kamil Zeynallı yaranmış vəziyyətdən sui istifadə edərək, sadəlöv insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək, digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cuzi yardım qarşılığında vətəndaşları Yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq istəyir".

Məlumatda qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən yerlərdə aztəminatlı ailələrə ərzaq yardımları, işsizlik statusu olan vətəndaşlara birdəfəlik ödəmələr, tənha yaşayan və yardıma ehtiyacı olan 65 yaşdan yuxarı şəxslərə mütəmadi ərzaq, maddi köməkliklər və sosial könüllü xidmətləri göstərilir. O cümlədən Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən 430-dan çox aztəminatlı ailəyə, yaşı 65-dən çox olan kimsəsiz tənha yaşayan insanlara ərzaq və maliyyə yardımları göstərilib, 15 nəfər könüllülərdən ibarət yaradılmış mobil qrup tərəfindən gündəlik təlabat məhsullarının alınaraq ünvanlara çatdırılması kimi sosial xidmətlər gösətərilməkdədir.

Qeyd edək ki, sözügedən videonu tanınmış məşqçi Kamil Zeynallı sosial şəbəkələrdə paylaşıb. Videoda İcra Hakimiyyətini tənqid etmişdi.