Qərb texnoloqları hesab edirlər ki, Gürcüstan onlara bağlı “təxribat şəbəkələri”nin bəslənilməsi üçün artıq “təhlükəsiz məkan” deyil. Qonşu ölkə parlamentinin 2024-cü ilin may ayında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməsi Avropanın “siyasi mərkəzlərində” təşvişə səbəb olub. Bu hüquqi aktın qəbul edilməsini öz planlarına zərbə kimi dəyərləndirirlər.
Qərb texnoloqları niyə rahatsız olublar?
“Qafqazinfo” xəbər verir ki, Gürcüstan dövləti öz funksiyalarına uyğun olaraq, ərazisində şəffaflıq yaratmaq, təhlükəsizlik naminə xarici təsirləri müəyyənləşdirmək istəyir. Son illərdə bu mövzuya diqqət ayırmasının səbəbləri ciddidir. Məsələn, 2023-cü ilin oktyabr ayında Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti müəyyən edib ki, Tbilisidəki “İbis” otelində dörd gün ərzində qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “hökuməti devirmək, polisə müqavimət göstərmək” mövzusunda təlimlər keçirilib. CANVAS və “Şərq-Qərb İdarəetmə İnstitutu” adlı QHT-lər vasitəsilə təşkil edilmiş həmin təlimlər USAİD tərəfindən maliyyələşdirilib. Qeyri-adilik ondadır ki, USAID bu tədbiri “xərçəng xəstəliyindən əziyyət çəkənlərə yardım” adı altında keçirib. Məqsəd hüquq-mühafizə orqanlarının diqqətini yayındırmaq, gürcü fəallar üçün “iğtişaşları qızışdırmaq və hökumətin devrilməsinə yönəlmiş təlimlərin” keçirilməsini təmin etmək olub. Təlim iştirakçılarına “zorakı etirazlar, nəqliyyatın hərəkətinin pozulması, hökumət binalarının nəzarətə götürülməsi” ilə bağlı dərslər veriblər.
Bu, Gürcüstanda USAİD-in və digər Qərb donor institutlarının adlarının qarışdığı ilk qalmaqallı hadisə deyil. İndi isə hökumət bu problemi birdəfəlik həll etmək istəyir. “Xarici təsirin şəffaflığı haqqında qanun” qəbul etməklə, ölkəyə daxil olan xarici “yardımların” təyinatını müəyyənləşdirir. “Humanitar yardımlar” adı altında dövlət çevrilişi üçün təlimlər keçirilməsinin qarşısı alır. Amma bu, ABŞ və Qərbə bağlı “təxribat mərkəzləri” üçün əlverişli deyil. Şəffaflaşma onların Gürcüstandakı qeyri-leqal əlaqələrini kəsir, QHT və KİV-lərdən sui-istifadə hallarının qarşısını alır.
Məsələ ondadır ki, Gürcüstan bu qanunu qəbul etməklə, təkcə öz ərazisində xarici təsirləri azaltmır. Həm də onun ərazisindən ötürülərək ümumilkdə Cənubi Qafqaza yönəlik “Qrantları” nəzarətə götürür. Sirr deyil ki, Gürcüstan uzun illər ərzində bu sahədə plasdarm rolunu icra edib. “Qrant” adı altında Qərb mərkəzlərindən bölgəyə gətirilən qanunsuz vəsaitlər Gürcüstanda yerləşdirilib, buradan paylaşdırılıb.
