Prezident Cəlilabada getdi - Yenilənib

prezident-celilabada-getdi-yenilenib
Oxunma sayı: 721

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, rayonun mərkəzində yerləşən bu ərazidə geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.

***

Cəlilabadda səfəri çərçivəsində prezident İlham Əliyev şəhərin mərkəzindəki istirahət parkında həyata keçirilən yenidənqurma işləri ilə tanış olub və parkın yaxınlığında inşa olunmuş Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, mərkəzin tikintisinə ötən il başlanıb. İnşaat işləri daxili imkanlar hesabına aparılıb. Ərazisi 1200 kvadratmetr olan bina orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir.

***

İlham Əliyev Cəlilabad şəhərində yenidən qurulan Gənclər Parkında yaradılan şəraitlə və Bayraq Meydanı ilə tanış olub.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısına məlumat verilib ki, ölkənin hər yerində olduğu kimi, Cəlilabadda da gənclərlə iş sahəsində və onların istirahətinin səmərəli təşkili ilə bağlı əməli tədbirlər görülür. Gənclər Parkı əsaslı bərpa və yenidənqurmadan sonra Cəlilabadın gözəlliyini daha da artırıb.

Qeyd olunub ki, Gənclər Parkı və burada yaradılmış Bayraq Meydanı Cəlilabadın mərkəzində, 50 metr yüksəklikdə daxili imkanlar hesabına inşa olunub. Burada yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, iki hektar ərazini əhatə edən park başdan-başa yenidən qurulub.
Sonra dövlət başçısı Bayraq Meydanı ilə tanış olub. Diqqətə çatdırılıb ki, şəhərin ən yüksək nöqtəsində inşa olunan bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Meydanın ətrafı abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.

Prezident Gənclər Parkında və Bayraq Meydanında yaradılan şəraiti yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.