“Profesionallıq işimizin əsas meyarıdır, bu isə Youtube-dan qazanılmır”

profesionalliq-isimizin-esas-meyaridir-bu-ise-youtube-dan-qazanilmir
Oxunma sayı: 2872

Neyrocərrah Tural Rəhimli Türkiyədə Hacettepe Universiteti xəstəxanasında uzmanlıq təhsili alıb, artıq 5 ildən çoxdur ki, Azərbaycanda minlərlə insana sağlamlıq bəxş edən gənc həkimlərimizdəndir. Tural həkim endoskopik hipofiz adenoması cərrahiyyəsi üzrə ixtisaslaşsa da, beyin şişləri, kəllə əsası şişləri, endoskopik kəllə əsası şişlərinin cərrahiyyəsi, epilepsiya cərrahiyyəsi və onurğa beyni şişləri əməliyyatlarını da uğurla icra edir.

Həkim “Qafqazinfo”ya müsahibəsində neyrocərrahiyyə sahəsində endoskopik üsulun üstünlüklərindən bəhs edib:

Sizin adınız daha çox endoskopik hipofiz adenoması cərrahiyyəsi üzrə hallanır. Hətta bildiyimizə görə, neyrocərrahiyyədə endoskopik üsuldan ən çox istifadə edən həkim kimi tanınırsız.

Əslində sadəcə endoskopik hipofiz cərrahiyyəsi ilə deyil, bununla yanaşı Epilepsiya cərrahiyyəsi ilə də adım yayqın şəkildə hallanır. Bu əbəs yerə deyil, çünki çoxluqla icra etdiyim əməliyyatlar sırası ilə endoskopik hipofiz, mürəkkəb beyin əməliyyatları və epilepsiya cərrahiyyəsidir.

Sizə olunan müraciətlərin çoxluğunu nədə görürsünüz.

Düşünürəm ki, insanlar həkimə müraciət etmədən həkim haqqında araşdırma etməlidirlər. Hansı həkim nəyi, necə və nə qədər uğurla icra edir. Hər halda haqqımda araşdırma edən hər kəs, bu sahədə ən çox əməliyyat etmiş biri kimi, əməliyyatlarımızın nəticələrinin əksərən uğurlu olduğunu, bu sahədə Amerika Kəllə Əsası Cəmiyyətinin (NASBS – North American Skull Base Society) üzvü olduğum qarşılarına çıxır. Düşünürəm ki, həkim seçimində bunlar əsas meyarlardan olmalıdır və bu da müraciət sayına təsir edir.

Siz Azərbaycana gəldiyinizdə neyrocərrahiyyə sahəsində endoskopik əməliyyatlar icra edilirdi mi.

Mən gələnə kimi də endoskopik cərrahiyyə ölkəmizdə icra edilirdi. Ancaq edənlər məhdud sayda idi, hələ də elədir. O kəlməni sevməsəm də, həqiqət budur ki, ölkədə bu əməliyyatı ən çox etmiş həkim mənəm. 250-dən çox endoskopik hipofiz və endoskopik kəllə əsası şişləri əməliyyatı etmişəm və bu kiçik rəqəm deyil.

Niyə məhz endoskopik üsul?

Fərqi ondadır ki, əvvəllər başda kəsik aparılaraq beyin əməliyyatları həyata keçirilirdi. Bütün sahələrdə olduğu kimi neyrocərrahiyyədə də travmadan maksimum uzaqlaşaraq əməliyyatlar minimal invaziv olması yönündə inkişaf edir. Ayrıca artıq xəstələrə kompleks yaşatmayacaq yollara üz tutulur, bunlardan biri də endoskopik yoldur. Bir çox beyin şişləri var ki, bunları kəllə qapağı açılaraq əməliyyat edirlər. Hipoz adenomlarının açıq əməliyyatı artıq tarixə qovuşub demək olar. Bir çox beyin şişləri var ki, onlarda da artıq endoskopik üsul ciddi şəkildə tətbiq edilməyə başlayıb.

İstər qadın olsun, istər kişi hər kəsin bir estetik qayğısı var. Heç kim istəməz ki, başında böyük çapıqla gəzsin, xüsusilə də, gənc qızlar. Bizim toplumumuzda bu ailə problemlərinə belə gətirib çıxara bilər. Endoskopik neyrocərrahiyyə sahəsində olunabiləcək bütün əməliyyatları etmişik və edirik. Amerika, Avropa səviyyəsində nəticələri sərgiləməyi bacarırıq.