Bu qanunsuz dövriyyəni təşkil etmək üçün qonşu ölkədə tam bir infrastruktur yaradılıb. “Adsız kartlar”la pul çəkməkdən başlamış, qaçaqmal yolu ilə sərhəddən pul keçirilməsinə qədər bütün vasitələrə əl atıblar. AXCP üzvlərinin Gürcüstandan Azərbaycana qanunsuz qrant vəsaitləri daşımasına aid məhkəmə işi bu prosesi bütün detallarına qədər aça bildi. Yaxud, cinayət məsuliyyətinə cəlb edilmiş “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və onlarla birlikdə saxlanılan şəxslərin işi üzrə aparılan istintaq prosesi müəyyən etdi ki, onlar da özlərinin qanunsuz qrant qaçaqmalçılığı əməllərinin bir qismini Gürcüstan üzərindən reallaşdırıblar. ABŞ-nin “İnternews”, USAİD, Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", NESEHNUTİ, "People in Need" təşkilatları, həmçinin, "Beynəlxalq Fakt Yoxla Platforması", “OCCRP” layihələri ilə qeyri-leqal əməkdaşlıq çərçivəsində əldə etdikləri maliyyə vəsaitlərini həm də Gürcüstanın “TBK Group” banklarında açılmış hesablardan götürüblər.
İndi yeni qanunun qəbul edilməsi Gürcüstan hüquq-mühafizə orqanlarına imkan verir ki, bütün bu prosesləri nəzarətə götürə bilsinlər və mübarizə tədbirləri alsınlar. Yəni, qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanunun təsir dalğası Gürcüstan sərhədlərini aşır, Qərbin Cənubi Qafqaz üzrə təxribatçı planlarını pozur.
Prosesin Azərbaycana təsiri
Problem ondadır ki, Qərb siyasi mərkəzlərinin “qrant”, “humanitar aksiya”, “QHT” və “KİV” platformaları üzərindən həyata keçirdiyi təxribatlar təkcə Gürcüstanda baş verməyib. Eyni model ABŞ və Qərbin hədəfində olan bütün regionlarda, o cümlədən, Azərbaycanda tətbiq edilib. Azərbaycanın adına şərəf qatan, ölkəmizə üstünlük qazandıran bütün proseslər indiyədək Qərbə bağlı “QHT-KİV şəbəkələri” tərəfindən hədəfə alınıb, ədalətsiz kampaniyalara məruz qalıb. “Avroviziya Mahnı Müsabiqəsi”ndən başlamış, 44 günlük Vətən müharibəsinə qədər ən müxtəlif məqamlarda həmin təxribatçı şəbəkənin izləri görünüb. Bu azmış kimi, siyasi proseslərə də müdaxilə etməyə, xalqın iradəsini dəyişməyə təşəbbüs göstəriblər.
Nümunə üçün seçki tariximizə nəzər salmaq kifayət edir. ABŞ və Qərb institutları daim Azərbaycanda seçki prosesini diskriditasiya etmək planları qurublar. Yerli aktorlar qismində isə xəyanətkar müxalifətə, onların nəzarətində olan QHT və KİV-lərə istinad ediblər. 2013-cü ildə bütün qüvvələrini səfərbər etsələr də, seçki prosesini poza bilmədilər. Əvəzində təsirlərində olan “jurnalistləri” önə verdilər. Seçkinin yekunlarına həsr edilmiş mətbuat konfransında həmin “jurnalistlər” vasitəsilə “əlbəyaxa döyüş” səhnələri yaratmağa, həmin qondarma fakta əsaslanıb seçkini tənqid etmək üçün bəhanələr qurmağa çalışdılar. Bənzər hərəkətlərini 2024-cü ildə keçirilən seçkilərdə də təkrarlamağa çalışırlar. Qərb institutlarının 2024-cü ilin fevral ayında-Prezident seçkiləri dönəmində törətdikləri təxribatlar gözümüzün qarşısında baş verib. Xədicə İsmayıl, “Üçüncü Respublika Platforması”, “Toplum TV”, “Abzas Media” və digər bu kimi kompanentlərdən təşkil edilmiş Qərb şəbəkəsi bütün güclərini ortaya qoyub, seçki prosesini gözdən salmağa çalışdılar. Seçki prosesini qaralamaq, cəmiyyətdə qarşıdurma yaratmaq, Azərbaycanın imicinə və planlarına zərbə vurmaq istədilər.
