Prezidentin nahar pulu dövlət sirri elan olundu

prezidentin-nahar-pulu-dovlet-sirri-elan-olundu
Oxunma sayı: 5886


“Qafqazinfo” Virtualaz.org saytına istinadən xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunan qanun layihəsinə əsasən, Ermənistan prezidenti, baş naziri və parlament sədrinin qida, səfər, ezamiyyət, mehmanxana və digər məişət xərcləri haqqında məlumat məxfi hesab edilir, çünki bu məlumatın açıqlanması “ölkə təhlükəsizliyinə zərər vurur”.

Qanun layihəsi müxalif parlament fraksiyaları tərəfindən “korrupsiya risklərinin daha da artmasına xidmət edəcək” amil kimi qiymətləndirir.

“Xahiş edirəm, izah edin, prezidentin yaxud baş nazirin ezamiyyətə, nəqliyyata və başqa xidmətlərə xərclədiyi məbləğin açıqlanması onun təhlükəsizliyinə necə təsir edir” - Firavan Ermənistan fraksiyasının nümayəndəsi Stepan Marqaryan təəccüblənir.

Firavan Ermənistan fraksiyasının katibi Naira Zohrabyan “Dövlət tədarükləri haqqında” və “Dövlət və kommersiya sirri haqqında” qanunlarda dəyişiklik etmək qərarının ötən il keçmiş baş nazir Tiqran Sərkisyanın bir səyahəti üçün dövlət büdcəsindən təxminən 200 min dollar sərf etməsi ilə bağlı mətbuatda qalxan qalmaqalla bağlı olduğunu bildirir.

“Onun (baş nazirin-red.) vergiödəyiciləri hesabına hətta Gürcüstana xüsusi reyslə uçuşları yüz minlərlə dollara başa gəlirdi. Mətbuatda konkret faktlar açıqlanmışdı ki, onun Brüsseldə və Antverpendə bir günlük səfəri şəxsi işləri üçün iki-üç gün uzanıb. Bu barədə mətbuat qalmaqal qaldırmışdı. Sadəcə vəzifəli şəxsləri geniş ictimai töhmətlərdən qorunmaq üçün tələsik belə qanun qəbul etmək istəyirlər” - N.Zohrabyan deyir.

Erməni Milli Konqresi fraksiyasının sədri Levon Zurabyanın sözlərinə görə, bu qanun təhlükəsizliyi qorunan rəsmilər üçün “vergi verənlərin pullarını məxfi xərcləmək” şəraiti yaradır: “Məsələn, baş nazir, ya prezident hər hansı bir ölkəyə səfəri zamanı bir dəbdəbəli villa icarə edib, israfçılıq edib, bunu dövlət tədarükü kimi təqdim etsə, bunların üzərinə məxfilik möhürü qoyular. Belə çıxır ki, qanun korrupsiyanı qanuniləşdirilməsinə xidmət edir”.

Qanun layihəsinin zəruriliyi və məntiqiliyinə dair qeyri-iqtidar fraksiyaların sualları cavabsız qalıb. İki bitərəf, 40 əleyhinə səslərə qarşı parlamentdə çoxluq təşkil edən hakim Respublikaçılar fraksiyasının 65 səsi sayəsində qanun layihəsi birinci oxunuşda qəbul olunub.