Texniki baxımından üstünlükləri nədir?

Bəzən şişlərin yerləşdiyi nöqtə elə olur ki, onlara açıq müdaxilə etmək daha riskli olur. Bu əməliyyatlar xəstə üçün sadəcə estetik problem deyil, ciddi ağırlaşmalara da səbəb ola bilər. Endoskopik üsul bu məqamda cərraha daha çox üstünlüklər, imkan sağlayır. Əməliyyat zamanı törəmə yaxından görünür və bütünlüklə xaric edilir. Təkrar-təkrar əməliyyata ehtiyac qalmır. Biz  bu sahə üzrə professionallaşmışıq. Etdiyimiz əməliyyatların bir çoxu müəyyən mənada yenilik gətirib.

İnsanların çoxu açıq əməliyyatlardan qorxur, hətta endoskopik üsulun daha az riskli olduğunu düşünürlər.

Risk baxımından onu deyə bilərəm ki, bütün beyin əməliyyatlarında ciddi risk var. Burada ən önəmli faktor cərrahın təcrübəsidir. Azərbaycana yeni gəldiyim zamanlarda bir çox adamın endoskopik üsuldan nə xəbəri var idi, nə də geniş şəkildə istifadə edilirdi. Hətta klassik yöntəm əllərindən alındığı üçün bir çox həkim bu üsulla bağlı qaralama kampaniyası aparırdı. Belə deyim yaranmışdı ki, bu üsulla əməliyyat olunan xəstələr ya şikəst qalır, ya da ki ölür. Ancaq belədir ki, endoskopik əməliyyatların riskləri açıq əməliyyatlardan qat-qat azdır.

Bildirdiniz ki, hələ də endoskopik yolla əməliyyat edənlərin sayı azdır. Bəs ümumilikdə neyrocərrahiyyə sahəsində vəziyyət necədir?

Düzünü demək lazım gələrsə, Azərbaycan hələ öz imkanları ilə cərrahları bu potensialda yetişdirəcək səviyyədə deyil. Kütləvilik yoxdur və xaricdə təhsil mütləqdir. Cərrahlarımızın çoxu endoskopik üsulu nə görüb, nə də ki edib. Youtube-dan baxaraq əməliyyat etmək doğru deyil. Düzdür, bizdə onu edənlər var, ancaq cərrahiyyə, xüsusilə də, beyin cərrahiyyəsi bu cür edilməz. Profesionallıq işimizin əsas meyarıdır, bu meyar isə Youtube-dan qazanılmır.

Digər sahələrdə olduğu kimi, neyrocərrahiyyə üçün də vətəndaşların xaricə üz tutmasında səbəb nədir?

Əvvəllərlə müqayisə etsək, bizim sahədə xaricə müraciət edən xəstələrin sayı ciddi mənada azalıb. O zaman hər 10 nəfərdən 5-i xaricə üz tuturdusa, indi bu rəqəm 1 və ya 2 olar. Bu, ciddi bir irəliləyişdir. Çox təəssüf ki, ölkədə bəzi imkanlı şəxslər tibbi yardım almaq istəmir. Səbəbi nədir, bilmirəm. Ancaq bu tendensiya digər ölkələrdə də var.

Texnologiya əsrində yaşayırıq və insanların çoxu beyin şişlərinin yaranmasına səbəb kimi bu nüansı göstərir. Həqiqətən də telefon, kompyuter, modem və bu kimi alətlər beyin şişlərinin yaranmasına səbəb olur?

İddialar var, ancaq hələ ki, isbat olunmuş bir şey yoxdur. Sübutu olmadığı müddətdə buna ehtimal kimi baxırıq.

Bəs insanlara beyin şişlərinin yaranmasının qarşısını almaq üçün nə kimi məsləhətiniz olar?

Bütün xəstələrə tövsiyə edəcəyim şey idmanla sıx məşğul olmadır. İnsan nə qədər sağlam həyat yaşayarsa, beyin törəmələrindən maksimum şəkildə özünü qorumuş ola bilər.

 

Günel Hacı