Amma Azərbaycan bu şəbəkəni dağıda bildi. “Üçüncü Respublika Platforması, “Toplum TV”, “Abzas Media” şəbəkəsi vasitəsilə qurulmuş təxribatçı oyunları pozdu. Beləliklə, Qərbin planlarına birinci zərbəni vurdu. Paralel olaraq, Prezident seçkilərinin vaxtını dəyişib növbədənkənar seçki keçirməklə Qərbin seçki üzrə hazırladığı planları bir daha pozdu. Qərb institutları 7 fevral seçkiləri zamanı faktiki olaraq hazıqlıqsız yaxalandılar, prosesə müdaxilə edə bilmədilər. Bu da Qərbin planlarına ikinci zərbə oldu.
Qərb mərkəzlərinin təxribatçı əməlləri bitməyib. İndi də COP29 və Milli Məclis seçkiləri ətrafında kampaniyalara hazırlıq gedir. Azərbaycanda qeyri-sabitlik yaratmaq, COP29 və Milli Məclis seçkilərini pozmaq üçün əllərindəki imkanları səfərbər edirlər. Dünən Azərbaycan KİV-ləri bu yöndə yeni bir xəbər yayıdılar. Məlum oldu ki, Avropa İttifaqının Bakıdakı ofisi “radikal müxalifət” partiyalarının təmsilçiləri ilə görüşərək, onların yenidən aktivləşdirilməsi yollarını müzakirə edib. Azərbaycanda yeni təxribatlar törədilməsi üçün planlarını açıqlayıb. Amma Qərb mərkəzlərinin planları bununla yekunlaşmır.
“Həbs edilən diplomat işi” yeni planların üstünü açıb
Gürcüstanda qurulmuş “təxribat infrastrukturu” dağılmaq ərəfəsində olduğu üçün Qərb öz şəbəkələrinin dislokasiya ünvanını yeniləyir. Hazırda Balkan ölkələrində azərbaycanlı gənclərdən ibarət xüsusi təxribat qruplarının hazırlandığı barədə məlumatlar gəlir. Onlara təlimlər keçirilir və müəyyən dövrdən sonra Azərbaycana transfer edilmələri istiqamətində iş aparılır.
Bu xətt başqa bir istiqamətdə də davam etdirilir. Keçmiş diplomatlardan ibarət qrup formalaşdırılır. Qərb ölkələrində PKK və FETO ilə əməkdaşlıq etdiyi təsdiqlənən keçmiş azərbaycanlı diplomat Emin İbrahimov bu yaxınlarda həbs edildi. Onunla bağlı proses “Abzas Media” işinə bənzəyir. Xatırlayırıq ki, “Abzas Media”, Xədicə İsmayıl, “Üçüncü Respublika Platforması”, “Toplum TV” işi də bu cür sadə bir hadisə nəticəsində açılmışdı. “Abzas Media” ətrafında başladılan istintaq işi “Demokratik Təşəbbüslər İnstitutu”na, oradan “Üçüncü Respublika Platforması”na çatmış, daha sonra “Toplum TV”-yə qədər uzanmışdı. Beləliklə, bütöv bir şəbəkənin qanunsuz əməllərini ifşa edilmişdi. “Diplomatın cinayət işi” də müəyyən xəttlərə işıq salıb. Onun çevrəsi, şübhəli əlaqələri üzə çıxıb. Artıq müəyyən olunub ki, XİN-də müxtəlif əlaqələri davam etdirilib. Görünən budur ki, nəticələr uzaqgedən olacaq.
Əldə olunan məlumatların uzlaşdırılmasından belə nəticə çıxır ki, Azərbaycana qarşı geniş miqyaslı hücum planı hazırlanır. Macarıstanda olduğu kimi, Azərbaycanda da hakimiyyətə alternativ qüvvə formalaşdırmağa çalışırlar. Məqsəd sabitliyi pozmaq, ölkədə gərginlik yaratmaq, ictimai fikri mühüm tarixi nailiyyətlərdən, o cümlədən tarixi Zəfərdən yayındırmaq istəyirlər. Məqsəd həm də Azərbaycanı Qərblə Rusiya arasında döyüş meydanına çevirməkdir.
