“Polis də izləyir, vətəndaş da…” – - Salam Sarvan

polis-de-izleyir-vetendas-da-
Oxunma sayı: 1497





“Həə, çıqqılı qız…”


Danışıqlarımız havanın,

baxışlarımız tavanın yaddaşındaykən

indi məni düşündürür

bir sərxoşun bir şüşəlik,

bir ağacın bir meşəlik susması...

 

Novruzda küsülülər barışarsa, barışsın.

Amma belə də yaxşıydı axı:

iki adamın bir-birinə qarşı

həmişəlik susması.

 

Salam, ay Natəvan.

Gözlərimi qarnına dikib

mışıl-mışıl susmaq istəyirəm

bir körpə yuxusutək.

 

Heç kim heç kimi eşitmir onsuz da,

adamlar bir-birinə qulaq asır

dinləmə qurğusutək.

 

Bir gözünü qıyıb şəklimi çəkən fotoqraf da

sanki qapının açar deşiyindən baxır mənə.

 

Biri maşının yan güzgüsündən güdür,

biri boynunun ardından baxır.

Biri sırğasından qulaq asır mənə,

biri saatından baxır...

Hamı xalqın adından dinləyir,

hamı xalqın adından baxır.

 

Polis də izləyir, vətəndaş da,

Bacı da izləyir, qardaş da.

 

Bu kameraların arasında

həmişə gözü üstümdə olan

bir qayğıkeş qadın da baxır.

 

Gizlənirəm, gizlənirəm,

yenə də izlənirəm...

 

Əlli ildi çəkirəm bu zülümü...

Mənim dərdim böyükdü, Natəvan:

uşaq vaxtı əlimdən tutub itməyə qoymayanlar

hələ də buraxmayıblar əlimi.

 

Balam, ay Natəvan.

İnsanın torpaqdan da yarandığını dedilər,

havadan da, odddan da, sudan da...

Ancaq insan fiquru yalnız daşdan yonular.

 

Bilirəm, bu daşdan yonulmuş heykəlləri

elə-belə qoymayıblar küçələrdə:

onlar da məni güdməkçündü

adamların evlərinə çəkildiyi gecələrdə.

 

Oxucunun da izləyiciyə çevrildiyi bu zamanda

Atmaq istərdim yazmağın da daşını.

Kişi kimi gizlətmək istərdim ömrümü,

necə ki qadınlar gizlədər yaşını...

 

“Yazmaq” deməyimə baxma:

əslində, heykəllərin önündəki əklillərin lentlərinə də, 

bağışladığımız suvenirlərin üstünə də,

ölənlərimizin qəbir daşlarına da

yazını başqasına yazdırdıq.

Hətta “ana” kəlməsini də qolumuza başqası döydü.

Özümüz nə yazdıq ki?!

 

Mənim dərdim böyükdü, Natəvan:

son nəfəsimdə heyifsələnəcəm:

bütün ömrü göz qabağında yaşadıq –

nə itdik ki, nə azdıq ki?!

 

Sənə demişdim axı bu haqda:

kağızda üstünü qələmlə qaralayıb pozduğumuz söz

daha gözə görünməsə də, qaralama altında yenə də qalmaqda.

 

Başını yelləmişdin onda:

ki, Nərgiz üstündən Natəvan yazmaqla

Nərgiz pozulmaz, Salam, sadəcə, görünməz olar.

Və qara-qura düşər, çətin oxunar Natəvan da.


Həə, çıqqılı qız,

bu dünyada hər şey fitrətdə belədi:

sevgi üstünə sevmək də,

vətən üstünə mühacirət də belədi.