Hazırda Ermənistanın silahlandırılması, revanşist əhval ruhiyyənin alovlandırılması da bu maraqlara xidmət edir. Faktiki olaraq, Ermənistanı blitskriqə hazırlayırlar.
Beləliklə, bir tərəfdən Ermənistan hazırlanır, digər tərəfdən də Azərbaycanda yeni şəbəkə yaratmağa çalışırlar.Ən ciddi problem odur ki ölkə daxilindəki xəyanatkarlar bütün bu planları dəstəkləyirlər.
Amma bu planlar iflasa uğradılır. Çünki, Qərb institutları heç gözləmədikləri bir məqamda yaxanı ələ veriblər.
Qərb tarana gedir
Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsi parlamentə təqdim ediləndə Qərb mərkəzləri prosesi dayandırmaq üçün bütün güclərini tətbiq etdilər. Tbilisi küçələrinə çıxan Qərbyönümlü etirazçılar Qərbdən təkcə informasiya dəstəyi deyil, həm də siyasi güc aldılar. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də açıqlama yayaraq, “Biz Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməsindən dərin narahatlıq keçiririk”, deyərək, mövqelərini açıq şəkildə ifadə etdi ( https://www.rferl.org/a/georgia-us-concern-foreign-agents/32893126.html ). ABŞ-la yanaşı Avropa İttifaqı da bənzər mövqe sərgilədi. İttifaq adından yayılmış bəyanatda vurğulanırdı ki, “xarici agentlər haqqında qanun” qəbul edilərsə, bu, Gürcüstanın Avropa İttifaqına üzvülüyü yönündə aparılan danışıqlara zərbə vuracaq.
Qanun qəbul edildikdən sonra isə real addımlar atdılar. ABŞ Gürcüstan üçün nəzərdə tutulmuş 92 milyon dollarlıq yardım paketini ləğv etdi. Avropa İttifaqı isə Gürcüstanın İttifaqa üzvlük məsələsi üzrə danışıqları dayandırdı. Sanksiyalar tətbiq etməklə, öz iradələrini yeritmək istədilər. Hansı ki, ABŞ və Qərb heç zaman bu qədər açıq tekstlə çıxış etməmişdilər. Təsirlərini həmişə “yerli QHT və KİV-lər” vasitəsilə ifadə etmişdilər. İndi isə açıq tarana gedirlər. Ölüm-dirim müharibəsi aparırmış kimi, səngərlərdən çıxırlar, açıq hücuma keçirlər. Nə üçün bu qədər həyəcanlıdırlar?
Sual mürəkkəb görünsə də, cavabı sadədir. Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunda vurğulamışdı ki, Cənubi Qafqazda tarixi transformasiya, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar zəifləyir, yeni əməkdaşlıq formatları meydana gəlir. Bu tarixi gedişata müdaxilə etmək, prosesi öz maraqlarına uyğun şəkildə dəyişmək istəyən güc mərkəzləri vardır. Regiona yönəlik ekspansiya siyasətini gücləndirən mərkəzlər müxtəlif üsullardan istifadə edərək hadisələrin təbii gedişatını dəyişmək istəyirlər.
Ermənistanda və Gürcüstanda baş verən son proseslər Prezidentin bu fikirlərini bir daha təsdiqləyir və onların aktuallığını göstərir. Qərb məhz belə bir tarixi məqamda, gözləmədiyi halda yaxalanıb. Cənubi Qafqazda 30 il müddətində qurduğu təsir rıçaqları əlindən çıxıb. Ümidləri təkcə Ermənistana qalıb. Vəziyyətdən çıxmaq üçün tarana getmək zərurəti yaranıb.